“Belə islahat, idarəçilik olmaz” – Sabir Rüstəmxanlıdan etiraz

“Azərbaycanın bölgələrində islahat adı altında gedən və xalqa məntiqi mənası kifayət qədər aydın olmayan bir məsələ həm millət vəkillərini, həm də camaatı narahat edir. Məsələn, deyək ki, mənim doğulduğum Yardımlı rayonunun İşıq İdarəsini Lənkərana, Qaz və Mədəniyyət idarələrini Masallıya, Əmlak Komitəsinin bölməsini Cəlilabada, Təhsil Şöbəsini digər rayona veriblər. Deməli, Yardımlının idarələri müxtəlif 3 rayonda yerləşdirilib. İndi Məşğulluq İdarəsini də belə etmək istəyirlər. İstəyirlər ki, məşğulluğu Regional Bölgə İdarələrinə versinlər”.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri “BakuPost”a Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Millət vəkili qeyd edib ki, bir rayon 3-4 istiqamətdən idarə olunmamalıdır:
“Eyni rayonun daxili idarəçilik sahələri – təhsil, mədəniyyət, əmlak və kommunal məsələləri hərəsi bir rayona verilir. Təsəvvür edin ki, bir şəxs rayondan çıxır və o həmin gün həm işıq məsələsinə, həm də əmlak işinə baxmalıdır. Əvvəlcə getməlidir Lənkərana, ordan Cəlilabada. Belə idarəçilik olmaz. Bu adamlar yollarda qalırlar. Məşğulluq elədir ki, bir adamın ehtiyacı var, iş axtarır və Məşğulluq İdarəsinə gedir. Orda maraqlanır, ona uyğun iş tapıla bilər, ya yox. Həmin şəxs 2 rayon – 100 km o tərəfə getməlidir ki, ona cavab desinlər. Yoxdursa, deyirlər get, başqa vaxt gəl. Yenə eyni proses. Bunu necə təsəvvür etmək olar? Bir rayondan başqasına get-gəl, amma bir nəticəsi də olmasın. Ötən gün Milli Məclisdə çıxışımda da bu problemi səsləndirdim. Həmkarlarım da məni dəstəklədilər”.
Deputat ölkəmizdə aparılan islahatların tərəfdarı olduqlarını vurğulayıb:
“Rayonların ümumi quruluşunda müəyyən dəyişikliklər də ola bilər. Amma olacaqsa, bu şərh edilməlidir. Azərbaycanda vaxtılə Sovet dönəmində buna bənzər hadisələr olub. Rayonlar birləşib, təzədən ayrılıblar, yəni özünü doğrultmayıb. Bu xalqa izah olunmalıdır. Dağ rayonlarına qarşı etinasız münasibət var. Rayonlar digər rayonu qəbul etmək istəmir. Bir adam gedib görüşmək istəyir, deyirlər ki, dağlıdır, gözləsin. Belə şey olmaz. Rayonlara hörmət ilə yanaşmaq lazımdır. Bunun statusu dəyişməyibsə, idarələləri də dəyişməməlidir”.
Müstəqil.Az
Share: