26 iyul 2023-cü ildə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “ Azərbaycan kəlağayısı min illərin yadigarı ” kitabının təqdimatı, İsmayıllı rayon İcra Hakimiyəti və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə İsmayıllının Basqal qəsəbəsində ” Basqal Turizm Mərkəzi ” adlı məkanda keçirilib.
Tədbiri giriş sözü ilə açan Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov qonaqları salamlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kəlağayı haqqında yazılan kitabın əhəmiyyətindən, gənc nəsil üçün, xalqımız üçün faydalı olduğundan danışıb.
Sonra sözü “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verdi. O, kitabda işıq üzü görən müəllif yazıları və şeirlərinin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib:
“Kəlağayı haqqında işıq üzü görən yeni kitabımız böyük səs-səda salıb, artıq ikinci cild üçün hazırlıqlara da başlanılıb, bu kəlağayıya olan sevgimizin bariz nümunəsidir. Kəlağayı min illərin yadigarıdır”.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini, aşıq Gözəl Gəlbəcərlinin ”Kəlağayı” mahnısı alqışlarla qarşılandı.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xəlilov, Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, Basqal kənd orta məktəbinin direktoru Yeganə Ağayeva, qəsəbə ağsaqqalı- ziyalı Ağacəfər
Qafarov, kəlağayı üzrə sənətkar Roman Səfərov, kəlağayı ustası Mürşüd Talıbov, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi Binnətova, şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, keçmiş hərbçi Lilpar Qəzənfər, məclisin idarə heyətinin üzvü Tərxanım Museyib, şairlərdən Mərziyyə Sarvan, Turac Hilal çıxış etdilər.
Şair Zülfüqar Həbibi öz çıxışında Güllü Eldar Tomarlını ”
Basqalın fəxri vətəndaşı” elan olunması təşəbbüsünü irəli sürüb, tədbir iştirakçıları tərəfindən bəyənilib.
Təqdimatda yeni işıq üzü görən kitabla yanaşı, eyni zamanda, qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib. Xüsusilə Basqal ustalarından Mürşüd Talıbovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Xan Şuşunskinin şəkillərini əks etdirən əl işləri nümayiş olunub. Mürşüd Talıbov şəhid Xansu Qurbanovun anasına kəlağayı, Güllü Eldar Tomarlıya Dədə Ələsgərin və ”Qarabağ Azərbaycandır” kəlağayıda rəsmlərini təqdim edib.
Kitab Azərbaycanın milli dəyərlərindən olan kəlağayı haqqında klassik ədəbiyyatımızdan müasir ədəbiyyatımızadək dəyərli fikirləri, şeirləri, məqalələri bir araya gətirib.
Tədbirdə çıxış edən görkəmli ziyalılar, söz adamları kəlağayı haqqında kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.
Sonda Basqal şəhidi Rəmzi Siyavuş oğlunun məzarı ziyarət edildi.
Müstəqil.az