Balık- müasir Nefteyuqansk Tümen vilayətində sənaye şəhəri. 1967-ci ildə adı dəyişdirilərək ərazisində çıxarılan neftə görə Nefteyuqansk adlandırılmışdı. Tarixən “qala və saray” mənasını ehtiva edən bir oykonomik termin olan balık kəlməsinə türkcə mənbələrdə “şəhər” anlamında ilk dəfə Orxon abidələrində rastlanır.
Belə ki, Göytürklər İlteriş Kaqanın 680-ci ildə dövləti yenidən təşkilatlandırdığını eşidincə “balıkdakılar dağa çıxmış, dağdakılar da aşağı enmişdi” xəbərini daşa həkk etmişlər. Türkoloq Malov müvafiq şəkildə “balıq begi” sözünün də şəhərin hakimi mənasında işləndiyini qeyd edir. Məşhur tarixçi-filoloq Nikolay Baskakov da balıkçı sözünün “hakim, qubernator” vəzifəsinin adını bildirdiyini göstərirdi. Əski türkcə olan bal~pal (balçıq/palçıq bu sözdəndir) evlərin çamur-topraq, yəni palçıqla tikilməsi ilə bağlı yaranmışdır. Bəzi Çin qaynaqlarında Asiya Hunlarının evlərini əzilib yoğrulmuş torpaqdan tikdiyi göstərilir. Lakin zaman irəlilədikcə, balıq sözü Uyqurların son zamanlarına doğru yerini Soğdicə olan kənd və əsli farsca olan şehir sözünə buraxılaraq unudulmuşdur. Bu mənada da Türk ölkələri tarixi toponimiyası tərkibində əks olunduğu faktlara da sıx-sıx rast gəlinir. Məsələn, Tatarıstanla bağlı Aruk Balık, Simez Balık, Yanqı Balık və s. Sarıtsin (müasir Volqoqrad) şəhərinin bir hissəsi tarixən Xan Balık (Xan şəhəri) – xanın iqamətgahı yerləşdiyindən adlanırdı. Bundan başqa da söz Orxon çayının sol sahilində (müasir MXR-da) xarabalıqları günümüzədək qalan Ordu Balık (840-cı ildə dağıdılmış, tənəzzülə uğramışdı). Bununla yanaşı Uyğur xaqanlığında Beş Balık, Cam Balık adlı şəhərləri vardı. (Pekinin də orta əsrlərdə adı Xan Balık olmuşdur – kimi maraqlı faktlar məsələyə ciddi yanaşmağı tələb edir.Tatarıstanda Balık Bistəse (sonralar şəhərin adı yanlış olaraq, yəni “balık” sözünə birmənalı yanaşmaqla Rıbnoe Slaboda kimi tərcümə edərək dəyişdirilmişdir) və s. Lakin Xan Balıq coğrafi adı barədə ayrıca onu demək mümkündür ki, o, paytaxta və mühüm şəhərlərə verilən ad idi. Dastanlarımızda (“Muqim şah dastanı”) həmin məqamda rast gəlinir.
Başına döndüyüm gül üzlü xoca,
Xocam, bu yol Xan Balığa gedirmi?
Nə gündüzüm gündüz, nə gecəm gecə
Xocam, bu yol Xan Balığa gedirmi?
Dastanın məzmunundan məlum olur ki, Xan Balıq Qəndəhar yolunda bir diyarın adıdır. Yurdumuzun yer adları içərisində rast gəlinən Balik (İsmayıllı r.), Qara Balıq (Tovuz r.) Qəbələ rayonunda Dizaqlı kəndi ərazisində Balıq yeri, Quba rayonu Aydın kənd ərazisində Balıq xaraba kənd yeri və s. nümunələr termin səciyyəli “balık” sözünün Türk dünyasının hər bucağında işlənən aydın, əlverişli söz olduğunu göstərir. Tarixi Oğuz diyarı Ermənistan ərazilərindəki Türk toponimləri içərisində Balık, Balıklı, Quşçu Balık adları da olmuşdur. Özbəkistanda Balıqçı, Türkiyədə Balıkhisar və s. kimi yaşayan faktlara da rast gəlinməkdədir.
Balık şəhəri, indi Nefteyuqanskda məscid
Habelə Balakleyka çayı (şimali Donetskin qolu) və üzərində Balakleya qalası, Saratov vilayətində Balakovo, Kırımda Balaklava kimi digər Balık alnda coğrafi adların varlığı göstərir ki, bu vahidlər qədim türk dillərində “sığınacaq, düşərgə, şəhər, qala” mənasını bildirən balık sözündən yaranmış və bu şəhər adları həmin qədim mənanın təzahürləridir. Müasir dil üçün arxaikləşmiş, lakin əsl Türk adlarının tərkibində öz qədim ilkin mənasını və şəklini saxlamış belə sözlərə nəzərən demək mümkündür ki, bu faktlar dilimizin qədim, hətta yazıya qədərki dövrün bitkin, leksik mənzərəsinin bərpa edilərək öyrənilməsi işində lazımlı mənbələrdir.
Professor Minaxanım Nuriyeva Təkləli
Azərbaycan Dövlət Pedaqoji Universiteti