El arasında işlədilən bir söz var, “Dığ-dığ”. Bu söz bizim leksikomumuzda əsirlər ötüb gəlsə də, günümüzdə də çox işlənir. Mənası isə, boş-boş danışıb, onun-bunun qeybətini edib, qarasınca deyinmək.
Nazlı və qızı Samirə onun-bunun qeybətini eləməkdə “mahir usta” tituluna yüksəlmiş bir cütlük hesab olunurdular.
Qohum-əqrabanı bir-birinə vurmub, təzə gəlinlərini ərindən ayırıb, doğmaları qarşı-qarşıya qoyub düşmən edən bu “mahir ustaların” tutduğu əməllərin bir gün öz başlarında çatlayacağını bilmirdilər.
Gülzarın 18 yaşı yeni tamam olmuşdu. Təsadüf nəticəsində gələcək həyat yoldaşı Rufanla tanış olur. Tanışlığın ilk günündən bu iki gənc bir-birinə bağlanırlar. Rufan qıza aşiq olduğunu və ailə qurmaq isdiyini ata-anasına bildirir. Amma Gülzar çox utancaq olduğu üçun hisslərini dilinə gətirə bilmir. Qısa sözlə anasına deyir ki, bir oğlanla tanış olmuşam varlı karlı ailədirlər, bəlkə bu yaxınlarda bizə elçiliyə gəldilər.
Gülzar atasız böyüyüb, ata qayğısı görməyib. Həmişə atası olan rəfiqələrinə həsədlə baxıb. Anası beş bacını necə əzab-əziyyətlə böyütdüyünə bir özü şahiddir, bir də onu
Yaradan Allah. Həmişə fikirləşərdi ailə həyatı quranda qaynatama öz atam kimi baxacam. Bəlkə, qayınatamda atamın qoxusunu duyub sevgisini tapa bildim.
Rufanla Gülzarın toyu çox təmtəraqlı keçir. Xoşbəxt keçən bir ilin ardından Yaradan gənc ailəyə bir oğul övladı payı da bəxş edir. Uşağa qaynatasının adını verilər.
Doğurdanda qaynatası ona əsil atalıq nəvazişini göstərir, öz doğma balalarından ayırmırdı.
Nazlı Rufanın atasının ana qohumlarındanıydı. Tez-tez qonaq gələrdi.
O, gəlib gedəndən sonra gəlinlə qaynana arasında soyuqluq yaranardı həmişə. Qönçə xanım əsl xanımlıq etməyə başlayır, əlini ağdan qaraya vurmur, səhərdən axşama kimi ancaq əmrlər verirdi.
Bir işi qurtarmamış başqa işləri etməyini tələb edərdi.
Gülzarı bezdirsə də, dözür, çünki, ona görə birincisi oğlu var, əri onu çox istəyir, qaynatası qızım deyir, xətrini də, çox istəyir. Qaynatası əgər bilsə ki, həyat yoldaşı gəlninin başına oyunlar açır həyat yoldaşının hökmən cəzasını verər, imkan verməz ki, gəlininə qarşı haqsızlıq olunsun.
Gülzarın qayınatası Tahir kişi dəli-dolu adamıydı. Sözü üzə deyər, biraz da söyüşçül adam olmağına rəğmən gəlnin yanında heç zaman ağzından söyüş çıxarmamışdı.
Bir gün Gülzarın qaynansı, qaynatası və yoldaşı rayona toya getməliydi. Gəlini evdə uşaqla tək qoymasınlar deyə gətirirlər qohumları Nazlıgilə:
– Ay Nazlı, qoy gəlinim iki gün sizdə qalsın, rayondan qayıdanda birinci sizə gələrik, burdan bir yerdə evimizə.gedərik.
– Nazlı deyir:
– Ay qohum, nə yaxşı oldu, qızım bu gün uşaqlarıynan gələcəklər, elə bir yerdə söhbət edib darıxmazlar.
İki cavan gəlinin də söhbəti nə olar? İlk sual Samirədən gəlir:
– Ay qız, Yoldaşın səni çox istəyirmi?
– Gülzar suala cavab verməmiş Samirə sualını vergüllə əvəzləyir:
– Birlirsən, subay olanda məni Rufana almaq istəyirdilər.
Gülzar təəccübə:
– Doğrumu deyirsən Bəs nə oldu, niyə almadılar?
– Nə bilim, mən özüm bəyənmədim.Yaxşı ki, bəyənməmişəm. Gör necə oğlanla evləndim, uca boy, yaraşıqlı.
-Sən niyə elə deyirsən Rufan da ucaboylu, yaraşıqlı oğlandı. Deməli qismət beləymiş..
Gülzarın belə deməyi Samirənin xətrinə dəyir, sifətini tutşudur. Öz-özünə deyir ki, ,bax gör sənin başına nə oyunlar açacağam. Əgər sən onunla bir olsan haa, mən adımı dəyişərəm.
Tahir rayondan qayıdanda gəlinlə nəvəsini götürüb evlərinə dönürlər. Onlar gedəndən sora Samirə ağlamağa başlayır. Anası soruşur:
– Ay qızım, niyə ağlayırsan, nə olub?
– Ay ana, necə ağlamayım? Bilirsən
Gülzar mənə deyir?
– Nə deyir?
– Deyir eşitmişəm Rufana almaq istəyiblər səni O da, səni bəyənməyib məni bəyənib. Yəni, o məndən gözəldir? Mənə açıq-aşkar deyir ki, sən qarabənizsən, mənim kimi göyçək qızı qoyub səni almayacaqdı ki.
Bu sözlər Nazlını ox kimi dəlib keçir. Bir həftədən sora Qönçə Nazlıgilə qonaq gələndə hiss edir ki, onu yaxşı qarşılamadılar. Nazlı qaşqabağını töküb, qaşlarını çatıb, soyuq danışır. Elə bil əvvəlki insan deyil. Dözməyib soruşur:
– Ay Nazlı, nə olub sənə, məni heç adam yerinə qoymursan?
– Niyə də qoymalıyam ki? Gəlinin qızıma deyib ki, sən demisən mən o vaxt toy gecəsində Kərəmə qoşulub qaçmışam.
– Ay qız, nə toy gecəsi? Gör neçə illər keçib. Heç yadımda deyil, unutmuşam .
Sən indi deyirsən mən xatırlayıram. Belə söz deməmişəm gəlinə. Görən kim danışıb bunları ona? Kim dediyini öyrənib sənə deyəcəm. Sonra da onu, iti qovan kimi qovacam, o anasnın kasıb daxmasına.
Qoy gedib əvvəlki kasıbçılığını etsinlər.
Görsün, yağ-bal içində yaşayıb, sonra da qudurmağın axırı necə olur.
Qönçə evə qayıdan kimi dönüb oldu şirçə. Qızın üstünə necə şir kimi şığıdısa, az qaldı tutub parçalasın.
– Sən qudurmusan?
Haçan mən sənə demişəm ki, Kərəm Nazlını toy gecəsi qaçırıb? Kim deyib sənə bunları? Tez ol, adını ver o insanın.
Gülzar yerindəcə donub qalmışdı. Heç bilmirdi ki, söhbət kimdən gedir, kim deyib nə, deyib heç anlamırdı.
– Ay Qönçə mama, bu nə sözdü? Mən kimə nə demişəm?
– Özünü artistliyə qoyma. Sən demisən Samirəyə.
– Vallah, o qızla belə söz-söhbətlər etməmişik.
Ordan-burdan özümüzə aid söhbətlər etmişik.
Bir də, dediyiniz bu söhbəti siz mənə deməmisiniz axı.
– Bəlkə, əsəbləşib-eləyəndə demişəm. Sən də aparıb onların ovcuna qoyub, məni biabır etmisən.
Söhbətin bu yerində Rufan işdən gəlir. Anası düşür onun üstünə.
-Bax belədi də, tanımadığımız birini gətirdin mənim evimə, biz deyəni almadın. Axırı da belə olmalıydı.
– Nə olub, ay ana? Məni başa sal görüm niyə qırırsınız bir-birinizi?
– Hə, belə olub,-deyib eşitdiklərini bir-bir danışır oğluna. Rufan eşitdiklərindən bərk əsəbləşib anasını haqlı görür. Bunu görən Gülüzar:
-Mən bir dəqiqə də bu evdə qala bilmərəm daha. Siz özünüzə uyğun gəlin taparsınız, – deyib oğlunu da götürüb evdən çıxıb gəlir anasıgilə. Olanların hamısını danışır. Anası qızını sakitləşdirmək üçün deyir:
– Ay bala, hər evdə söz-söhbət olur. Bir-iki gün keçsin barışarsınız, gəlib apararlar.
Bir neçə gündən sonra qaynanası zəng edir və deyir:
– Ərizə vermişik məhkəməyə, səni boşayırıq. Heç uşaq da bizə lazım deyil.
Oğlumu yenidən evləndirəcəm. O, uşağın beşi olacaq.
Məhkəmə prosesi uzun çəkmir. Hər ikisinin razılığı ilə bu gənc ailənin nigahına xitam verir.
Aradan bir-iki ay keçir. Ancaq Rufan Gülzara göz verib, işığ vermir. Hər gün kəsdirir qapılarını, təhdid edir. Gülzarın anası məcbur qalaraq polisə müraciət edir:
– Ay balam, bu oğlan qoymur qızımı öz həyatını yaşasın, bir-iki dəfə bıçaq çıxarıb üstünə ki, başını kəsəcəm. Bilmirik nə istəyir, day boşanmısan, öz xoşunla əl çək də qızdan.
Polislər ərzənin mübadilində Rufanı nəzarət altına alırlar. Bunu eşidən ata-anası və bir də Nazlı əriylə polis şöbəsinə gəlirlər. Polis kabinetində belə Güzara hədə-qorxu gəlirlər ki, ərizəni geri götür. Əgər götürməsən sənin başına olmazın oyunları açacağıq. İş üzrə araşdırma aparan polis məmuru kənardan bunların təhdidini görüb Gülzara müraciət edir:
– Mən görürəm ki, oğlanın ata-anası səni təhdid edir. Əgər istəyirsə onlardan da, şikayətçi ola bilərsən.
Gülzar deyir:
– Yox, mən onlardan şikayətçi ola bilmərəm, çünki, üç il onların çörəyini kəsmişəm. O çörək mənim gözlərimj tutar. Qoy Rufan izahat versin ki, bir daha qarşıma çıxmayacaq,o zaman onun haqqında yazdığım ərizəni geri götürməyə hazıram.
Bu sözləri deyib polis binasından həyətə çıxır.
Rufanın qohumları, ata-anası da həyətə çıxır. Samirəni görəndə ailəsinin dağılmasına vəsilə olan böhtan yadına düşür. Üzünü çevirib Nazlıya deyir:
-O vaxtı mənə şər atdınız, dediniz ki, sizin çoxları bilmədiyi sirrinizi mən qızınıza demişəm. Birincisi mən bilmədiyim sirri necə deyə bilərdim? Məni isti ocağımdan etdiniz. Mən atasız böyümüşəm, ata nəvazişi görməmişəm.
Amma, o evdə ata nəvazişi görürdüm, özümü xoşbəxt hiss edirdim. Siz öz yalanınızla mənim ocağımı dağıtdınız, yenidən atasız qaldım. Bu Məhərrəmlik ayında Allaha yalvarıram. Əgər mən o sözü demişəmsə, qoy gələn Məhərrəmlik ayına çıxmayım. Yox, sənin qızın yalandan mənə şər atıbsa, qoy o da atasız qalsın mənim kimi, ürəyi parçalansın.
Rufanın izahatından sonra Gülüzar dediyi kimi də etdi. Şikayət ərizəsini geri götürüb anası ilə birlikdə öz evinə döndü. Aradan keçən bir neçə ay ərzində Rufan da Gülüzarı narahat etmədi. Ancaq….
Samirənin atasının başında tez-tez yaranan ağrılar, sancmalar nəticəsində həkimə müraciət etdi. Aparılan analizlərin cavabında məlum oldu ki, şiş əmələ gəlib, özü də olduqca böyük ölçüdə. Bir ay ağrı-acı içində qıvrıldıqdan sonra həyatını itirdi. Kişinin qırxı çıxmamış Nazlıyla Samirə Qönçəgilə gəldilər. Qaşqabaqları yernən gedirdi. Qönçə soruşur:
– Siz sözlü adama oxşayırsınız?
– Hə, bizə Gülzarın ünvanını de.
– Niyə?
– Yadındadı polis idarəsinin həyətində bizə bəddua elədi? Ona görə də ərim öldü
– Hə, yadımdadı. Ancaq, o, dedi ki, kim yalan deyib…
Sözünün ardını gətirə bilmədi Qönçə. Barmağını dişlədi. Daxilən özü-özünü qınadı. Vay-vay, bunlar mənə yalandan deyib, gəlnimi şərləyiblər. Otaqdan çıxıb tez ərinə zəng elədi. Gülüzar etdiyi bədduanı xatırlatdı. Tahir kişi ağzını açıb, gözünü yumdu. Nazlıya dişinin dibindən çıxanı deyib, qətiyyətli şəkildə:
– Tez qov mənim evimdən, yoxsa gəlib baltalayacam onları.
Telefonun səsi Gülüzarı oyatdı:
– Alo.
Dəstəyin digər tərəfində Qönçənin peşmalığın əli ilə boğulan boğazından çıxan xırıltılı səsi eşidildi:
– Gülüzar, qızım, keç günahımdan. Sənə atılan böhtanı həqiqət sandım. Böyük bir səhv etdim və öz səhvimi gec anladım. Məni bağışla, dön evinə.
Gülüzar mışıl-mışıl yatan övladının üzünə baxıb dərindən köks ötürdü:
– Bir dəfə səhv edən, yenə edəcək. Bağışlamaq Allaha məxsusdur. O, səni bağışlayırsa mən kiməm ki, bağışlamayam. Ancaq dönməyə gəlincə, sənin etdiyin səhvi mən təkrarlamayacam.
Telefonun məşğul düyməsinin səsi qış çovğununu xatırladırdı…