Bakıda Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı verilən küçə məlum olub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, BŞİH-nin başçısı Eldar Əzizovun imzaladığı müvafiq sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Kiçik Dəniz küçəsinin adı dəyişdirilərək Süleyman Ələsgərov adı ilə əvəzlənib.
14:48
Bakıdakı küçələrdən birinə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı verilib.
Bununla bağlı Oxu.Az saytına “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev göstəriş verib.
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla əlaqə saxladım. O bildirdi ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib və o, bununla bağlı göstəriş verib. E.Əzizovun əmri ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına bitişik küçəyə babamın adı verilib”, – T.İmanov qeyd edilib.
O, buna görə ölkə başçısına təşəkkürünü bildirib:
“Bu küçəyə S.Ələsgərovun adının verilməsi ailəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, S.Ələsgərov uzun illər məhz həmin akademiyada, o zamanı konservatoriyada dərs deyib, kafedra müdiri olub.
Şuşadan gələrkən 1940-cı ildə Üzeyir bəyin yanına gedib, ona qalmaq üçün auditoriya verib, daha sonra 1948-ci ilə qədər S.Ələsgərov sonradan ailəsi ilə birlikdə o auditoriyada qalıb. S.Ələsgərovun övladlarının üçü də o konservatoriyada oxuyub. Anam, dayılarım orada oxuyub, nənəm orada dərs deyib. Bir sözlə, bizim o ərazi ilə çox böyük yaxınlığımız, sıx əlaqəmiz olub.
İlk növbədə, bu küçəyə babamın adının verilməsinə görə ölkə başçısına təşəkkürümü bildirirəm, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova təşəkkürümü bildirirəm ki, bu işdə çox böyük fəallıq göstərdilər”.
Xatırladaq ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Tahir İmanov babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib.