Son vaxtlar sığorta şirkətlərinin bəzi minik avtomobillərini, xüsusilə hibrid nəqliyyat vasitələrini səğortalamaqdan imtina etməsi ilə bağlı tez-tez şikayətlər səsləndirilir.
“Qafqazinfo” xəbər verir ki, əsasən taksi fəaliyyətində istifadə edilən bəzi markalı avtomobillər sığorta şirkətləri tərəfindən risk kateqoriyasına daxil edilib.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sığorta şirkətlərinin bu addımının qanunsuz olduğunu bildirib: “Daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problem olmuşdur. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər (deyilənə görə yalnız bir şirkət imtina etmir). Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil. Sığortaçılar əsasən belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər. Çünki belə avtomobilin sahibi qadındırsa, imtina etmirlər, belə ki, qadınların taksi fəaliyyəti ilə məğul olması ehtimalı azdır. Ən maraqlısı odur ki, bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır”.
Ərşad Hüseynov əlavə edib ki, sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var:
“1. Bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir.
2. Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa olaraq pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir.
3. Belə yanaşma ciddi sosial fəsadlar doğurmaqdadır, çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu həm də əhalınin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir.
4. Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir (özü də kameralar vasitəsilə elektron qərarla).
5. Bu yanaşma korrupsiogen mühit yaradır. Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır.
Artıq bir neçə aydır mövcud olan bu problem sığorta nəzarəti qurumu olaraq Mərkəzi Bank tərəfindən həll edilmir. Nəyi və ya kimi gözlədikləri aydın deyil. Hesab edirəm ki, bu boyda qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır”.
Qeyd edək ki, sığorta şirkətləri taksi fəaliyyətində kütləvi istifadə edilən avtomobillərin, xüsusilə hibrid nəqliyyat vasitələrinin sığortalanmamasını bu avtomobillərin təsadüfi insanlar tərəfindən və kortəbii formada idarə edilməsi, tez-tez qəzaların törədilməsi, yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması ilə əlaqələndirirlər. Belə ki, avtomobil markaları (“Toyota Prius”, “Honda İnsight” və sair) üzrə sığorta şirkətlərinin müəyyənləşdirdiyi risk əmsalı yüksəldiyindən kommersiya maraqları nəzərə alınmaqla bu avtomobillərin sığortaya cəlb edilməsindən imtina edilir.
Gündəlik təcrübə də göstərir ki, Bakıda taksi fəaliyyətinin tənzimlənməsində ciddi problemlər və böyük pərakəndəlik var.