Bakının növbəti hədəfi: Bu düzəlişin ləğvi – Politoloq

Bakının növbəti hədəfi: Bu düzəlişin ləğvi – Politoloq

2020-ci ili 27 ildir işğal altında olan tarixi torpaqlarımızı azad etməyin qüruru ilə yekunlaşdırırıq. 2021-ci ildə isə qarşımızda daha böyük hədəflər olmalıdır. Xüsusilə bütün diplomatik kanallarımızı işə salıb ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin ləğv edilməsinə nail olmalıyıq.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ postsovet dövlətlərində demokratiya və insan haqlarının inkişaf etdirilməsi üçün xüsusi bir qanun (Azadlığın dəstəklənməsi-Freedom Support Act) qəbul etmişdi:

“Bu qanuna görə, Rusiya da daxil olmaqla, digər postsovet dövlətlərinə maliyyə və iqtisadi baxımdan köməklik ediləcəkdi. Ancaq bu qanuna ABŞ hökumətinin ikili standartları və erməni diasporunun ciddi fəaliyyətləri nəticəsində Azərbaycanın Ermənistan və keçmiş Dağlıq Qarabağ bölgəsinə “embarqo tətbiq etməsi və digər təcavüzkar mövqeyi səbəbilə” bu ölkəyə yönəlik xüsusi məhdudiyyət nəzərdə tutan 907-ci düzəliş əlavə edildi.
Təəssüf ki, müstəqilliyin ilk illərində daxili və xarici səbəblərdən Azərbaycan bu məsələnin üzərinə düşə bilmədi. Dövrün zəif iradəli hakimiyyəti də 907-ci düzəlişin ölkə üçün fəsadlarını dərk edə bilmədi. Digər tərəfdən, Azərbaycan və Ermənistan müstəqilliyi eyni şərtlər altında elan etmədi. Misal üçün Azərbaycan müstəqilliyi 20 Yanvar kimi bir qanlı faciə ilə, silahsız, ordusuz, daxili hərc-mərclik, siyasi zəiflik, mərkəzi hakimiyyətə tabe olmayan qruplar fonunda əldə etmişdi. Ermənistan isə əksinə, güclü ordusu, vahid siyasi hakimiyyəti, ən əsası da 200 illik bir lobbi fəaliyyəti və diaspor dəstəyi ilə müstəqillik qazanmışdı.

Erməni lobbisinin uydurma və əsassız faktları ilə ABŞ Azərbaycana yönəlik xüsusi məhdudiyyət nəzərdə tutan 907-ci düzəlişi qəbul etdi.

Bir reallıq da var ki, ABŞ Dövlət Departamentinin rəhbəri Ceyms Baker 1992-ci ilin fevral ayında Azərbaycanı ziyarət etdikdən sonra Konqresdə çıxış edərkən “Dağlıq Qarabağdakı azlığın haqlarının qorunmadığı təqdirdə ABŞ-ın Azərbaycana köməklik etməyəcəyini” bildirmişdi. Halbuki Xocalı soyqırımı haqqında ABŞ Hökumətinin 12 mart 1992-ci ildə keçirdiyi müzakirədə tərəflər sadəcə atəşkəsə əməl etməyə dəvət edilmiş, Azərbaycan vətəndaşlarına qarşı soyqırım törədənlər haqqında bir kəlmə də deyilməmişdi”.

Politoloq qeyd edib ki, Azərbaycan artıq 90-cı illərin zəif dövlət deyil:

“İstənilən halda geridə qoyduğumuz 30 ilə yaxın bir dövr öz sözünü dedi. Bu gün dünyanın tanıdığı qüdrətli, güclü, demokratik, beynəlxalq aləmdə uğurlu və etibarlı tərəfdaş kimi görülən Azərbaycan var. Həmin Azərbaycan ki, 27 il sonra öz torpaqlarını işğaldan azad etdi və bütün etiraz və təzyiqlərə baxmayaraq amalından, yolundan dönmədi.

Bu gün ölkəmiz diplomatik arenada da kifayət qədər nüfuza, gücə sahibdir. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi oldu. Hər nə qədər erməni diasporunun təsiri ilə Azərbaycan qarşısında dayanan Fransa kimi dövlətlər olsa da, rəsmi Bakıya İsrail, Türkiyə Pakistan, Ukrayna, İngiltərə, İtaliya kimi ölkələr dəstək verdi.
Bu mənada, düşünürəm, qarşıdan gələn 2021-ci ildə bu ölkələrin dəstəyi ilə diplomatik nüfuzumuzu işə salıb ABŞ-dan Azərbaycana yönəlik xüsusi məhdudiyyət nəzərdə tutan 907-ci düzəlişi ləğv etməsini istəyə bilərik. Bu gün ABŞ-ın strateji müttəfiqləri olan İngiltərə, İsrail, Türkiyə vasitəsilə buna nail ola bilərik. Şübhəsiz, ABŞ Konqresində erməni diasporunun dəstəyi ilə seçilən konqresmenlər var. Lakin yəhudi diasporunun dəstəyi ilə seçilən konqresmenlər də mövcuddur. Diplomatik nüfuzumuz, ikili münasibətlərimizi işə salsaq, düşünürəm, 2021-ci ildə qeyd etdiyim düzəlişin ləğvinə nail ola bilərik”.

 

 

Share: