ABŞ prezidenti Cozef Bayden insan haqlarının pozulmasına görə şəxsən Səudiyyə Ərəbistanı kralı Salmanı məsuliyyətə cəlb etmək niyyətindədir. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Bayden kralı şəxsən telefon danışığı zamanı xəbərdar edib. Bildirib ki, Vaşinqtonla Ər-Riyad arasında münasibətlərdə qayda dəyişir.
Qeyd edək ki, Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanı arasında Donald Trampın hakimiyyəti dövründə münasibətlər qarşılıqlı mənfəət üzərində qurulmuşdu. Və Vaşinqton Ər-Riyada insan haqları ilə bağlı irad bildirmirdi, Trampın kürəkəni Cared Kuşner isə vəliəhd şahzadə Məhəmməd bin Salmanla şəxsi dostluq əlaqələrinə malik idi.
Lakin indi Bayden jurnalistlərə açıqlamasında bəyan edib ki, Səudiyyə Ərəbistanı ABŞ-la münasibət saxlamaq istəyirsə insan haqlarına əməl etməlidir. “Kralla danışdım, vəliəhd şahzadə ilə yox. Ona başa saldım ki, qaydalar dəyişir və biz həm bu gün, həm bazar ertəsi əhəmiyyətli dəyişikliklər barədə elan etməyə hazırlaşırıq”,-Bayden bildirib.
Bundan əvvəl ABŞ jurnalist Camal Xaşouginin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda doğranaraq öldürülməsinə görə məsuliyyət daşıyan bir qrup səudiyyəli məmura sanksiya tətbiq edib. Lakin “The New York Times” yazır ki, Bayden şəxsən vəliəhd şahzadəyə qarşı sanksiyaların tətbiq edilməsindən hələlik çəkinib. Müzakirələrdən sonra qərara alınıb ki, vəliəhdin adının sanksiyalar siyahısına daxil edilməsi və ona qarşı cinayət ittihamının irəli sürülməsi Vaşinqtonla Ər-Riyad arasında münasibətləri korlaya bilər.
Bayden bu arada İranı da xəbərdar edib, ona “ehtiyatlı olmağı” tövsiyə edib. Baydenin bu xəbərdarlığı ABŞ aviasiyasının Suriyada fevralın 26-na keçən gecə İrana bağlı qüvvələrin bazalarına raket zərbələri endirməsindən sonra səslənib. “İran ehtiyatlı olmalıdır. Onun hərəkətləri cəzasız qala bilməz. Mən onlara ehtiyatlı davranmağı tövsiyə edirəm”,-Bayden bildirib.
Müstəqil.Az