Başımda Qaraçöp havası qalıb.. – İlqar İlkin

lqar İlkin (Bayramalıyev İlqar Bayraməli oğlu) 1972-ci il martın 15-də Qaraçöpün Muğanlı kəndində doğulub. 1979-cu ildə doğulduğu kənd məktəbinin I sinfinə gedib, 1989-cu ildə orta təhsilini Bakıda başa vurub. 1995-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. HazırdaATXƏM – Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzininkoordinatoru və icraçı katibi“Birlik” jurnalının baş redaktorudur, dünyanın bir çox ölkələrində xalqımızı təmsil edir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 1996-ci ildə onun “Halal eylə bu sevgini” adlı şeirlər kitabı çapdan çıxıb.

İlqar İlkin ilk şeirlərini orta məktəb illərində (səksəninci illərin sonunda) yazsa da, öz dəst-xəttini, şair fərdiyyətini formalaşdırmaq 1990-ci illərdə nəsib oub. Həyat, Ölüm, Torpaq, Dostluq haqqında duyğular onun lirikasının daimi mövzularıdır.

İ.İlkin ideyalı, məqsədli şairdir. Onun həyat müşahidəsi güclüdür, ən çox gördüklərinə və duyduqlarına poetik yozum verir. “Əlləri qoynunda bitən ağaclar” şeirində həyatın kədərli tərəfinə üz tutulur. Atası həyətdəki ağacı qurumuş zənn edərək kəsir. Beləcə, ağaclar lal-dinməz əlləri qoynunda ölür. Şeirin sujet xətti bu axar istiqamətində cərəyan edir. Ağacın fikir dairəsində obyekt olması folklor təfəkkürü ilə bağlıdır. “Bu ağac əfsanə, nağıldı, nədi?! Nə dindi-danışdı yarı böləndə” sorğusunda ağac kulturun Türk xalqlarının mifoloji görüşlərində əhəmiyyətli yer tutmasına işarədir. Şeirdə kədərlə yanaşı ağacın bəxtsizliyindən doğan maraqlı bir ümid işartısı var:

Bir ovuc kül oldu, ocaqda yanıb,
Külünü havaya sovurdu yellər.
Bir sabah gördü ki, pöhrələr atıb,
Yerində dikələn təzə pöhrələr-
Əlləri qoynunda bitdi, axır ki…

…Məni bu dünyaya gətirdi anam,
Əlləri qoynunda bitirdi anam…

Göründüyü kimi, “Əlləri qoynunda” ifadəsi ağaca aid edildiyi andan insana aid bəxtsizlik küskünlük kimi xüsusiyyətləri özündən ehtiva edir. Bu o deməkdir ki, insana məxsus sifətlər ağac obrazında madiləşib. Şeir bu misralarla yekunlaşır:

…Məni bu dünyaya gətirdi anam,
Əlləri qoynunda bitirdi anam.

İlk baxışda bu iki misra göydən düşmə kimi görünsə də, əslində bu belə deyil. “Əlləri qoynunda” vəziyyəti hər iki obrazı doğmalaşdırıb. Başqa sözlə, ağacın kədəri ilə ananın kasıb sosial durumu poeziyanın poetik telləri ilə bir-birinə qovuşdurulub. Bu birləşmənin fonunda ağacla insan duyğusuna söykənən yaxınıq tapılıb. Şeirin daşıdığı məna çaları çoxdur. Ağacların əlləri qoynunda ölməsinin qəm-kədərində oxucu çeşidli mətləblərin ötürülməsinin şahidi olur. Ağacların taleyi poetik məzmunca ədəbiyyatımız üçün köhnə olsa da, istedad sayəsində obrazlı fikir yenidir. Heç şübhəsiz, təzə fkir özü ilə bərabər təzə duğular gətitib.

Az sözlə obraz yaratmaq İlqar İlkinin yaradıcılıq texnologiyasının səciyyəvi xüsusiyyətləridir. “Həsrət” şeirində cəfakeş Pəri nənə obrazı yeni poetik düşüncə predmeti kimi təqdim edilir. Uşaq səslərinə nənəmin döşlərinin süd gətirməsi yeni poetik mənaya ötürülür. Dil qatlarına enilərək məna dərinliyi ifadə etmək baxımından şeir uğurlu sənət örnəyidir:

Qonşu evlərdən gələn,
uşaq səslərinə
döşləri süd gətirərdi,
Pəri nənənin.

Sağırdı ovucuna
qısır döşlərini,
süd yerinə
qan dolurdu ovuclarına…

…Gözlərini yumub getdi,
dünyadan doydu gözləri.
Əlləri qaldı
bu dünyada-
Süd kimi ağ əlləri…

Başqa şeirlərində göylər ilahisi Günəş və Ay üçün darıxdığını dilə gətirən İlqar “Bu ay niyə paralandı” şeirində başqa bir ovqatdadır. Söhbət Ayın nə üçün paralanmasından getsə də, bir sıra ictimai-siyasi problemləri özündə ehtiva edir. Lirik şerin axarında yeni məzmun qatı yaradılır:

Yarı ürəyə oxşayır,
Para bədənə oxşayır,
Bir az Vətənə oxşayır,
Bu ay niyə paralandı?!

Şeirin son bəndində folklordan süzülüb gələn əfsanəyə öz poetik nəfəsini qataraq pıçıldayır:

Bir şirincə nağıl idi,
Ha əl uzat, çağır indi…
Göylərə bir oğul idi,
Bu ay niyə paralandı?!

İlqar İlkinin bədii yaradıcılığının bir hissəsini poeziyasına, şəxsiyyətinə hörmət bəslədiyi şairlərin adına bağladığı şeirlər, esselər təşkil edir. “Yağış” şeiri şəhid şair Nizami Aydının xatirəsinə həsr edilib. Şair modernist üslubun imkanları ilə Nizami Aydının şair ruhuna əksiliklərin vəhdətində şerinin mayasına hopdura bilmişdir:

…gecə qaranquş bürkülü.
…ötüb gecələr.
Bir ovuc yağış istərəm,
Bir ovuc yetər.
Ölənlər darınır çölə,
dartılır bayraq ipi.
Siğalan yiğvalsız bulud,
baş daşları daraq dişi…

Şeirdə buluddan, yağışdan poetik səviyyədə söz açılması həm də folklorumuzla bağlıdır. Mətni oxuyanda istər-istəməz qədim bir bayatımızdakı “Burda bir qərib ölmüş, Göy kişnər bulud ağlar” misralarını xatırlasaq da, şair oxucunun diqqətini başqa bir tərəfə – şəhidlərin uyuduğu məkana cəlb edir. Bu məkanda şəhid məzarları daraq dişləri kimi sıx-sıx boy verib. Şair kədərli mənzərənin göylərində süküta dalan buludlara indi yağ (ağla) söyləmir, “siğalan yiğvalsız bulud” sıx baş daşlarında daranmaq üçün – deyir… Əlbəttə, “sıx” sözü burda itkilərin çoxluğuna işarədir. Şeirdə təkcə Nizami Aydın anılmır, neçə-neçə Ülvilər, Kazımoğlular hörmətlə xatırlanır. Bu məqamda şairin sözə həssas yanaşmasını da dilə gətirməliyik. Şeirdə hər söz öz yerindədir. “Yiğvalsız” bədii təyini misrada ustalıqla yerinə qoyulduğundan buludun hal-əhvalını dəqiq təyin edir. Axı bulud üçün göz yaşı tökməkdən, sıx baş daşlarında daranmaq daha ağırdır. Şeirdə orijinalliği ilə seçilən təşbeh və metaforlar da maraqlı poetik nümunələrdir. Diqqətə çatdırdığım poetik yozumun şərhindən sonra istedadlı ədəbiyyatşunas, tənqidçi Zakir Məmmədin aşağıdakı sərrast fikri ilə tam şərikəm. “Mətnin poeziya qatı çoxdursa, onun adı ədəbiyyatdır”.

Bəli, əsas fikrin İlqar İlkinin şeirlərinin ikinci qatında çatdırılması üstün səciyyə daşıyır. O, dünyanın gərdişinə, bugünluk biganəlik və unutqanlığımızdan doğan ağrılarımıza poetik yozum verən şairlərimizdəndir.

“Kazımoğlunun bayrağına sükut” şeirində vaxtsız itkidən doğan kədər dastan kimi publisitika ilə poeziyanın novbələşməsində təqdim edilir. Kədərlə qol-boyun olan lirik “mən” yaxşı ki, ölüm havasına sonadək oynamır. “Balasının yellənmək həvəsi aynaların səssizliyində çat versə də” səbr, dözüm dözüm nümayiş etdirir. “Əl saxladım, əl tutmağa göz qoydum, göz görməyə” – deyən lirik qəhrəman sonda “bütün səssizliyin bağrını yarın” tapşırığını verir. Başlanmış qaynar həyatda:

yenə bir vətən doğuldu
atamın dizləri düşən torpaqda
tutub qalxdı balam yeriməyə.

Bu məsum körpə yarımçıq qalmış ömürlərin davamını yaşamaqçün, bir də “o ağzı süd qoxulu bayrağını Tanrı dərgahında şərəfli və inamlı bir yer” də sancmaq üçün doğulub. Şairin sözünün canı ondan ibarətdir ki, “qoy ölum sevinməsin, hər qaranlıq gecəinin nurlu səhəri, doğan bir Günəşi var…”

Beləcə, İlqar İlkin qəmini şeirlərində göyərdən şairdir. Bu, o deməkdir ki, onun qəmli şeirlərində də bir ümid, işıqlı gələcək var.

İlqarın istedadlı söz adamı Ramiz Röşənə ünvanladığı “Vaxtım olmayıb” şeirində böyük şairin səsinə səs verib:

…Baharda gül tək açmışam,
Payız gəlib saralmışam.
Ağlamağa vaxt tapmışam,
Gülməyə vaxtım olmayıb.

Dərd salmışam ürəyimə,
Gülməmişəm hər gülənlə,
Yoldaş olub bir ölənlə,
Ölməyə vaxtım olmayıb.

Əslində, öz tərcümeyi –halını yazdığı bu şeri şairin öz-özünə hesabatı kimi də anlamaq olar. Fəsillərdə haldan-hala düşən şair öz gün-güzəranını ikinci misrada dəqəq ifadə edib. “Ağlamağa vaxt tapmışam, Gülməyə vaxtım olmayıb”. Dərdi içinə salıb bəsləməklə məşğul olan lirik “mən”in hər gülənlə gülə bilməməsinə artıq şübhə yeri qalmır. Nə yaxşı ki, bir ölənə yoldaş olan şairin ölməyə vaxtı olmayıb. Axı hələ qarşıda görüləcək işlər,deyiləsi sözlər çoxdur..

Yuxarıda qeyd etdiyimiz kimi türk dünyasının əksər bölgərində işgüzar səfərlərdə olub. Hər səfər zamanı içində Qaraçöp havasını gəzdirib. Qürbətdə darıxanlarla da bu hava ilə danışıb. Qaraçöp havası lirik “mən”i bəzən uşaqlıq, yeniyetməlik illərinə aparır. Həmin xatirələrdə çılğın uşaq sevgisinin izləri qalıb. O səbəbə ilhamını hərdən bu hava ütündə kökləyir:

…Sevincim bir ovuc torpağa döndü,
Bu tale məni də beləcə gördü…
O yerdə sevgimin uğursuz ömrü,
Babamın köhnəlmiş yabası qalıb,
Başımda Qaraçöp havası qalıb!

Bu ömrün bir dəfə yazı olmamış,
Bu ömrə neçə yol gələrmiş bu qış.
Mən hələ uçanda – körpə qaranquş,
O yerdə qaranquş yuvası qalıb!..
Başımda Qaraçöp havası qalıb!..

Bu mənim arzumdur-mənim çəkdiyim,
Bir çinar qəribdir – orda əkdiyim.
Axşamlar başına sığal çəkdiyim,
Anamın “Qaragöz” danası qalıb,
Başımda Qaraçöp havası qalıb.

Eldən uzaq düşüb, ancaq Qaraçöp torpağının ətrini duymaq çox çətindir. bunu ancaq İlqar İlkin timsallı, içində yurd havası qalan kəslər duya bilər. Demək olar, Qaraçöp şairlərinin əksəriyyəti doğulduğu bu gözəl məkanın hüsnünə şeirlər yazmışlar. Ancaq şair İlqarın görmə, duyma bucağı başqadır. Onun yurdsevərlik duyğusu babasının köhnəlmiş yabasını, qaranquş yuvasını, anasının “Qaragöz” danasını sevməkdən başlayır. Təbii ki, bunların hamısı lirik “mən”in keçirdiyi hisslərin doğmalığından asılıdır.

Vətəni sevmək imandandır, – deyirlər. Bu, doğrudan da, belədir. Hər yerdə, hər zaman qaraçöplülərin qədir-qiymətini uca tutduğu, onlarla qürür duyduğu, müqəddəs ocaqlarına inam bəslədiyi üçün bir şair, ziyalı olaraq özü də hamı tərəfindən sevilir.

Fərhad XUBANLI,
pedaqogika üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas

Başımda Qaraçöp havası qalıb.. - İlqar İlkin



Share: