Baş nazir müavini Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Baş nazirin müavini Əli Həsənovun Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib və hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müstəqil.Az 

Share: