“Gimnastlarımız yığmanın liderlərini məşqlərdə görəndə onlara oxşamağa çalışırlar”.
Bunu “Report”a açıqlamasında Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın bədii gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fərədova deyib.
Baş məşqçi Milli Gimnastika Arenasında baş tutan təlim-məşq toplanışını yüksək qiymətləndirib. O, yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkürünü bildirib:
“Zirə Mədəniyyət Mərkəzində bədii gimnastika 2015-ci ildən tədris olunur. Hazırda klubumuzda 50-dən çox gimnast məşq edir. İdmançıların Milli Gimnastika Arenasında təlim-məşqlərə dəvət olunması hamımız üçün qürurvericidir. Bu zalda yığma komandanın liderləri ilə birgə məşq keçmək və onların hazırlıqlarını görmək hər bir kiçik gimnastın arzusudur”.
Nəzirəxanım Fərədova əlavə edib ki, Milli Gimnastika Arenasındakı şərait regionlardan fərqlənir:
“Bura nəinki Azərbaycanda, bütün dünyada tanınmış zaldır. Öz şəraiti ilə digər ölkələrdəki arenalardan üstündür. Hər bir gimnast üçün burada məşq etmək ən böyük arzudur. Məşqlərə çox vaxt ayrılır, yanaşma daha peşəkardır”.
O bildirib ki, yığma üzvləri ilə birgə keçirilən təlim-məşq toplanışlarından sonra gimnastlar yarışlarda daha uğurlu nəticələr göstərirlər:
“Çünki toplanışdan əvvəlki ilə sonrakı səviyyə arasında fərq böyük olur. Hər bir məşq həm idmançılar, həm də məşqçilər üçün böyük təcrübədir”.