Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Bu barədə məlumat “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi və qeyri-iş günü sayılırdı. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilir və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.
18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılacaq. Onu da xüsusi vurğulayaq ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kasb edir. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Publika.az-a müsahibəsində 28 May və 18 Oktyabr tarixləri ilə bağlı mövcud dəyişikliyin dövlətin bu tarixlərə diqqət və qayğısından irəli gəldiyini söyləyib.
– Cəbi müəllim, 28 May, yoxsa 18 Oktyabr? Hansı müstəqilliyimizin bərpası günüdür? 28 May tarixini müstəqilliyimizin bərpası günü kimi düşünmək olmazmı?
– Əslinə qalsa, o da müstəqilliyin bərpasıdır. Çünki bizim qədim dövlətçilik tariximiz var. Biz öz dövlət müstəqilliyimizi XX əsrdə iki dəfə bərpa etmişik. Yəni 1918-ci ilə qədər bizim şimal ərazilərimiz Rusiya tərəfindən işğal edilmişdi. 1801-ci ildən başlayaraq 1828-ci ilə qədər gedən işğalçılıq müharibəsi nəticəsində Şimali Azərbaycan torpaqlarındakı dövlətçiliyimiz ləğv olundu. Bütövlükdə bizim çox qədim dövlətçilik tariximiz var idi. Ona görə də hesab edirəm ki, 1918-ci ilin 28 mayı və 1991-ci ilin 18 oktyabrı bizim dövlətçiliyimizin bərpası günüdür. Yəni hər iki tarixdə milli dövlətçiliyimiz bərpa edilib və ona görə də bu cür adlandırılmalıdır. İndi görünür, müəyyən mənada bu iki tarixi bir-birindən fərqləndirmək üçün belə bir variant ortaya çıxıb. Amma bunun heç bir zərəri yoxdur. Hesab edirəm ki, bu tarixlərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 28 May və 18 Oktyabr həm də bayram günü elan ediləcək. Əlbəttə, bu, milli dövlətçiliyimizə, onun tarixinə çox böyük bir hörmətin, diqqətin ümumi nəticəsidir.
– Dünyada bu cür örnəklər varmı? Əslində necə adlandırılmalıdır; müstəqilliyin bərpası günü, istiqlaliyyət günü, yoxsa tamam fərqli formada?
– Hər iki tarix – 1918-ci il mayın 28-i və 1991-ci il oktyabrın 18-i dövlət müstəqilliyinin bərpası günüdür. Bu cür adlandırmaq olar. Eləcə də istiqlaliyyətin bərpası günü kimi adlandırmaq mümkündür. Çar Rusiyasının Şimali Azərbaycan torpaqlarının işğalına qədər dövlətçiliyimiz mövcud olub. Doğrudur, bunlar xanlıqlar şəklində olsa da, onların hər biri ayrıca dövlətlər idi. Onların içərisində yarımmüstəqil dövlətlər də var idi, amma söhbət ondan gedir ki, xanlıqlara qədər Azərbaycan ərazisində Əfşar imperiyası yaranmışdı. Onu idarə edən Əfşarlar da elə Azərbaycan sülaləsi idi. Ondan əvvəl isə müstəqil Azərbaycan Səfəvilər dövləti var idi. Əvvəlcə müstəqil dövlət kimi quruldu, sonradan imperiyaya çevrildi. Daha dərinə getdikcə görürük ki, bizim dövlətçiliyimizin daha zəngin bir tarixi var. Ona görə də hesab edirəm ki, XX əsrin əvvəlində – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də biz istiqlaliyyətimizi, dövlətçiliyimizi, müstəqilliyimizi bərpa etmişik. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, hər iki tariximizi müstəqilliyimizin bərpası günü kimi adlandırmaq lazımdır. Əgər 28 may 1918-ci ildəki tarixi nailiyyətimizi bu cür adlandırmasaq, belə çıxır ki, əvvəlki dövrümüzdən bir növ imtina etmiş oluruq. Buna da qətiyyən yol vermək olmaz. Həmin tarix dövlət müstəqilliyimizin və ya istiqlaliyyətimizin bərpası günüdür. Digər tərəfdən, 1991-ci ildə biz dövlət müstəqilliyimizi bərpa edərkən Konstitusiya qanununda da bu cür yazılmışdı; Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Qanunu. Həmin qanun 18 oktyabrda bu adla qəbul olundu. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən İstiqlal Bəyannaməsi qəbul edildi. Həmin Bəyannamə həm də keçmişdəki dövlətçilik tariximizin bərpası idi. Belə çıxır ki, ona qədər dövlətimiz olmayıb? Olub axı… Ərəb xilafətinin süqutundan sonra yaranan dövlətlər – Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu və Ağqoyunlu dövləti, Şirvanşahlar, mərkəzləşmiş Səfəvilər dövləti -1510-cu ildən sonra bu dövlət imperiyaya çevrilir – Azərbaycan Əfşar imperiyası və xanlıq dövlətləri… Hamısı Azərbaycan sülalələri idi. Bunların hamısı Azərbaycan xalqının yaratdığı dövlətlərdir. Ona görə də həm 28 Mayı, həm də 18 Oktyabrı müstəqilliyimizin bərpası günü kimi qəbul etmək olar.
– Azərbaycan Respublikası həm də Azərbaycan Xalq Cümhuriyyətinin varisidir…
– Təbii ki. 1991-ci ilin 18 oktyabrında qəbul olunanda da yazılıb ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Qəbul etdiyimiz dövlət gerbi, üçrəngli bayraq, ordu günü, Azərbaycan Respublikasının Dövlət Himni və digər məsələlərin hamısı Cümhuriyyət dövründən bu gün bizə əmanət qalan yadigarlardır. Bunların hamısı Cümhuriyyət dönəmində qəbul olunmuşdu. Ona görə də biz AXC-nin həm siyasi, həm də hüquqi varisiyik. Dövlətçilik ənənəsi deyilən bir anlayış var. Əgər Azərbaycan xalqının dövlət yaratmaq mexanizmi, orqanizmi olmasaydı, onun üçün belə bir addımı atmaq o qədər də asan olmayacaqdı. Amma bizim çoxəsirlik və çox güclü milli dövlətçilik ənənələrimiz olduğuna görə, 1918-ci ildə Tiflisdə İstiqlal Bəyannaməsi qəbul edildi. Bu da dövlətçiliyin bərpası idi.
– 44 günlük müharibədən sonra yeni reallıqlar ortaya çıxdı və biz artıq Zəngəzura qayıtmaq haqqında düşünürük. Xalq Cümhuriyyətinin varisi olaraq Zəngəzura və digər ərazilərə sahiblənə bilərikmi?
– Mən bunu dəfələrlə demişəm, Azərbaycan xalqının tam hüququ var ki, 1918-ci il mayın 29-da İrəvan şəhərinin və onun ətrafındakı 9 min kvadratkilometrin güzəştə gedilməsi haqqında qərarı ləğv etsin. Azərbaycan Milli Məclisinin belə bir səlahiyyəti var. Çünki biz Xalq Cümhuriyyətinin varisiyik. O qərar yanlış və siyasi səhv olduğu üçün son nəticədə Azərbaycan xalqı üçün çox böyük faciələrin baş verməsinə səbəb oldu. Həmin torpaqlar ermənilərə güzəştə gediləndən sonra ermənilər və onların himayədarları hüquqi məkan yaratdı. Onlar həmin hüquqi məkandan istifadə edib bizə qarşı cinayət törətdilər. Halbuki, ermənilərə güzəştə gedilən həmin hüquqi məkan beynəlxalq hüquq prinsiplərinə, Avropa legitimlik hüququna zidd olduğuna görə Azərbaycan Respublikasının Milli Məclisinin bilavasitə səlahiyyəti var ki, həmin qərarı ləğv etsin.
– Yenə də referendum məsələsi önə çıxır?
– Bəli, onu da deyim ki, Cümhuriyyət İrəvanı ermənilərə güzəştə gedərkən əhali arasında sorğu və referendum keçirməyib. Ona görə də hüquqi və tarixi nöqteyi-nəzərdən AXC-nin 29 may qərarı doğru deyil. Bu, Azərbaycan xalqının hüququnun pozulmasıdır. Legitim qərar deyil. Digər bir məsələ, 1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal olundu. AXC süquta uğradıldı. 1920-ci ilin mayından 1929-cu il fevralın 18-nə qədər Azərbaycan xalqının hüquqları pozularaq ondan soruşulmadan, referendum keçirilmədən Ermənistan SSR-in tərkibinə 20,8 min kvadratkilometr ərazi verilib. Bu da hüquqi nöqteyi-nəzərdən çox böyük cinayətdir. Ona görə ki, Azərbaycan SSR millilik nöqteyi-nəzərdən Azərbaycan xalqının dövlətçilik quruluşu deyildi. Bu, bolşeviklər tərəfindən tətbiq olunan idarəetmə sistemi idi. Sovet dövlətçilik sistemi heç rusların da milli dövlətçilik sistemi deyil. Buna görə də hüquqi əsas var ki, 1920-29-cu illər ərzində Azərbaycan SSR tərəfindən torpaqların qanunsuz olaraq Ermənistan SSR tərkibinə verilməsi haqqında verilən qərarlar da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ləğv edilsin. Burada Zəngəzur, Göyçə ətrafı torpaqlar var. Milli Məclisin tam səlahiyyəti var ki, ölkədə referendum keçirilsin, həmin qərarların ləğvinə münasibəti öyrənəndən sonra parlament qərar qəbul etsin ki, bu torpaqların ermənilərə verilməsi qeyri-qanunidir. Cümhuriyyətin güzəştə getdiyi, sovet hökuməti tərəfindən sonradan ermənilərə verilən ərazilərdə ermənilər Azərbaycan xalqına, onun tarixinə və mədəniyyətinə qarşı soyqırımı aktı həyata keçiriblər. Bütün bunların hamısı hüquqi əsaslardır. Həm tarixi, həm də hüquqi əsas var ki, bu qərarları ləğv edək. Azərbaycan xalqının Zəngəzura, Göyçəyə, İrəvana tam şəkildə qayıtmaq hüququ var. Çünki Avropanın legitimlik hüququ deyilən bir prinsip mövcuddur. Beynəlxalq hüquq üzrə mütəxəssislər də bunu öyrənsinlər, izahatını versinlər.