Bayraq – qürurumuzdur – Gəmi kapitanı yazır…

Bayraq – qürurumuzdur – Gəmi kapitanı yazır…

Azərbaycanın üçrəngli bayrağının çətin, sınaqlarla dolu həyat yolu olub.

Bütün bu çətinliklərə, sınaqlara baxmayaraq daim onun təəssübünü çəkən, onu ürəkdən sevən, yaddaşlarda qoruyan, onun yolunda canından, qanından keçən vətən fədailəri olub, var və daima da olacaq.
Qədim dövrlərdən başlayaraq bugünədək bayraq ən müqəddəs varlıq hesab olunmuş, onun uğrunda minlərlə igid, qəhrəman oğullar canından keçmiş, bayrağı qoruyub saxlamaq üçün ən son damla qanına qədər vuruşmuşlar.
Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir, çünki bayraq dövlətin əsas atributudur.
Azərbaycan xalqı bütövlükdə dərk edir ki, bayraq bir millət kimi onun siması, şərəfi, qürur mənbəyi, iftixar yeridir.
Azərbaycan xalqının bayrağa sevgisi intəhasızdır.
Bu sevgi öz gücünü Vətən müharibəsində bir daha sübut etdi. Vətənimizin ağır günlərində hər bir azərbaycanlı fərqli bir bayraq sevgisi nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində üç rənglə möhürlənən bayrağımız, hər an qələbə müjdəçisinə çevrilmişdir. Onda hər birimiz bir daha əmin olduq ki, bayraq – elə bizik!
Bayraq bizim mənliyimiz, kimliyimiz, birliyimizdir.
Bayraq- Azərbaycan əsgərinin şərəfli adıdır!
Bayraq -körpələrimizin azad gələcək simvoludur..
Bayraq- işıqlı sabahımız, şərəfli keçmişimdir…
Bayraq-Müstəqil Azərbaycanımızın haqq səsi, qalibiyyət səsidir!
Bayraq mənlikdir, bayraq namusdur, şərəfdir, bayraq dövlətin var olma səbəbidir.
2023-cü il, 15oktyabr tarixində Azərbaycanın üçrəngli bayrağı daha bir möhtəşəm qələbə müjdəçisinə çevrildi.
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və çıxış edərək xatırlatdı ki,bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm.
İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm.
O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında.
Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil.
Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”.
Tarixi keçmişə nəzər salsaq görərik ki, elə bir müharibə, dağıntılar, insan ölümləri və faciələr yoxdur ki, onlar itkilər, qurbanlarla müşayiət olunmasın.
Təəssüflər olsun ki, müharibə itkisiz, azadlıq qurbansız olmur.
Azərbaycanın mərd oğulları vətənimizin azadlığı uğrunda torpağlarımızı düşmən tapdağından xilas etmək üçün canından, qanından keçdilər.
Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi.
Təbii ki, belə oğulların sırasında Azərbaycan dənizçilərinin adları da böyük iftixar və qürur hissi ilə anılır.
Azərbaycanımızın Zəfər səlnaməsində Azərbaycan dənizçilərinin də xüsusi payı vardır.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn Azərbaycan dənizçiləri öz adlarını xalqın tarixi yaddaşına həkk etdilər.
Onlar vətən, dövlət və xalq qarşısında öz borcunu ləyaqətlə, şərəflə yerinə yeririb əsl qəhrəmanlıq məktəbini yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar, şərəfli dənizçi adına sadiq qalaraq burada da ön sıralarda oldular.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın işğal olunmuş əraziləri zabit və əsgərlərimizin xüsusi əzmkarlığı və şücaiəti sayəsində Ermənistan silahlı qüvvələrindən azad edilərək, əsl sahiblərinə qaytarıldı.
Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı dalğalanır.
Bu münasibətlə şəxsən öz adımdan, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan dənizçiləri adından bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Sevinir və fəxr edirik ki, bu gün Azərbaycan bütün dünyada qalib ölkə kimi tanınır.
Bu qələbəni bizə yaşadan və bu gün müqəddəs ruhları bizimlə olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram.
Sonda isə, unudulmaz sairimiz B. Vahabzadənin aşağıdakı misralarına:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim- istinad edərək demək istəyirəm ki,
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!
Üç rəngli bayrağınla məsud yaşa, Xankəndi !
Hörmətlə:
Kapitan Nazim Həbibov.
Share: