Azərbaycanda yaşayan Norveç vətəndaşı Parvaresh Assadollah Hossein oğlu Bakıda ona məxsus mülkiyyətin qanunsuz şəkildə söküldüyünü iddia edir.
“Qafqazinfo”ya müraciət edən P.Assadollah bildirib ki, Nəsimi rayonunda yerləşən mülkiyyətinin ümumi sahəsi 370 kvadrat metrə yaxındır. O, həmin ünvanda Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında “Dental House” klinikasını işlədib.
Şikayətçinin sözlərinə görə, ötən il özlərini “PİLOT-16” şirkətinin nümayəndələri kimi təqdim edən şəxslər bir neçə dəfə ünvana gələrək ona obyektin söküləcəyini bildiriblər: “Əvvəlcə şirkətin işçiləri, daha sonra Nəsimi Rayon İcra Hakimiyyətindən özünü Ələsgər kimi təqdim edən şəxs gəlib ərazinin söküləcəyini və yerində bina tikiləcəyini dedi. Lakin əmlakın sökülməsi və kompensasiya barədə razılaşma olmadı. 14 may 2021-ci il tarixdə, saat 19:00 radələrində 10-dan çox polis əməkdaşı və 20-yə yaxın fəhlə obyektimə gələrək qanunsuz şəkildə mülkiyyətimə daxil oldular. Fəhlələr obyektimin divarını, şüşələrini sökməyə başladılar. Mən etiraz etdikdə isə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin işçiləri əl-qolumu burub bölməyə apardılar. Bir neçə saat sonra sərbəst buraxıldım. Mülkiyyətimə qayıdanda gördüm ki, çoxdan yerlə-yeksan ediblər.
“PİLOT-16”nın rəhbərliyi öz əməllərinin ifşa olunmaması üçün tikilidə yerləşən bütün kameraları sındırıb, otağımdakı DVR video qeydiyyat yaddaş cihazının kabellərini kəsərək oğurlayıb. Mənə məxsus avadanlıqlar, implant diş üçün lazım olan bahalı materiallar yararsız hala salınıb”.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etsə də, heç bir nəticə olmayıb: “Pozulmuş hüquqlarımın bərpa olunması, polis işçiləri, icra hakimiyyətinin nümayəndələri və “PİLOT-16” şirkəti tərəfindən yol verilmiş özbaşınalıq və qanunsuzluğun qarşısının alınması, günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi, mənə və klinikama dəymiş zərərin ödənilməsini istəyirəm. Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Onlar işi rayon prokurorluğuna göndərdilər. Lakin Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırma heç bir nəticə vermədi. Müstəntiq cinayət işinin başladılmasının rədd edilməsi ilə bağlı qərar çıxardı. Biz həmin qərardan yuxarı instansiyalara müraciət etdik. Amma nə Bakı Şəhər Prokurorluğu, nə də Baş Prokurorluq müraciətimizə baxdı.
Qiymətləndirmə rəyində yazılıb ki, mənə 35 min manat ziyan vurulub. Ortada fakt var, amma cinayət işinin başladılması rədd olunur. Faktiki olaraq DVR cihaz oğurlanıb, əmlaka ziyan dəyib. Biz deyirik bunu kimlər edib, amma prokurorluq faktı diqqətə almır. Bütün müraciətlərimiz cavabsız qalıb. Bəlkə 10 dəfə şikayət etmişik. Bütün aidiyyəti qurumlara yazılıb. Dəfələrlə qəbullarda olunub, xeyri yoxdur. Bu adamlar cəzalandırılmırlar”.
Məsələ ilə bağlı aidiyyəti orqanlara sorğu ünvanladıq. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, müvafiq materiallar polisdə yox, prokurorluqda araşdırılıb: “Parvaresh Assadollahın müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq toplanan materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq deyilib ki, hadisə ilə əlaqədar müvafiq araşdırma aparılıb: “Norveç Krallığı vətəndaşı Parvaresh Assadollah Hossein oğlunun ona məxsus Nəsimi rayonu, C.Məmməduluzadə küçəsi 142a ünvanında yerləşən əmlakın qanunsuz sökülməsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırılan müraciəti üzrə toplanmış material Nəsimi Rayon Prokurorluğu tərəfindən tələb edilərək öyrənilib, müraciətçinin göstərdiyi bütün xüsusatlar üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılıb. Araşdırma nəticəsində Assadollah Parvareshin müraciətində göstərdiyi faktlar öz təsdiqini tapmadığından, qeyd edilən faktlar mülki xarakterli olduğundan Nəsimi Rayon Prokurorluğu tərəfindən 29.09.2021-ci il tarixdə material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməklə müraciət müəllifinə mülki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilib”.
Söküntünün hansı məqsədlə aparılması ilə bağlı “PİLOT-16” MMC ilə də əlaqə saxladıq. Şirkətdən saytımıza bunları dedilər: “Hər hansı açıqlamamız yoxdur. Məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb. Hüquqi qiymət verilib, əlavə heç bir məlumat verə bilməyəcəyik”.
Qeyd edək ki, P. Assadollah hazırda vətəndaşı olduğu Norveç Krallığına qayıdıb.
Amin Nəzərli