Son günlər Bakıda taksi fəaliyyəti ilə məşğul olan xarici şirkətlərlə, ümumiyyətlə, taksi fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Şikayət və narazılıqlar müxtəlif mövzuları əhatə edir. Taksi xidmətində olan xaotik vəziyyət isə nəinki sərnişin və sürücüləri narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxtda uzun tıxaclara, hətta cinayət hadisələrinə səbəb olur. Şəhər mühiti üçün nəzərdə tutulan “Toyota Prius” markalı avtomobillər isə bu xaotik vəziyyətin bir növ “qurbanına” çevrilib. Xarici şirkətlərin xidmətində olan bu model avtomobillərin adı taksi fəaliyyəti zamanı o qədər qanun pozuntularında hallanıb ki, vətəndaşların öz istifadəsi üçün aldıqları bu avtomobillər paytaxt yollarında ən arzuolunmaz minik vasitəsinə çevrilib.
“Uber”, “Yango”, “Bolt” və digər taksi şirkətləri isə tibbi müayinədən keçmədən, sürücülük vəsiqəsinin olub-olmadığı bəlli olmayan, hətta narkoman şəxslərin ucuz avtomobil alıb internetdən mobil tətbiqlərini endirərək taksi fəaliyyətinə başlamaları üçün hər cür şərait yaradır.
Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan normadan 3-4 dəfə çox avtomobil var ki, bu da şəhərdə tıxaclara səbəb olur. Əslində, taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər. Buna görə də bir çox taksi sürücüsü kartla ödənişdən istifadə edə bilmir, yaxud etmək istəmirlər.
Taksi sürücüləri: “Bizə qəpik-quruş qalır”
Taksi sürücüsü Kənan Məmmədov hazırda paytaxt əhalisinin bir çox qisminin demək olar ki, taksi fəaliyyəti ilə məşğul olduğunu deyir. Onun sözlərinə görə, avtomobilin varsa, rahatlıqla taksi sürücüsü kimi çalışa bilərsən: “Buna səbəb sağlamlıq haqqında arayışın, narkotestin tələb olunmaması və ən əsası onlayn iş sahibi olmaq imkanıdır. Lakin sürücülər istismar edilir. A nöqtəsindən B nöqtəsinə getmək üçün 3-4 manat pul yazılır ki, oradan da sürücüyə qəpik-quruş qalır. Sanki hamı taksi şirkətləri üçün çalışır”.
Uzun müddət taksi sürücüsü kimi çalışmış Səbuhi Mahmudov isə bildirir ki, yeni çıxan taksi şirkətləri onu işini dəyişməyə vadar edib.
“Ödənişləri almaqda çətinlik çəkirdim. Bundan başqa, gediş haqqı üçün şirkətin qoyduğu məbləğ dəyişkən idi. Məsələn, 10 km məsafə üçün 0,50 manat hesablanmalı, bundan sonra isə hesablanan məbləğ aşağı düşməli idi. Amma bir də görürdün bu qayda hansısa sifarişdə tətbiq olunmur. Eyni məntəqədən digər məntəqəyə gedilən yolu bir dəfə bir qiymətə, ikinci dəfə isə ayrı qiymətə hesablayırdı. Bunun necə baş verdiyini də maraqlanmışdım. Öyrəndiyimə görə, sifarişi onlar yerüstü gedilən marşrut ilə deyil, başqa yolla hesablayırdılar. Belə olan halda mənim bir məntəqədən digərinə getdiyim zaman hansı yolu qət etdiyimi, hansı ərazilərdən keçməli olduğumu dəqiq hesablaya bilmirdilər ki, bu da daha sonra etirazıma səbəb oldu. Beləliklə, mən bütün bu məsələlərə görə neçə ildir, fəaliyyət göstərdiyim taksi sahəsindən uzaqlaşdım”, – deyə keçmiş taksi sürücüsü vurğulayıb.
Taksi sürücüsü olmuş Səbuhi Məmmədovun dedikləri ilə razılaşmamaq olmur. Taksi fəaliyyətində sürücünün peşəkarlığı əsas şərtlərdən biridir. Çünki digər ictimai nəqliyyat növləri kimi taksi sürücüləri də insan həyatı üçün cavabdehlik daşıyır.
Taksi sürücülərinin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, mədəniyyətsizliyi, qeyri-etik əməllərə yol verməsi səbəbindən vətəndaşlar ailələrini taksilərə etibar etməkdən çəkinirlər. Nəzarətsizlik səbəbindən taksi sürücülərinin kimliyi ciddi suallar doğurur. Taksi sürücülərinin əksəriyyətinin qeyri-peşəkar olduğu məlumdur. Onların bir çoxu başqa işdə işləyir, sadəcə, işdən sonra, boş vaxtlarında həmin taksi şirkətlərinin tətbiqinə qoşulub, 2-3 saat taksi fəaliyyəti göstərir ki, əlavə qazanc əldə etsin, necə deyərlər, “benzin pulu çıxarsın”. Yəni bu şəxslər taksi sahəsində təsadüfi adamlardır. Belə təsadüfi sürücülərin ucbatından peşəkar taksi sürücüləri də bir çox halda əsas işlindən kənarda qalmalı olur.
Bundan başqa, son vaxtlar hüquq-mühafizə orqanlarının taksi sürücülərinin xanım sərnişinlərə qarşı əxlaqsız əməlləri haqqında yaydığı məlumatlarla tez-tez rastlaşırıq.
Taksi fəaliyyəti ilə bağlı ən çox narazı olanlar sərnişinlərdir
Yuxarıda qeyd olunan taksi şirkətlərinin xidmətindən daim istifadə edən Ayxan Abbasov APA-ya üzləşdiyi problemlər haqqında danışıb. O, taksi sifariş verdikdən sonra sürücünün qiymətlərdən gileylənməsini xoş qarşılamadığını bildirib. Vətəndaşın sözlərinə görə, yolboyu sürücünün aşağı qiymətlərdən danışması tez-tez rastlaşdığı hallardandır: “Bundan başqa, bir də görürsən ki, sürücü sərnişindən icazə almadan siqaret yandırıb çəkməyə başlayır. Bu da başqa bir problemdir. Hələ ödəniş kartla olarsa… Belə olanda isə sürücü sifarişi ləğv etməyi xahiş edir, əksər halda özü ləğv edir. Bəzi hallarda isə sürücü kartla ödənişi nağd ödənişə keçirməyi xahiş edir”.
Ekspert: “Taksilərin fəaliyyətinin tənzimlənməsi üçün vahid nəzarət sisteminin tətbiqi vacibdir”
Sadalanan problemlərlə münasibət bildirən hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xeyli qanun var, amma problem qanunvericiliyin köhnə olmasındadır və yalnız klassik taksi fəaliyyətini tənzimləyə bilir.
“Bu qanun aqreqatorlar, müxtəlif platformalar üzərindən taksi sifarişləri qəbul edən taksilərin fəaliyyətini tənzimləməyə yaramır, ən böyük çatışmazlıq isə odur ki, bu qanunlar 2000-ci illərin əvvəllərində qəbul edilib və burada aqreqatorun fəaliyyəti ilə bağlı heç bir məlumat, həmin taksilərin fəaliyyətinin tənzimlənməsi üçün heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır. Bunun üçün beynəlxalq təcrübə var. Dünyanın hər yerində hüquq ictimai münasibətlərə uyğunlaşdırılır. İctimai münasibətlərin mahiyyətində yeniliklər olan kimi bunu qanunvericilikdə tətbiq edirlər. Amma bizdə bu aqreqatorlar çoxdandır var və pandemiya dövründə də geniş yayıldı. Həmin aqreqatorların adı qanunvericilikdə yoxdur. Belə olan halda onlara necə nəzarət ola bilər?” – deyə Ərşad Hüseynov əlavə edib.
Hüquqşünas məsələnin həlli üçün vahid nəzarət sisteminin tətbiqini vacib sayır. Onun sözlərinə görə, problemi aradan qaldırmaq üçün vahid taksi sistemi deyil, taksilərə nəzarət qurumunun vahid sistemi olmalıdır: “Vahid taksi sistemi nə praktiki, nə hüquqi, nə də nəzəri olaraq mümkündür. Burada söhbət xidmətin vahidliyindən getmir. Vahid nəzarət dövlət adından olmalıdır. Azərbaycanda gömrük, DİN-in vahid nəzarət sistemi var. Məsələn, ABŞ-da nəzarət qurumunun vahid sistemi var ki, tutaq ki, ölkədə 50 şirkət varsa, onların hamısına bir dövlət qurumu nəzarət edir. Həmin qurumun da vahid sistemi var. Ölkədə olan taksi şirkətlərinin həmin sistemə inteqrasiya edir və sistemə daxil olan sürücülərlə bağlı bütün məlumatlar əldə edilə bilir”.
Ərşad Hüseynovun sözlərinə görə, taksilərə vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifadə halları baş verir: “Həmin sürücülər 12-14 saat istismar olunur. Şərtlər belədir ki, onlar normal qazanc əldə etmək üçün bu qədər uzun müddət çalışırlar, bu da təbii ki, sürücü olmaq məntiqinə ziddir. Heç kəs hər gün 12 saat avtomobil idarə edə bilməz”.
Ərşad Hüseynov onu da vurğulayıb ki, taksi fəaliyyəti ilə bağlı paytaxtda baş verən son xoşagəlməz hadisələri hər hansı avtomobil markasının adına bağlamaq düzgün deyil. Burada vacib olan insan faktorudur.
“25% “Uber”in hesabına ödəniş etməlisən”
Taksi sürücülərinin nağdsız ödəniş məsələsinə gəlincə, iqtisadçı ekspert Xalid Kərimli sürücülərin nağd ödənişlərə maraq göstərməsinə səbəb kimi bildirib ki, nağd ödəniş olduğu təqdirdə sürücülər 3,20 manat olan xidmət üçün 4 manat, 4,70 olan xidmət haqqı üçün 5 manat ala bilirlər.
“Nağdsız ödənişdə bu, mümkün deyil. İkincisi gəlin düşünək ki, ödənişlərin hamısı nağd edilir. Hər sifarişin 25%-i proqram təminatı üçün ayrılır. “Uber” əgər “Prius” gətirən hansısa şirkətlə, şəxslə müqavilə bağlayırsa, bu zaman həmin faizin miqdarı artır. Çünki avtomobildən istifadə haqqı da ortaya çıxır və beləliklə, qalan məbləğin həcmi azalır. Yox, əgər şəxsi avtomobilinizlə sürücülük edirsinizsə və ödənişlər nağd olarsa, yenə də “Uber”in hesabına 25% ödəniş etməlisiniz. Kartla olan ödəniş zamanı isə sürücü pulu nağdlaşdıranda daha 2% məbləğində vəsait itirir deyə, buna elə də könüllü yanaşmırlar”, – deyə Xalid Kərimli APA-ya açıqlamasında vurğulayıb.
AYNA: Taksi fəaliyyəti ilə bağlı problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov APA-ya bildirib ki, sadalanan problemlərdən xəbərdardırlar və ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir və böyük narazılıqlara səbəb olur.
“Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən və keyfiyyətsiz xidmətdən, vətəndaşlar isə ümumilikdə taksilərin xaotik və təhlükəli idarə olunmasından, tıxaclar yaratmasından şikayətlənir. Azərbaycanda taksi sayı digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq və tıxaclar müşahidə olunur. İctimai nəqliyyatın hərəkətini ləngidən əsas amil də elə 10 minlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Əgər fərdi nəqliyyat vasitəsi gün ərzində 2 dəfə səfər reallaşdırırsa, taksilərdə bu göstərici dəfələrlə çoxdur. Belə ki, avtobuslar arasında normal halda interval 5-10 dəqiqə təşkil etməlidirsə, yollardakı ləngimələr səbəbindən bu rəqəmlər ciddi şəkildə artır.
Hazırda ölkə ərazisində taksi xidməti göstərən yerli və xarici şirkətlər mövcuddur.
Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir, bu isə “Fərdi məlumatlar haqqında” qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Qeyd edək ki, təxminən 2000-ə yaxın taksi nəqliyyat vasitəsi “Fərqlənmə nişanı”nı alıb. Taksi aqreqatorları vergi orqanına qeydiyyata düşmədən sürücülərlə müqavilə bağlayır. Taksilərin “Fərqlənmə nişanı” almaması üçün şərait yaradılır. Sürücülərlə əmək müqaviləsi imzalanmır.
Ölkə ərazisində taksi xidməti kompleks şəkildə tədqiq olunub, taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Əsas məqsəd vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.
Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi fəaliyyəti müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində fəaliyyət göstərən AYNA-nın “pəncərə”lərinə müraciət etmək mümkündür. Taksi minik avtomobillərinin sürücüləri üçün etik-davranış qaydalarına dair təlimlərin təşkil edilməsi nəzərdə tutulur”, – deyə Tural Orucov vurğulayıb.
Nə etməli?
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, hamı taksi xidmətindən narazıdır. Bu sahədə tam bir xaos hökm sürür. Sürücülük vəsiqəsi olan-olmayan, tibbi müayinədən keçməyən, hətta narkoman şəxslər ucuz avtomobili alıb, taksi şirkətlərinin tətbiqlərini internetdən endirib qoşularaq taksi fəaliyyəti ilə məşğul olur.
Bu səbəbdən də sərnişindaşımada problemlər həll oluna bilmir. Hazırda Bakıda müşahidə olunan tıxacların əsas səbəblərindən birinin məhz taksilərin normadan 3-4 qat artıq olması göstərilir. Məhz bu tıxaclar səbəbindən daha çox sayda marşrut avtobuslarının xəttə buraxılması mümkün olmur. Çünki avtobuslar tıxacda qalır, qrafik üzrə hərəkət edə bilmir.
Sərnişinlər 40 qəpik verib komfortlu avtobuslardan istifadə etmək yerinə, narahat, təhlükəli taksilərdən yararlanmaq məcburiyyətində qalır. Halbuki Bakıda marşrut avtobuslarının hərəkəti üçün bəzi yerlərdə ayrıca avtobus yolları da ayrılıb.
Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin də əksəriyyətinin iştirakçıları taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, əsasən də “Toyota Prius”lardır.
Taksi sahəsində problem artıq çox ciddi xarakter alıb. İctimai tələb var ki, taksi xidməti sahəsində qayda-qanun yaradılmalıdır.
Xatırladaq ki, bir müddət əvvələ qədər yükdaşıma sahəsində də eyni xaos hökm sürürdü. Yüzlərlə şirkət yükdaşıma ilə məşğul olur, kim istəsə, pulla icazə alıb, bu sahəyə qoşulurdu. Bu sahədə nizam-intizam yaradılanda hamı narahat olmağa başlamışdı ki, yükdaşıma ilə məşğul olanlar ciddi problemlərlə üzləşəcək. Lakin yükdaşıma sahəsində qayda-qanun yaradılandan sonra işlər yoluna düşdü, hazırda da eyni maşınlar tam rahat şəkildə yükdaşıma ilə məşğul olur, heç kim də işsiz qalmayıb. Sadəcə, hər şey qayda-qanun çərçivəsində icra olunur. Hətta bəzi yükdaşıma şirkətləri avtomobillərinin sayını belə artırıb.
Eyni qaydada taksi xidməti sahəsində də qayda-qanun yaradılmalıdır. Bakı Nəqliyyat Agentliyi bunu edə bilmədi. BNA ləğv edilərək səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilib. BNA-nın edə bilmədiyini AYNA etməli, taksi xidməti sahəsində qayda-qanun yaratmalıdır. Bakı taksi xaosundan xilas olmalıdır.
İctimaiyyətin də, vətəndaşların da istəyi budur.