Bakı küçələrində nə qədər avtomobil var?
Dövlət Statistika Komitəsinin hər il açıqladığı statistikalara görə 2015-ci ildə Bakıda 728.706 avtomobil qeydiyyatdan keçib. 2000-ci ildə açıqlanan ilk statistikalara əsasən Bakıda 145.9 min maşının qeydiyyatdan keçdiyi göstərilir. 15 il ərzində Bakıda avtomobil sayı davamlı olaraq artıb. Bu rəqəmlərə əsasən hal hazırda Bakıda adambaşına 0.31 maşın düşür. Azərbaycan üzrə qeydiyyatdan keçən avtomobillərin sayı isə 1 milyon 322 minə yüksəlib.
Ancaq rəsmi statistikaların Bakının real əhali və avtomobil sayını əks etdirdiyi şübhəlidir. Rəsmi rəqəmlərə əsasən Bakıda qeydiyyatdan keçən vətəndaş sayı 2.2 milyon olsa da, paytaxtda yaşayanların sayı daha çoxdur.
Dünyanın böyük şəhərlərində avtomobil sayı
Bakı ilə müqayisə etdikdə isə, 12 milyon əhalisi olan Moskvada 5.5 milyon avtomobil var. Rusiyanın paytaxtında adambaşına 0.46 maşın düşür. Moskva tıxacda ən çox vaxt keçirilən ikinci şəhərdir.
Tıxacları ilə məşhur İstanbulda isə 3.2 milyon avtomobil qeydiyyatdan keçib. 14.8 milyon əhalisi olan meqapolisdə adambaşına 0.21 maşın var. Ancaq eynən Bakıda olduğu kimi İstanbulda da qeydiyyatda olmayan çox sayda maşın olduğu bilinir.
Dünyada ən çox əhalisi olan ikinci şəhəri New Delhi’də adam başına 0.33 maşın düşür. 21 milyon insanın yaşadığı şəhərdə 7.3 milyon avtomobil var.
Britaniyanın paytaxtı Londonda isə adambaşına 0.29 maşın düşür. Londonda 2.56 milyon avtomobil var. Dünyanın maliyyə mərkəzlərindən biri sayılan Londonda 8.6 milyon insan yaşayır.
İNRİX statistikalarına görə tıxacda ən çox vaxt keçirən şəhərlər
Nəqliyyat sahəsində bütün dünya üzrə araşdırmalar edən İNRİX şirkəti hər il tıxacda ən çox vaxt keçirilən şəhərlərin siyahısını açıqlayır. Yanvarda açıqlanan son siyahıya əsasən Los Angeles sürücüləri tıxacda 104 saat keçirərək siyahının zirvəsindədir. İkinci yerdə Rusiyanın paytaxtı Moskvadır. Moskvalılar tıxacda 91 saat vaxt keçirir.
Mənbə: Pahoo.az