Tural Balabəyli – Yeni şeir
Hər gecə səni düşünüb
səhəri dirigözlü açıram…
Gedişindən sonra
yuxularım da ərşə çəkilib.
Baxışlarımdan yollarına
yollarından mənsizliyə
hüzn tökülüb…
Dözürəm sənsizliyə
və səssizliyə…
Bilirsən niyə?
Mən
səni
ürəyimdən,
ağlımdan
çıxartmamışam.
Görünür sənsizlik və səssizlikdə
yox olmamışam –
nə olsun ki görmürsən…
Bu nə sənsizlik,
bu nə səssizlik…
Düşünmək ölümə bərabərdi…
Gəlmirsən gəlmə…
Görmürsən görmə…
Qoy xəyalın gəlsin…
və mənsizliydə dincəlsin…
Hər tərəf sakitdir –
nə ləpələr küləklərin qabağına düşüb
özünü sahilə aparır,
nə qumlar
ləpələrin ovsununa düşüb
özünü sahildən qoparır…
Necə də səssizlikdir
sənsizlikdir
Bu səssizlik qulağımı batırır…
*****
Sənə məktub yazacam;
bilirəm, yenə oxunulmayacaq
əvvəl ki, yazdıqlarım kimi…
Əvvəl ki,
məktublarımda sənə olan sevgimdən
və
sinəmə çəkdiyin dağlardan yazmışdım,
bilirsən?…
Və həmin dağlarda əkdiyim “həsrət” güllərimdən…
Yazılası çox şey var –
məsələn;
sinəmə çəkdiyin dağlarda
əkdiyim “həsrət” güllər soldu…
bilirsən?
Sənə məktub yazacam;
hər şeydən yazacam –
günəşin batmasından,
ayın çıxmasından,
ulduzların parıldamasından…
daha yazmayacam xatirəmdə qalan saxta,
xoş sözlərindən…
Məsələn, yazmayacam rüzgarı saçına bənzətdiyimdən…
Gözlərini yaşıl alçaya bənzətdiyimi…
Göz yaşlarımı yağışa bənzətdiyimi;
və
o yağışda birlikdə islanmağı
xəyal etdiyimi yazmayacam…
Sənə məktub yazacam;
bu səfər beş-altı cümlə yox,
Dastan yazacam –
əsas odur sənin kimi “nağıl”lar yazmayacam…
Sənə məktub yazacam;
sevdiyim hər şeydən yazacam –
Məsələn, yeməklərdən,
sevə-sevə baxdığım romantik eşq filmlərindən və.s
Amma yazmayacam bir zamanlar
həsrətinin rüzgarında üşüdüyümdən…
Sənə məktub yazacam –
Məsələn;
duymaq istəmədiyin şeylərdən,
sənsiz xoşbəxt olduğumdan,
sənə olan sevgimin bitməsindən…
Amma, bilirsən, yazmayacam
xəyanətindən sonra yıxıldığımı
sənsiz mənə gen olan dünyada
səninlə bir vaxt sıxıldığımı …
Sənə məktub yazacam;
ailə qurmağımdan…
oğlumun dünyaya gəlişindən…
0na atamın adını qoyduğumdan…
Bağışla, oğlum məni çağırır –
… GƏLİRƏM, OĞLUM….