Batumiyə axışan ukraynalılar və ruslar…

Hər dənizkənarı şəhər sahil şəhəri sayılmaz.

Sahil şəhərinin səmalarında mütləq qağayılar uçuşmalı, gecələr bəyaz bağırlarında, qanadlarında şəhər işıqları bərq vurmalı…

Dilənçiyə oxşar adamları da dilənməməlidir sahil şəhərinin.

Dəniz yay kimi üstünə dartılanda sığınmağa dağları olmalıdır…

Sahil şəhərinin qızı ilə başqa millətin oğlunun sevgi dastanına abidə ucaldılmalı – 5 dəqiqədən bir öpüşən, iç-içə keçən abidə…

Anarın Vaqif Səmədoğluya müraciətini xatırlayıram:

– Vaqulya, dənizsiz şəhərlər yuxusuz adamlar kimidir.

Ancaq sahil şəhərinə Günəş dənizdən doğmamalıdır, dənizdə batmalıdır.

Günəşini dənizdə batıran şəhərlər romantik olur, Günəşi dənizdə doğan şəhərlər realist.

Batumidəyəm. Qara dənizin xas iqlimi üç gün dalbadal yağış tökür şəhərə, adamlar çətirə qurşanır.

Sarıbaş ukraynalı, rusiyalı qızlar hər addımbaşı qarşına çıxmasa, kimsə Günəşi xatırlamaz.

Hamı od tutub yanan qiymətləri ukraynalıların, rusların şəhərə axışmasına bağlayır.

Köhnə Batumini, köhnə qiymətləri ukraynalılar, ruslar özlərinə bələyib haralarasa, aparır… Gürcülər qazanır.

Mənsə 2007-ci ildə Ağdərədəki kazarmamızı xatırlayıram: may, torpaq oyanır və milyonlarla birə bizim kazarmaya doluşur, gecələr mələfələrimizi götürüb incik ruhlar kimi çöldə dolaşırıq… Sonra hardansa bir bölük təzə əsgər gəlir, onlar bir gün bizim kazarmada qalıb yollarına davam edəcəklər, yorğundurlar və kəskin komandayla birəli kazarmaya doluşurlar… 

Obaşdan qalxıb yola davam edirlər. Biz yuxulu gözlərlə kirli qanadlarımızı – mələfələri üstümüzdən açıb kazarmaya giririk; möcüzə! İçəridə bir dənə də olsun birə yoxdur.

Bayıra çıxırıq, təzə əsgərlər Günəşin doğuşuna tərəf mahnı oxuya-oxuya gedirlər…

Gedirəm, gedirəm, gedirəm ana

Batsam da dumana, qırmızı qana…

Batumidə sahil boyu gəzişən ukraynalılara baxanda içim ağrıyır. Hamısının üzündə bir kədər var. İki bakal pivədən sonra slavyan xoşbəxtliyi ilə yırğalansalar da, bu dənizin digər sahilində bombalanan ölkələrinin işıqlı səmaları gözlərindədir. Hər gecə Batumidə atılan fişənglərə diksinib uzaqlara baxırlar.

Bəlkə də illər sonra iki slavyan liderin döyüşməsini beş əsr əvvəl Şah İsmayıl Xətai və Sultan Səlimin müharibəsi ilə müqayisə edəcəklər. Bəlkə də bu müharibəyə də “Bəngü-badə”dən azca zəif bir əsər həsr olunacaq.

Hələ ki kimsə bu müharibəyə alternativ qiymət vermir: kimi Putini, kimi Zelenskini qınayır.

Qara dəniz sahilində gəzişən rus və ukraynalılarsa, necə də bir-birlərinə oxşayırlar. Bu oxşarlıq anlayan adamların kələyini kəsir.

Anlamayanlarsa, xoşbəxtdirlər.

Bəli, elə adamlar var, onlar elə bilir qəhvəyi şalvara qəhvə dağılanda ləkə qalmır.

Sərdar Amin


Share: