Başçının qəbul otağından reportaj

Hökumət adamı and-aman eləyəndə ki, vətəndaşların qəbul gününə həmişə eyni adamlar gəlirlər, deməyə bəhanə tapmayıb yardımdan-zaddan alıb gedirlər, düzü inanmamışdım. Ötən həftələrdə özüm qəbula getməli oldum. İki gün əvvəldən ha axtardım, qəbul rəsmilərinə ərz etməyə bir problemim olmadığını anladım. Çox baş sındırandan sonra axır ki, ümumi küçəmizdə sıradan bir lampanın yanmadığını xatırladım. Hərçənd digərləri yanır, amma bu əskiklik şəhərimizin yaraşığını pozurdu.

Səhər tezdən durub ünvana yollandım. Nəhəng binanın əsas olmayan qapısında xeyli adam vardı. Son dəfə qəbulda yerli qəzetdə işlədiyim zaman olmuşdum. Kimdən və nədən ötrü getdiyimi xatırlamıram, o zamanın kommunist başçısı demişdi ki, elə edin, bu qızı buralarda görməyim. İndiyə qədər davam edən adətə görə birinci şəxsin sözünə söz gətirmək olmazdı. Əssabələr çaşıb qalıbmış. Yollardan ilk ağla gələni öldürmək deyilsə bəs necə etsinlər? Büronun üzvlərindən biri nəhayət çıxış yolu tapıb ki, ən salamatı başqa rayona ərə verməkdi.

O qatar getdi. Biz indiyə qədər dayanacaqda çaşqın-çaşqın ədalət axtarırıq. “Büroçular” daha böyük iddialarla eyni primitiv beyin sahibləri olaraq yenə həmin kürsülərdə oturublar. Və artan kütlə ilə sovetin atasına rəhmət oxutdururlar. İndi mən söhbəti niyə belə gərginləşdirirəm ki? Hazır gülə-gülə yola vermək var ikən.

***

Şəhərin düz ortasındakı cənnətməkan “ada”nın həftədə yalnız bir gün qara camaata aid olan tinindəki adamların arasında oturdum. Qeydiyyta düşməyə də onlar göndərdilər. Bu işə baxan sütül məmur adımın qabağında qələmi saxlayıb nə üçün gəldiyimi soruşdu. Cim-ciddi qırımından qorxub uzatmadan qısaca “sosial məsələ” dedim.

Qəbuldaşlarımla dərhal ünsüyyətə başladıq. Əlil arabasındakı gəncin gözlərinə baxa bilməyib, yanaşı oturduğumuz solğun sifətli arıq kişidən nə şikayəti olduğunu soruşdum. O da qazi imiş. Məndən yaşca kiçik olmalıydı, amma yaşıd kimi görünürdük. Müharibədən çıxmış canının müalicəyə, əməliyyata ehtiyacı vardı yəqin. Üstəlik torpağını da əlindən alıblarmış ki, onsuz da ailən yoxdu. “Demək olar ki, qəbristanlıqda qalıram”, – dedi. “Yaşayıram” demədi.

Bir ağsaqqal aylardır gəlib bircə dəfə “birinci katib”i görə bilmədiyindən uca səslə gileylənirdi. Kimsə yavaşdan başa saldı ki, birincini görmək üçün ara günlərdə gəlib köməkçiyə müraciət etmək lazımdır. Köməkçiyə xahiş etdirmək üçün başa salanın “hörmətli” bir yaxını var imiş. Telefon alıb-verəndən sonra ağsaqqal sevinə-sevinə çıxıb kəndinə getdi. Məmmədhəsən əmini xatırlayıb kövrəlsəm də, özümü bədbin hisslərə qapdırmamaq üçün gülümsədim. Həm də burda kədərli nə vardı ki? O adam o adama deyəcək, o adam da köməkçiyə. Köməkçi uyğun bir zaman tapıb başçıya. Böyük ehtimalla başçı tədbirlərin və qonaqların az ola biləcəyi günlərin birində o ağsaqqalı qəbul etmək istəyəcək. Qalanını şansa buraxaq. Əsas olan problemin həlli yolunun tapılmasıdır.

 

Pozitiv düşüncələrə daldığım şirin anlardan köməkçinin səsinə ayıldım. Buyur, “sağalacaq xəstənin yanına həkim öz ayağı ilə gələrmiş”, hayıf ki, Məmmədhəsən əmi getmişdi. Yoxsa “dəmiri isti-isti döyərdik”. O arada macal tapıb rəhmətlik atalarımıza da minnətdar oldum. Kişilər maşallah, hər şeyə bir məsəl qoyub gediblər, əlini hara atsan məsəldi. Köməkçi dünyanın ən xoş xəbərini gətirmiş kimi qarşımda durmuşdu. Ortada bir sürpriz vardı, amma nə?

Azca kənara çəkildik. Dedi ki, başçı sizi kameradanmı, pəncərədənmi görüb, narahat olub. Siz bura istədiyiniz vaxtda gələ bilərsiniz axı, niyə məhz bu gün gəlib növbəyə yazılmağınıza məəttəl qalıb. Yuxarıda gözləyir, xahiş edirəm, qalxaq.

 

Ətrafda yalnız buna görə son ümidə köklənib dəfələrlə o binaya üz tutan adamlar vardı. Mənim məqsədim isə altı-üstü bir yazı idi. Mövzu qıtlığından deyil, vətəndaş-məmur münasibətlərinə dopdolu bir göz atmaq üçün oradaydım. Həm də başçının qəbulda olacağı təqdirdə qayıdıb gedəcəkdim. Sadəcə onu deyib gələn əhalinin ikinci mərtəbədən seyr olunma varinatını hesablamamışdım. Olsun, mən yenə əslində bizi qəbul etməyənlərin ümumiləşmiş təmsilçisinin xüsusi dəvətini qəbul etdim. Yuxarıda hər şey o qədər aşkar idi ki, adam kəlməbaşı onun səmimiyyətinə inanmağımı xahiş edirdi. Əksini onsuz da bacarmadığıma görə mən belə ricada bulunmadım. Səmimiyyət deyilən şey məndə anadangəlmədir. Məsələn, xal kimi. Buna görə lovğalanmıram, təəssüflənmirəm də.

 

O gün o kabinetdə yaşananlar hələ bitməmiş ayrı tragikomik mövzudur. Sağlıq olsun. Hər halda mən vətəndaş-məmur layihəmin ilk kövrək uğurunu yaşadım. Evə qayıdarkən Beynəlxalq bankın qarşısında oturub dünyaya kədərlə baxan möhtəşəm bir itin qürur hekayətini isti-isti yazıya köçürərək…

 

Share: