Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim,
gecənin gündüzə toxunduğu o al qırmızı sabah,
dil açdı bətnimdə azadlıq,
gileyləndi olanlardan,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy,
enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi.
Daradı o gur,
buruq-buruq saçlarını Həkərinin,
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim.
Düşmən durmadan göydən
mərmilər yağdırdı başımıza,
Yamacdan boylanan gülxətmi də ağladı kəndimizi.
Mən evimizin pəncərəsində
durub səni gözlədim,
Gecənin gündüzə toxunduğu o al qırmızı sabah.
Laçından bəd xəbər gətirdi bizim əmiğolu Abo,
Zəhrimar “Koridor”sözünü ilk dəfə onda eşitdim.
Bir də köçkünlükdə bir özgə mənzilinə sığmayanda,
Dil açdı bətnimdə azadlıq,
gileyləndi olanlardan.
Şuşadan tək xatirə, baş daşlarında şəkillər qaldı,
Son nəfəsdə nənəm dodaq qurudan həsrətlə danışdı:
“Bizləri bir az da elə bu özümüzkülər öldürdü,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir”
Seyd AYNUR