Belə çıxır ki, dövlət bizi izləyib, dronla vuracaqmış…

Belə çıxır ki, dövlət bizi izləyib, dronla vuracaqmış…

Müstəqil.Az “Yeni Müsavat’’ Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlunun Bakıpost.az-a müsahibəsini təqdim edir:

– Əvvəla, sizi həm peşə bayramınız, həm də doğum gününüz münasibətilə təbrik edirəm. 55 yaşınız olur. İstər ictimai şəxs, istər siyasi fiqur, istərsə də media kapitanı olaraq geriyə baxmaq fürsətiniz olurmu və özünüzlə hesablaşa bilirsinizmi?

– Təbrik üçün təşəkkürlər. Mən də sizi və sizin timsalınızda mediamızda olan xanım jurnalistləri təbrik edirəm. Geriyə – keçilmiş yola baxıram, əlbəttə ki! Terbaytlarla, hətta petabaytlarla, hətta zettabaytlarla informasiyalar zehnimdə, yaddaşımda… Adına xatirə desək də, keçmiş desək də, əgər bizimlədirsə, zehnimizdədirsə və keçilmiş yolun bundan sonrasını getməyi təmin edən amillərdən biridirsə, demək ki, əslində heç nə keçmir, heç nə arxada qalmır. Yəni biz “geriyə’’ dediyimiz istiqamət əslində bizim içimizə baxışdı, daşıdığımız informasiya yükünü təftişdi…İnsanın özü ilə hesablaşması qədər çətin bir məsələ isə yoxdur…Özünə hesabat qədər də özü ilə hesablaşma çətindir. Zaman sənin yaşını artırdıqca, sən bu gerçəyi daha çox dərk edirsən. İnsan özü üçün dünyadakı ən çətin, lakin dözülən adama çevrilir…

– Həyatınız boyu cavab tapa bilmədiyiniz sual nədir?

– Nəyə cavab tapdıq ki… Yaşadıqca, yaşlandıqca və daha çox məlumatlandıqca cavabsız suallar artdıqca artır…

– Günlərdir medianın və sosial şəbəkələrin gündəmindən düşməyən jurnalistlərin telefonlarının izlənməsi məsələsinə toxunmaq istəyirəm. Çünki sözügedən siyahıda sizin və daha iki əməkdaşınızın da adları yer alıb. Hamı üçün açıq qalan bir sual var. Sizi niyə izləsinlər? Ümumiyyətlə, bu məlumatın doğruluq payı nə qədərdir?

– Bizi niyə izləsinlər ki! Özü də antiterror təyinatlı bahalı bir proqramla… Məncə, OCCRP-in azərbaycandilli əməkdaşı bizimlə və zəkamızla məzələnib. Mən bilən, Azərbaycan bu proqramı İsraildən ərazisindəki erməni separatçılarının, terrorçuların telefonlarını izləmək üçün alıb. Bu məlumat qeyri-rəsmi, amma mötəbər kanallardan alınıb. Xatırlayırsınızsa, 44 günlük Vətən Müharibəsi dönəmində Qarabağın dağlıq bölgəsində özlərinə qanunsuz və cinayətkar rejim qurmuş erməni liderlərin hərəkət etdikləri maşınlar bizim dronlar tərəfindən asanlıqla təsbit edilir və vurulurdu. Qondarma “dqr”in “müdafiə naziri” adlandırılan Cəlal Arutyunyanın, xuntanın başında dayanan cani Araik Arutyunyanın maşınları bizim “Bayraqdar’’lar, bəzənsə İsrail istehsallı “Harop”lar’ tərəfindən havadan izləndi və vuruldu. Bütün bu proses isə video-lentə alınaraq yayıldı. O zaman Ermənistan və separatçı rejimin mediası, ekspertlər heyrət içində idilər ki, Azərbaycan Ordusu bu terrorçubaşıları necə təsbit edir və səhvsiz vurur? Bir-birlərini suçlayır və daxildə satqın axtarırdılar. Elə bir vəziyyət yaranmışdı ki, erməni terrorçularının, silahlı dəstələrinin yüksək komandir heyəti bunkerdən çıxa bilmirdi, günlərlə mövqelərə baş çəkmək imkanları yox idi. Çıxan kimi bizim dronlar onları dərhal təsbit edir və vururdu! Bax, o yayılan donqili – saxta siyahının başında terrorçu Araikin adı var! Bütün separatçı-terrorçuların telefonlarının nömrələri var! Sadəcə, kimlərsə, İsrailin Azərbaycanla artan sıx əməkdaşlığını qısqanır və qlobal bir prosesdə ölkəmizə aid fraqmenti saxtalaşdırır. Azərbaycan dövləti bu proqramla Raufu, Zamini, Azəri, Eynullanı, Mir Şahini, Aynuru… deyil, ərazisindəki terrorçuları və onların liderlərinin telefonlarını izləyib. Bu proqramın əsas mahiyyəti əslində telefonlar vasitəsi ilə geo-lokasiyanı dəqiqləşdirməkdir. Həmin informasiya bəlli olan kimi də, tellefonu daşıyan hədəf dronlarla məhv edilir. İndi belə çıxır ki, dövlətim mənim və daha 70 həmkarımın telefonlarımızı izləyib, bizləri dronla vuracaqmış…

– Hər il başıbəlalı “Jurnalistlər binası” ətrafında müxtəlif intiriqa xarakterli müzakirələr açılır. Millət vəkili Etibar Əliyev də bu ənənədən geri qalmadı. Bu il bombasını partlatdı. Xüsusilə ictimai fiqurların jurnalistlərə olan bu aqressiyasının təməlində yatan əsas səbəb nədir?

– Etibar bəy ağıllı, savadlı bir ziyalımızdır. Mətbuatla da hər zaman uğurla və ustalıqla əməkdaşlıq edib. İndi niyə belə davrandığını mən də anlamıram. Jurnalistin qələminə və qəlbinə toxunmaq olmaz. Bunu edən hər kəs enində-sonunda peşman olur…

– Yeni gündəm olan mövzulardan biri də Allahşükür Paşazadənin İrana etdiyi jestdir. Onun “Qarabağ İranın ali dini liderinin müvafiq fətvasından sonra azad edildi’’ deməsi sosial şəbəkələrdə sərt tənqid olunur. Sizin bu məsələdə mövqeyiniz nədir. Sizcə bu jestdir, siyasətdir, yoxsa səhvdir?

– Məncə bu, iki qonşu dövlətin yaxınlaşma prosesinə hörmətli Şeyximizin töhfə vermə təşəbbüsüdür. O, İranla Azərbaycanın daha da yaxınlaşması xəttinin tərəfdarlarındandır və mən bu taktikanı məhz indiki halda düzgün sayıram. Sadəcə, Şeyx həzrətləri “barıt’’ını bir az çox edib. Qarabağı Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusu, ordu kimi səfərbər olan Azərbaycan xalqı azad edib! Öz içindən ən yaxşıları Şəhid verməklə! Bu prosesdə dost dövlətlərin də bizə mənəvi-siyasi dəstəyi olub. İranın ruhani elitası da operativ bəyanatlarla birmənalı olaraq, Azərbaycanın yanında olublar. O cümlədən də Azərbaycan kökənli Ayətullah Xamenei müharibə günlərində öz fitvasını yeniləməklə, inanclı soydaşlarımıza bir mesaj vermiş oldu, onlara şifrəli cihad çağırışı gəldi. Şeyx yəqin bunu deyir. İkinci Qarabağ müharibəsində çoxsaylı inanclı övladlarımız Şəhid və Qazi oldular. Prosesdə görünməyən, bizə bəlli olmayan məqamlar da yox deyildir. Üstəlik, hazırda müharibə sonrası dövrdür və bütün cəhdlərimiz regiondakı ölkələrlə, xüsusi ilə qonşularımız Rusiya və İranla münasibətlərimizi sağlamlaşdırmağa, onları tərəfimizə çəkməyə, Ermənistanı təkləməyə yönəlməlidir. İranın Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəkləri barədə çox şeylər bilirəm. (Bütün bunları iş başında olan, İranın idarəsində önəmli mövqelərə sahib olan Azərbaycan kökənli məmurlara, ruhanilərə borcluyuq…) Lakin o məlumatların bir çoxu dövlət sirri kateqoriyasına aiddir və açıqlamam doğru deyildir. Yeri gəlmişkən, İranın Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana verdiyi dəstəklər barədə Elçibəy iqtidarının Baş naziri olmuş Pənah Hüseyn, onun müavini olmuş Əsgər Məmmədov, İrandakı səfirimiz Nəsib Nəsibli daha geniş məlumatlara malikdirlər. Mənim də bilgilərimin bir çoxu o şəxslərə dayanır. Bu barədə jurnalistlər onlardan da soruşa bilərlər.

– Ölkənin və xalqın gündəmindəki mühüm məsələlərdən biri də gənclərin narkotik vasitələrə olan aludəçiliyinin geniş vüsət almasıdır. Narkotik vasitələr satan bəzi dəstələrin həbsi baş tutdu. Amma heç kim hələki o narkotik vasitələrin Azərbaycana necə keçməsi ilə bağlı suala cavab vermir. Necə olur, xaricdən ölkəyə ikidən artıq köynək keçirmək mümkün olmadığı halda bu qədər zəhərli maddə keçirilir?

– Doğru suallardır. Lakin bu sualları dünyadakı bütün dövlətlərin jurnalistləri, ictimaiyyət nümayəndələri verməkdədirlər. Daha çox da ABŞ jurnalistləri və ictimaiyyətçiləri… Yəni bu narkotrafik elə bir fəaliyyət növüdür ki, onu ölkəyə köynək gətirənlərlə müqayisə etməzlər. NETFLİX platformasında bu mövzuya həsr olunmuş onlarla film var. Bu sualı verənlərin həmin filmlərə – bir çoxu da sənədlidir, bədii deyil – baxmalarını tövsiyyə edərdim. Narkobaronlar öz ölkələrinin və Amerika materikinin gündəmini necə dəyişir, necə qlobal siyasi proseslər, qətllər planlaşdırır, o zəhərli uyuşdurucunu ABŞ və Avropaya necə keçirdirlər. Şeytanın belə ağlına gəlməyən metodlar, fəndlər…

– Bu gün cəmiyyətdə sizi daha çox narahat edən, yuxunuzu qaçıran məqamlar hansılardır?

– Biri elə öncə verdiyiniz sualdakı gerçəklik. Narkotiklərin bu qədər geniş yayılması. Digəri, insanlarımızın əhəmiyyətli bir qisminin kasıblıq həddindən də aşağıda yaşaması. Azərbaycan kimi zəngin və qüdrətli ölkənin tək bir vətəndaşı da möhtac durumda olmamalıdır! Amma bizdə rayon zonasının, kəndlərin əhalisinin əhəmiyyətli bir hissəsi çox pis, dəstəyə möhtac yaşayırlar. Zamanında sərvətlərimizdən gələn gəlirlər ədalətli bölünmədi, bölgələrdə dövləti təmsil edən məmurlar əhalini soydu-sömürdü! İcra başçılarının mütləq əksəriyyəti xalqla düşmən kimi davrandı, indi də elədir! Onları bir qismi həbs olundu, məlum oldu ki, 800 mindən artıq insan talançı və cinayətkar icra başçılarının, məmurların zülmü altındaymış… Amma həbs olunmayanlar guya həbs olunanlardan yaxşıdırlarmı? Deyillər…

– İstəyirəm sağlam təməli və ənənəsi olan bir media orqanının rəhbəri olaraq media siyasəti ilə bağlı da bir fikir bildirəsiniz. Bu gün Azərbaycanda aparılan media siyasəti sizcə doğrudurmu?

– Mediaya sərbəstlik və əlverişli reklam bazarı verilməlidir! Onu idarə etməyə çalışmaq idarə olunmayan mediaların sayını çoxaldacaq, idarə olunanları tirajsız, auditoriyasız qoyacaq.İnformasiya sektorunda ciddi islahatlar başlayıb. Gedir. Yeni media holdinqlər qurulur, qanunverici baza yenilənir… Bu prosesi aparan adamların səmimiyyət və kristal təmizliyinə inanıram. Lakin olası və gözlənilən nəticə ilə bağlı o qədər də nikbin deyiləm…

– Medianın İnkişafına Dəstək üçün ayrılan büdcə sizcə medianı düşdüyü xaosdan xilas etməyə gücü çatacaqmı?

– Dövlətimiz fədakarlıq edir, üzərinə yük götürür, mediaya dəstək verir… Mediamızda xaos yoxdu, xaos informasiya məkanındadır. Oradakı xaosu axın xəttinə çevirmək üçünsə güclü milli mətbuat, media quruluşları – yəni güclü platformalar olmalıdır. Güclü platformalar üçünsə tam və sərbəst, reklama və tiraja (İP-ə) dayanan informasiya siyasəti hazırlanmalıdır. Belə bir modelsə vardır. Heydər Əliyev dövrünün demokratiya modelindən (1998-2003) yararlanmaq olar.

– İqbal Ağazadə ilə aranızdakı buzların ərimə ehtimalı varmı?

– Məncə o buzları əritmək bizim gücümüzdə deyil. Allah heç bir dostu bir-birinə düşürməsin.

– Uzun illərdir mübarizə aparırsınız, hələ də davam edir. Bu qədər hay-küy, çaxnaşma, deyişmə sizi yormur?

– Əlbəttə yorur. Amma yıldırmır – yəni, bezdirmir, usandırmır.

– Ömrünüzün hansı zamanlarında daha səmimi olmusunuz?

– Hər zaman. Səmimiyyət dediyiniz nədir ki! Özün olmaq, olduğun kim görünmək! Elə böyük səhnə, elə böyük siyasi teatrlar getmir ki, daha böyük rol almaq üçün artistlik – qeyri səmimilik etməyə məcbur qalasan! Səhnədə oynanan həyatdır, onu da yaşayırıq!

Müstəqil.Az

Share: