Beşmərtəbəli binanın birinci mərtəbəsi – İlham Əzizdən yeni hekayə

Beşmərtəbəli binanın birinci mərtəbəsi – İlham Əzizdən yeni hekayə

Kulis.az İlham Əzizin yeni – “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsini təqdim edir.

Anara…

Beşmərtəbəli binanın birinci mərtəbəsində bir otaqdan ikiyə düzəldilmiş mənzilin pəncərəsindən çölə nə vaxt baxsan, elə bilərsən, payızdı; hava yağmurludu, gün işıldamır, düzü-dünyada başqa fəsil yoxdu, heç olmayıb da.

Bu birotaqlı mənzili Feyzi 18 il sərasər gözləmişdi. Alanda sevincindən yerə-göyə sığmasa da, sonralar unudulmuş qatar dayanacağına çevrildi bu ev: naçar gecələyirdi. Xəyalı göylərin bağrına batan təzə binalarda idi. Üçotaqlı geniş mənzil, hərənin öz otağı, böyük zal, ağ mebellər, 101 ekran televizor…

– Əlindəki nədi elə? – Şəlalənin səsi hər tərəfindən içinə doldu.

– Dəvətnamə…

– İlin-günün bu vaxtı kimin dəvətnaməsidi?

– Sədi oğlunu evləndirir.

– Vaxt tapmadı da…

– Allah mübarək eləsin de!

– İşin-gücün qutarıb vallah!

– Səhər-biri gün sən də eləyəcəksən də, niyə elə deyirsən?

– Kefdəsən, Allah haqqı. Heç nəyi düşünmürsən. Bunun palı-paltarı var, saçı-makiyajı var, nəməri var. İtin günündə getməyəcəyik ki! Saç, makiyaj 150-200 manatdı, o da növbə əlindən yer tapsan.

Çayı stolun üstünə zərblə elə qoydu, çay ləpələnib sıçradı qənddana. Feyzi əriyən qəndi qapıb ağzına atdı.

Əslində, Şəlalə düz deyirdi. Evlənən gündən ürəkaçıqlığıyla xeyrə-şərə getməmişdilər. Elə hey titi-piti , borc-xərc, avtobusla utana-utana… Yenə Feyzinin qarnına qaynar su doldu. Əyilib əyrimçəyə dönmüş mühasib qadına nə qədər xıtılanmaq olar? Pəncərənin dar gözünə əyilib ay başlamamış avans istəməkdən Feyzinin boynu dəvə boynuna dönmüşdü. Əyrimçə də bir üzünə tüpürüb, o biri üzünə itin sözünü deyəndən sonra pulu elə yerə qoyurdu ki, Feyzi zar-zor götürə bilirdi.

Əvvəllər işləri pis deyildi, “çaq-çuq”u da olurdu. Allah bu smartkart çıxaranın belini qırsın. İndi hamı ödənişləri telefonla edir. Binalarda köhnə sayğacı olan bir-iki ev ya qalıb, ya yox. Sağ olsunlar köhnə sayğacı olanlar, qəbzi aparanda 1-2 manat artıq verirlər, bir də görürsən, günün sonunacan 15-20 manat yığılır. Feyzinin qaz pulu almağı da ayrı aləmdi.

Qaz pulunu alanda gözləri 180 dərəcə fırlanır: guya bunu güdürlər, kəşfiyyatdadı… Halbuki, abonentlərin Feyziyə yazığı gəlirdi, qəsdən ona “xidmət haqqı” verirdilər. O manatı alanda elə fərəhlənirdi ki… Uçmağa qanadı çatmırdı. Uçub qazancını evə, arvadına, hamamdan təzəcə çıxmış qızına göstərmək, şəstnən stolun üstünə atıb, “alın, xərcləyin”, demək istəyirdi.

İşıqla arası yoxdu Feyzinin. Deyirdi, kaş hər şey qazla olaydı. Qaza olan borcunu birtəhər bu aydan o biri aya ötüşdürə bilirdi. İşığın qiyməti kəllə-çarx… Bir yandan qızın səhərdən axşama telefonu qoşulu, bir yandan evin işıqları, televizor, ütü.. İşıqdan çox narazıydı Feyzi. İşığa gedən kisəsindən gedirdi.

Bircə ayaqqabısından razıydı. 4 il qabaq evin yanındakı “Ucuzluq”dan almışdı, baxsan, elə bilərsən, təzədi. Bir az dabanları əyriydi… O da ayaqqabılıq deyildi, Feyzinin yerişinə görə… Zarafat deyil, bu ayaqqabı rayonun bütün qapılarını gəzib, qapılarda gözləyib, küçələrdə var-gəl edib. Gözləyə-gözləyə Feyzinin hər yeri – başı-gözü, iç-içalatı, pal-paltarı, elə ayaqqabısı da rəng verib rəng alıb… Elə ki, manat verən olmadı, rəngi bozarıb, iç-içalatı qarışıb, pal-paltarı köhnəlib.And içmişdi, əlinə pul keçən kimi cins şalvar alacaqdı.

Cinsin köhnəsi, təzəsi bilinmir. Şalvarı günün altında elə parıldayırdı, az qalırdı, Feyzinin gözünü qamaşdıra. Onun dərdindən Feyzi fürsət tapan kimi verirdi özünü kölgəyə.

Feyzinin ömrü qapılar döyməklə keçirdi, bütün qapıların səsini tanıyırdı. Bir də görürsən, bir ev yiyəsi donquldanır, manatı çox görürdü. Feyzi yazıqlaşırdı, istəyirdi, ev yiyəsinə yalvarsın. O ki manatı aldı, budu ey, pal-paltar, ayaqqabı alışıb yanır, bel dikəlir… Neçə dəfə o sevinclə özünü kafenin ağzında yaxalamışdı. Ürəyindən keçirdi, girib iki lülə deyə… O vaxt hardansa qulağında Şəlalənin səsi kilsə zəngi kimi çalınırdı, yalandan qaz turbasına bir-iki təpik vurub qayıdırdı, guya qazı yoxlamağa gəlib.

Feyzi üfüqə çox baxırdı, istəyirdi, dünya göz qapağını tez bağlasın. Gün çıxan kimi bütün dərdləri aləmə faş olurdu. Amma kainat gözünü hey qapayıb açırdı, Feyzini hər gün pərt edirdi.

Bu gün də beş altı qapını yağır eləyəndən sonra evə qayıdırdı. Yolda yadına uşaqlıq dostu Rafiq düşdü. Əlini şalvar cibinə atıb yoxladı: həmişəki kimi bomboşdu. Qəfil narahat oldu. Tez döş cibini yoxladı, üzünə obaşdan şəfəqinin işığı düşdü. Feyzi çoxdandı şalvar cibinə pul qoymurdu, qorxurdu əlini salıb çıxaranda itirə. Pulu köynəyinin döş cibindəydi, 4 manat… Döş cibini sığallaya-sığallaya Rafiqlə keçən gənclik illərini xatırladı. Şəhərə eyni vaxtda gəlmişdilər, dost olmuşdular, çox çətinliklərə birgə sinə gərmişdilər. Bir-birinə arxa-dayaq olmuşdular. İkisi də bir vaxtda – payızda evlənmişdilər. Rafiqin oğlu olmuşdu, Feyzinin qızı. Söz kəsmişdilər, qohum olacaqdılar.

Sonra işlər dəyişdi. Rafiq arvadı tərəfdən qohumlarla dil tapıb onlara qoşuldu. Yaxşı qazanırdı. Ara-sıra Feyzini kafeyə aparırdı. Yeyib içirdilər, tost deyirdilər. Feyziyə ürək-dirək də verirdi ki, bəs yaxşı olacaq. Ancaq görüşləri yavaş-yavaş səngidi. Feyzi də Rafiqi başa düşürdü. İş-güc adamıydı. Həm də arvad qohumları qaynayıb-qarışan adamlar deyildi. Bir-iki dəfə Rafiqin yanında Feyzini görüb heç düz əməlli salam da verməmişdilər. Feyzi də payını almışdı. Hər nə olur-olsun, Rafiq bu şəhərdə onun tək simsarıydı. Ona çox ağız açmırdı. Rafiqi dar günə saxlayırdı. Ailəvi gediş-gəliş də kəsilmişdi. Kirayə evlərin kasıb süfrələrinin xoşbəxtliyi onları çoxdan tərk eləmişdi. Bu da Rafiqin yoldaşı Sənubərin hesabına olmuşdu. Rafiq beşotaqlı mənzilə köçəndən sonra Feyzigil iki dəfə onlara qonaq getmişdilər. Görmüşdülər ki, Sənubərin rəng-ruhu, danışığı dəyişib. O gün, bu gündü, ayaqları onlardan kəsilmişdi. Arabir arvadlar zəngləşərdilər, onda da Sənubərin kinayəli sözləri kirpi oxu olub Şəlalənin bağrına batırdı.

Evə çataçatda Feyzi qərar verdi ki, toya pulsuz getsin, elə orda Rafiqin kefi kökələndə toy pulunu qoysun qədim dostunun boynuna. Başqa çarə qalmamışdı. Onsuz o əyrimçə Feyzini boş qaytaracaqdı, bir para əyilib üzünün suyunu tökmək özünə qalacaqdı. Qərar verən kimi eyni açıldı, dilinin altında mahnı da mızıldandı. Bir də öz-özünə “Yüz araq ola, içəsən…” dedi.

Onda ayıldı ki, qapını döyür. Qapı açıldı, amma qapıda onu gözləyən yox idi. Qapını göz qırpımında açıb qaçmışdılar.

İçəri keçib nimdaş divanda oturandan sonra qızını səslədi:

– Ay bala, Gülşən, yenə telefondasan?

Qız mızıldandı, deyindi, nəhayət, başını qaldırdı:

– Bu merətə telefon deyirsən? Şəkili elə çəkir, başdaşı şəklinə oxşayır. İki aydı ekranı sınıb, düzəltdirmirsən.

Telefonu az qala, Feyzinin gözünə soxurdu:

– Camaatın qızlarının telefonundan xəbərin yoxdu.

Ggözünün üstünə tökülən saçlarını əli ilə dala daradı.

Feyzi qızının dediklərinə fikir vermirdi, Gülşəni altdan yuxarı süzüb fərəhləndi. Maşallah, böyüyüb, gözəl-göyçək qız olmuşdu, otağa girən kimi hər yeri lilpar ətri bürüyürdü. Gələn il də məktəbi bitirir. Feyzi bir-iki ilə qaynata olacaqdı. “Kaş imkanlı birinə qismət ola, day bizim kimi cəhənnəmin odunu ayaqlamaya…”

– Ay ata, sənnənəm, kişinin heç vecinə deyil vallah…

– Ay bala, telefonunu mənə ver, Rafiq əminə zəng eləyəcəm, mənim konturum yoxdu.

– İndi özün görəcəksən, heç nömrələr də düz-əməlli görünmür.

Qızının mırtdanmağına gülməyi tutdu.

Gülşənin çiçəyi çırtladı. Əlinə yaxşı girəvə düşmüşdü. Toy məsələsi lap əla fürsət idi. Zauru ilk görüşə çağıracaqdı. Gün bu gün imiş. Ata-anasını yola salıb hamama girəcəkdi, bəzənib-düzənib Zaurla görüşəcəkdi. Ürəyinin döyüntüsü başına düşdü. Oğlaq kimi atlana-atlana mətbəxə qaçdı.

Feyzi yerində qurcuxub Rafiqin nömrəsini yığdı.

Sənubər telefon zənginə diksindi:

– Bıy! Allaha şükür, bu qız səni niyə yığır? – cəld telefonu Rafiqin əlindən qapdı:

– Ay salam-əleykim, Feyzi qardaş, Şəlalə bacı nətərdi?

– Sağ olasan, Sənubər, Rafiq evdə yoxdu?

– Evdədi, mətbəxə keçib, indi verirəm, – ağız-burnunu elə günə qoydu ki, Rafiq arvadından iyrəndi.

– Salam, Feyzi, nətərsən?

– Sağ ol, Rafiq. Sədi səni də toya çağırıb?

– Bilmirəm, yəqin çağırar. Qoy soruşum… Ay qız, Sədi bizə dəvətnamə göndərib?

Sənubərin ağzı hələ düzəlməmişdi. Cavabı qısa oldu:

– Hə, o gün demədimmi?

– Hə, Feyzi, çağırıb.

– Sən canın gedəndə bizi də götür.

– Yaxşı, saat beşdə dayanacaqda olun. Gecikməyin! Sonra tıxac olur.

– Yaxşı, sağ ol, qardaş.

– Şəlalə, ay Şəlalə, sən Allah, saat beşə hazır ol, camaatı gözlətməyək.

Şəlalə mətbəxdən nəsə dedi, Feyzi eşitmədi.

Feyziylə Şəlalə saat beşin yarısından dayanacaqda durmuşdular. Hərəsi bir tərəfə baxır, imkanları olsa, elə o baxdıqları tərəfə gedər, bir də qayıtmazdılar. Az keçməmiş, Rafiqin maşını dayandı, tələsik mindilər. Təzəcə maşına oturmuşdular, xoş-beş eləməmiş Sənubərin dərdi açıldı:

– Yox e, sən Allah, düz demirəm? 15 gün olar qapıdan maşının təkərini oğurlayıblar, bu da gedib arsız-arsız iki qutu patron alıb, gəlib üstümə. Kişinin oğlu oğrunu vuracaq. Dünən gecə qayıdasan ki, gətir patronları. Məndə də baş qalıb? Nə bilim hara dürtmüşəm. Bunun şey-şüyünün əlindən evdə nəsə gizlətməyə yer də qalmayıb. Birini güc-bəla tapdım, birini nə illah elədim, tapa bilmədim. Qışqır-bağırından qonşular da bezib. Deyirəm, ədə, bir qutusunu bu gecə at, o birini mən zəlil olmuş sabah gün işığında taparam. Kimə deyirsən? Səhərəcən dil-boğaza qoymayıb.

Şəlalənin üzündə heç bir ifadə yox idi. Bunu görüb Sənubər Şəlaləyə üzünü tutdu:

– Vəziyyət heç yaxşılığa getmir. Dolanışıq çətinləşib. Qardaşım yazıq da o gün dad-aman eləyirdi. Ay qız, sən də ağlını başına yığ, öyrət qızını, qoşulub qaçsın. Bu kasıbçılıqla mebeldi, toydu, necə edəcəksən?

Onda Şəlalə unadı ki, Sənubər patronları itirməyib, yığıb dilinin altına. Pərt oldu, üzünü çevirib yol boyu qarışqa kimi qarışan adamlara baxdı.

Rafiq dinmədi, qaşlarını çatdı, bir ara ağzını doldurdu, sonra ah çəkib susdu, heç Feyzi də danışmadı. Şadlıq evinin həyətinə girən kimi Feyzi cəld maşından düşdü. Tez köynəyinin döş cibindən bir manat çıxarıb “stayanşik”ə verdi. Pulu elə uzatdı ki, Rafiq də, görsün, Sənubər də. Rafiq Feyzinin hərəkətlərinə baxa-baxa köks ötürdü, kədərləndi. Bilirdi ki, Feyzinin olan-qalanı elə budu. Sənubərə eşitdirə-eşitdirə Feyziyə dil ağız elədi.

Onları Sədi özü qarşıladı. Sarayın çilçıraqları saxta payız günəşi kimi Feyzini kor edirdi, özü də bərk acmışdı. Yeməyə başlamaq istəyirdi, gördü, Rafiq əlini uzatmır dayandı… Ancaq çox dözmədi. Çəngəli qapdı…

Şıdırğı toy gedirdi. Feyziylə Rafiq yüz-yüz vururdular. Yavaş-yavaş kefləri düzəlirdi. Rafiq cavanlıq günlərini xatırlayırdı, məzəli söhbətlər edirdi, Feyzi də uğunurdu, ancaq Rafiqin keflənməyindən qorxurdu. Olmadı elə, oldu belə, kefləndi. Toy pulu nə olacaq? Sədi də həyasızın biridi. El-aləmə car çəkər ki, arvadı salıb yanına gəlib, yeyib-içib, pul da salmayıb. Hər bu vəziyyəti düşünəndə çəngəl əlindən düşürdü, Şəlalə də başını bulayırdı.

Bir ara durub oynadılar da. Rafiqlə Sənubər əllərini qaldırmış, çiyinləri dik, Feyziylə Şəlalə əlləri yanlarında, başları aşağı. Feyzi tez-tez çaşırdı, Şəlaləni də çaşdırırdı. Mahnı bir an dayansaydı, elə bilərdin, Feyziylə Şəlalə Rafiqlə Sənubərə baş əyir.

Arada Rafiq siqaret çəkməyə çıxdı. Dedi, Feyzi, sən otur, gəlirəm. Tez də qayıtdı. Qayıtmağıyla da hamını oynamağa durğuzdu. Oynaya-oynaya Feyzinin boynunu qucaqladı, qulağına, “nəmərini yazdırdım, narahat olma”, – dedi. Feyzinin oynaya-oynaya gözü doldu. Bu vaxt mahnı dəyişdi, ritm yüksəldi, Feyzi var gücüylə ayaqlarını yerə döyə-döyə şıdırğı oynadı, heç çaşmadı da…

Toydan adamlar bir-bir, iki-iki dururdular, saat ona qalırdı. Rafiq təklif etdi ki, qalxsınlar. Feyzi də razılaşdı. Əslində, hər şey gözəl idi, Feyziyə qalsa, axıra kimi oturardı, amma üz vurmadı. Çıxaçıxda Rafiqgildən ayrılıb nəmər sandığına tərəf getdi ki, Sənubər duyuq düşməsin, elə bilsin, pul salmağa gedir, yoxsa Rafiqin başına sərki edəcəkdi. Heç Rafiq də üstünü vurmadı, arvadının dır-dırına qulaq asmağa halı yox idi.

***

Zaur saat altıdan binanın tinindəki kölgəlikdə əsə-əsə Gülşəni gözləyirdi. Tez-tez üst-başını yoxlayırdı. Evdə nə yaxşı paltar tapmışdısa, dürtmüşdü əyninə. İlk quracağı cümləni düşünürdü. Xeyli cümlə qurmuşdu da, ancaq heç biri xoşuna gəlməmişdi. Əslində, yaxşı sözlər bilirdi, heyif hamısını bir ildə qızın vatsapına yazmışdı. İndi boyat cümlə demək istəmirdi. Axır qərar verdi ki, birinci özü danışmasın. Hava getdikcə qaralırdı. Zaur da qaranlığa çəkilirdi. Fikirləşirdi, görən olar, qızın adına söz çıxar. Vaxt keçirdi, Gülşən gəlmirdi. Amma o, Gülşəni bir ömür gözləməyə hazır idi.

…Gülşən cavab vermirdi, Zaur da bu günün belə bitməsini istəmirdi. Ağlına min fikir gəlirdi, tez də bəhanə tapıb qızı haqlı çıxarırdı.

Zaur qaranlıqdan işıqlı pəncərəyə o qədər baxmışdı ki, hara baxırdı hər yerdə pəncərə görürdü. Göy üzündə minlərlə pəncərə yaranırdı, bu da Zauru sevindirirdi: Hər pəncərədə bir Gülşən vardı…

Rafiqin maşını Feyzigilin qapısında dayandı, Feyziylə Şəlalə maşından düşdülər. Zaurun ümidi tamam üzüldü. Fikirləşdi, bir az da gözləsin, bəlkə, qız çıxıb ata-anasını qarşılayar.

Feyzi qapını ha döydü, açan olmadı, Şəlalə də ona qoşulub qapıya bir-iki yumruq ilişdirdi. Feyzinin ürəyi qısıldı, tez çölə qaçıb pəncərəyə yaxınlaşdı. Maşının güzgüsündən Feyzinin hərəkətlərini görən Rafiq maşını arxaya sürdü, girişin önündə dayanıb cəld maşından düşdü.

– Nolub, ay Feyzi?

– Uşaq cavab vermir!

– Dayan, qapını qıraq!

Rafiq qapıya yaxınlaşdı, əllərini divara qoyub təpiklə qapını bir dəfəyə qırdı. Şəlalənin heyi qalmamışdı. Feyzi birbaşa hamama qaçdı. Hamamın qapısı açılan kimi otağa qaz iyi doldu. Feyzini hamamın qapısında nakam budaqların alışdığı ocaq istisi vurdu, donub qaldı. Ay parçası Gülşənin bədəni sabunlu suyun içində… Başının zoğalı qanı sabun köpüyünə qarışmış, saçları həmişəki kimi gözlərini örtmüşdü.

Mətbəxdə qəhvədan fit verib haray çəkirdi.

Ölüm təkər oğrusu kimi pünhan gəlmişdi, Feyzinin ürəyini söküb aparmışdı.

Şəlalə balasını qucaqlayıb bağrına basdı. Sənubər hardansa ağ mələfə gətirib Gülşənin üstünü örtdü. Rafiq arxadan Feyzini qucaqladı… İç vurub ağladı… Ağlaya-ağlaya təkər oğrusunu bağışladı.

Feyzi astadan əlini uzadıb qızın yaş saçlarını gözünün üstündən çəkdi.

Səs küyə qonşular tökülüşmüşdülər. Zaur da onlara qarışıb evə keçmişdi. Halı dəyişirdi… Ona elə gəldi ki, indicə ürəyi gedəcək, qorxub çölə çıxdı.

Qaranlıq yolda qaçırdı… Qaça-qaça özünü söyürdü… Söyürdü ki, gərək işıqda gözləyəydim, bəlkə, Gülşən məni görüb hamama girməzdi. İki küçə o tərəfdəki işıq dirəyinin dibində dayandı. İşıqlığa çıxıb var gücüylə hönkürdü.

Share: