
Martın 28-də Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşesi İdarəsinin nümayəndələri, o cümlədən Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı – belaruslu, mayor Anatoli Nikolayeviçin məzarını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanın anadan olmasının 60 illiyi münasibətilə məzarı üzərinə gül dəstələri düzülüb, onun işıqlı xatirəsi ehtiramla yad edilib.
Mərasimdə hərbi orkestr hər iki ölkənin dövlət himnlərini ifa edib.
Tədbir iştirakçıları Milli Qəhrəmanın anası Kima Davidoviçə də baş çəkmiş, onun səhhəti və ehtiyacları ilə maraqlanmışlar. Milli Qəhrəmanın anası oğlunun xatirəsini ehtiramla yad etdiyinə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Yada salaq ki, A. Davidoviç 1992-ci il iyunun 13-də şəhid olub, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.