Berlində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, icmamızın fəalları və Güney Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndərin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsil ilə başlayıb.
Ardınca ümummilli lider Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş olunub, film böyük maraqla qarşılanıb.
Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müasir Azərbaycanın və ölkəmizin diaspor quruculuğunun banisi Heydər Əliyevin tariximizdəki misilsiz xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində bütün dünyada müxtəlif xarakterli tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən icma üzvləri ulu öndəri sevgi və ehtiramla xatırlayıb, diasporumuzun fəallığının artırılması, təşkilatlanması və ölkəmizi xaricdə layiqincə təmsil etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini ifadə ediblər.
Daha sonra Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev Millinitsə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Görüş geniş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.