Baş nazirlərin Azərbaycan-Rusiya regionlararası forumu keçirildi

Bakıda Baş nazirlər Əli Əsədovun və Mixail Mişustinin iştirakı ilə 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Forumda iştirak ediblər.

Forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib. İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.

Baş nazirlər Əli Əsədov və Mixail Mişustin forumun bağlanış mərasimində çıxış ediblər. Əli Əsədov qeyd edib ki, regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Regionlararası əməkdaşlığı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycanın Baş naziri vurğulayıb ki, bu əməkdaşlığa hər iki dövlətdə ali səviyyədə böyük əhəmiyyət verilir. Baş nazir deyib:

“2018-ci ildə Bakıda keçirilmiş IX Forumda Prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri gəlmişkən, Forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb”.

Vurğulanıb ki, 2019-cu ildə Moskvada keçirilmiş X yubiley Forumu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyekonun iştirakı ilə əlamətdar olub. Qeyd edilib ki, regionlararası forum mövcud olduğu illərdə iki ölkənin müxtəlif sahələrinin nümayəndələrinin qarşılıqlı faydalı dialoqu üçün nüfuzlu platformaya çevrilib.

Məmnunluqla bildirilib ki, koronavirus pandemiyası səbəbindən fasilə yaranmış Forumun keçirilməsi məhz bu il, Azərbaycan-Rusiya diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi vaxtda bərpa olunub. Baş nazir Əli Əsədov Azərbaycan ilə Rusiyanın ikitərəfli əlaqələrindən bəhs edərək vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri kəsb edib.

Daha sonra bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir. Qeyd edilib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.

Əminliklə bildirilib ki, Forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni təkan verəcək, qarşılıqlı faydalı tərəfdaşlığın əsas inkişaf vektorlarını müəyyənləşdirməyə kömək edəcək.


Share: