Gürcülər azadlıqsevər və mübariz xalqdır.
Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Gürcüstanın müstəqillik günü ilə bağlı qeydində yazıb. O bildirib ki, hələ 1907-ci ildə 3 min gürcü beynəlxalq Haaqa Sülh Konfransına imzalı məktub göndərərək, dünyadan Gürcüstanın müstəqilliyinə dəstək istəmişdi:
“Tarixi fürsət yaranan kimi, 100 il əvvəl bugünkü gün gürcü Milli Şurası Gürcüstanın müstəqilliyini elan etdi. 1921-cu il fevralın 16-da XI Qızıl Ordu Sınıq körpüdən sərhədi keçəndə gürcülər asan təslim olmadılar. Əvvəlcə sərhəddə, sonra Tiflis ətrafında rus ordusuna güclü müqavimət göstərildi, bir neçə dəfə əks-hücumlarla geri oturdulan işğalçılar yalnız Bakıdan əlavə qüvvə çağırmaqla məqsədə çatdılar. Sosial-demokrat Jordaniya hökuməti mühacirətə yollanaraq sürgündə Gürcüstan hökuməti yaradıb, son nəfəsinə kimi mübarizəni davam etdirdi. Ölkənin içərisində də mübarizə dayanmadı, 1924-cü ildə sovet hakimiyyətinə qarşı böyük üsyan qalxdı və qan içində boğuldu”.
Politoloqun sözlərinə görə, Gürcüstanda milli şüur, milli özünüdərk, milli identiklik sovet dövründə də itirilməyib:
“Biz uşaq olanda 3 aylıq yay tətilini Gürcüstandakı kəndimizdə keçirirdik və avqustun axırı Tiflisdən məktəbli forması, ayaqqabı alıb Bakıya dönürdük. Yadımdadır, Tiflisə alış-verişə gedəndə atam həmişə gürcü dilini bilən dayımı da bizimlə aparırdı, çünki əksər mağazalarda satıcılar rusca suala cavab vermirdilər və adama tərs-tərs baxırdılar. 1977-ci ildə Moskva SSRİ-nin yeni Konstitusiyasını hazırlayıb, müttəfiq respublikaların konstitusiyalarına da buna uyğun dəyişiklik təklif edərək rus dilini hər yerdə dövlət dili elan etməyə hazırlaşanda gürcülər ayağa qalxdı. Özü də etiraza başlayanlar sıravi insanlar deyildi, ali məktəblərin tələbə və müəllim heyətinin, intellegensiyanın təşəbbüsü ilə kütləvi etiraz aksiyaları keçirilirdi. Öndə gedənlərdən biri də məşhur kinorejissor, SSRİ xalq artisti Rezo Çxeidzenin qızı idi. Nəticədə Gürcüstan KP MK-nın 1-ci katibi Şevardnadze xalqın qarşısına çıxıb Konstitusiyanın müvafiq maddəsini yeni redaktədə elan etdi: Gürcüstan Sovet Sosialist Respublikasının dövlət dili gürcü dilidir”.
Politoloq vurğulayıb ki, 1983-cü ildə baş vermiş məşhur təyyarəqaçırma hadisəsinin iştirakçıları da gürcü elitasının övladları idi:
“1991-ci ildə müstəqilliyin elanından sonrakı faciələri, Rusiyanın yeni işğallarını bilirsiniz. Bu ağır basqılara rəğmən, Gürcüstan avroatlantik inteqrasiya yolundan dönməyib və bu istiqamətdə ciddi uğurlar əldə edib. Bu həftənin əvvəlində baş nazir Kvirikaşvili 100 illiklə əlaqədar ABŞ-a dəvət olunmuşdu. Yüksək səviyyəli səfər oldu, hətta vitse-prezident Pens Kvirikaşvilini evinə dəvət etdi. Həm Pens, həm də Dövlət katibi Pompeo əvvəlki illərlə müqayisədə daha aydın və net şəkildə elan etdilər ki, Gürcüstan NATO-ya üzv olacaq. Maraqlıdır ki, Putin Sankt-Peterburq forumu çərçivəsində xarici mediaya müsahibəsində Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı Qərbə xəbərdarlıq ünvanlayaraq bunu Rusiyanın qırmızı cizgisi elan etdiyi halda, Gürcüstanın adını çəkmədi”.
Politoloq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyündə ən çox maraqlı olan dövlətlərdən biri məhz Azərbaycandır:
“Çünki Gürcüstan Azərbaycanı geosiyasi blokadadan çıxaran və onun Türkiyə ilə, müasir dünya ilə bağlantısını təmin edən çox strateji tranzit məntəqəsidir. Belə bir həyati əhəmiyyətli məntəqənin daimi təhlükəsizlik qarantiyası qazanması o deməkdir ki, bizim bu nəfəsliyimiz daim açıq qalacaq. Digər tərəfdən, kim nə deyirsə desin, NATO-nun azadlıq, təhlükəsizlik və rifah məkanı olması gerçəklikdir. Belə bir məkanla qonşuluğun bizə pozitiv yöndə təsirləri qaçılmazdır”.
Firuzə Vahidqızı