Bakıda qeyri-qanuni tikintiyə hazırlıq işləri dayandırıldı

Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsinin sahilində son günlər ərzində aparılmış torpaq planlaşdırma işləri ilə bağlı sosial media və mətbuatda yer almış məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən operativ qaydada araşdırılıb. Müəyyən edilib ki, sözügedən ərazidə hər hansı tikinti niyyəti ilə bağlı komitəyə müraciət daxil olmayıb və həmin sahədə tikintiyə icazə icraatı həyata keçirilmir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, bununla bağlı komitə tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti ilə təcili əlaqə yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazidə aparılan işlərin dayandırılması, texnikanın ərazidən çıxarılması təmin edilib.
Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, həmin ərazi nəzarətə götürülüb və Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə, habelə ətrafda yaşayan sakinlərin mənafelərinə zidd olan hər hansı tikinti işlərinin aparılmasına yol verilməyəcək.
Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır və müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılmasının qadağan olduğunu diqqətə çatdırır.
Share: