Aylardır gündəmdə olan İdlib əməliyyatı başladı. Rusiya qırıcıları 2 gün əvvəl İdlibdə uyğur, özbək və qırğız əsilli güclərin mövqelərini bombaladı.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, quru əməliyyatı üçün gözlər sentyabrın 7-də Tehranda keçiriləcək Türkiyə-Rusiya-İran zirvəsinə çevrilib.
Quru əməliyyatının keçirilib-keçirilməyəcəyi, yaxud da əməliyyatın gedişatı zirvədə aparılan danışıqların nəticələrindən asılı olacaq. Türkiyə mediasının yazdığına görə, Ankara əməliyyatın keçirilməsinə maneə ola bilməsə, Azad Suriya Ordusunun da hücumda iştirakını istəyəcək.
“IMP News”un Suriyadakı mənbələrinə görə, ümumilikdə, Ankara İdlib əməliyyatı üçün Moskva və Tehrana üç təklif təqdim edib. Rusiya və İran tərəfinin təklifləri qiymətləndirərək cavab verəcəyi bildirilir. Sentyabrın 7-də Tehranda keçiriləcək zirvədə də bu təkliflər müzakirə olunacaq. Xəbərə görə, sözügedən təkliflər aşağıdakıladır.
1. Azad Suriya Ordusu da İdlib əməliyyatında iştirak etməlidir.
2. Azez sərhədində yerləşən Tel Rıfat və ətrafı İdlibdən ayrılmağı qəbul edən mülayim qrupların yerləşdirilməsi üçün Türkiyənin nəzarətinə verilə bilər.
3. Suriyanın inşasında Türkiyəyə də rol və pay verilsin.
İddiaya görə, əməliyyatda iştirak etməsi tələb olunan Azad Suriya Ordusu gücləri 20-30 min döyüşçüdən ibarətdir. Bu güclərin demək olar ki, hamısının suriyalılardan seçildiyi bildirilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın bəyanatına görə, Suriya mediası hökumətin İdlibə hücum üçün son tarix olaraq sentyabrın 10-nu göstərdiyini yazıb.