Beyləqanda bir ailənin 4 üzvünün qətlinin əsl səbəbi nədir?

Beyləqanda bir ailənin 4 üzvünün qətlinin əsl səbəbi nədir?

Kulis.az Vüqar Vanın “Nəsillər arası ədavətin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Beyləqanda bir ailənin 4 üzvü qətlə yetirilib.

Hadisənin səbəbi düşmənçilik imiş. O qədər məntiqsiz söhbətdir ki, adam başa düşə bilmir. Öldürən şəxsin atası qətliama məruz qalan ailənin başçısına yaba soxub. Heç kim ölməsə də, yabalayan şəxsi 2-3 il tutublar. Həbsdən sonra ədavət davam edib. Dünən isə qətl edilən ailə onları qətlə yetirən adamın yolunu dəmir məftillə kəsib evə gedən yolunu bağlayıblarmış. Nəticədə, bu gün yolu bağlanan adam ov tüfəngi ilə ata, ananı evin həyətində, iki oğlunu isə qəbiristanlıqda güllələyib.

Nəsə belə bir hadisə. Söhbəti başa düşmək olmur. Türk seriallarını xatırladır. Kim kimi öldürüb, kimin kimlə ədavəti olduğunu öyrənmək üçün gərək lap əvvəldən hadisələrin içində olasan.

İnsanların başları gedib. Əyalətlərdə, nəinki əyalətlərdə, hətta elə şəhərin özündə də nəsillər arası düşmənçiliklər davam edir. İbrahim Tatlısesin, nə bilim Şabanın, Türkan Şorayın düşük filmlərinə o qədər aludə olublar ki, hamı bir-birinin qarnını yortmaq, bir-birinə güllə atmaq istəyir.

Türk seriallarında bu şeyləri görəndən sonra bizimkilərin də ən böyük arzusu yeniyetmə yaşını tamamlamış oğlan uşaqlarına silah verib, qulaqlarına bu sözləri pıçıldamaqdır:

“Ailəmizin namusunu təmizləməsən sənə haqqımı halal etmərəm”.

Elə bilirsiz zarafat edirəm? Yox, zarafat etmirəm. Ciddi deyirəm. Belə adamlar hələ də var. Bir də görürsən ki, 18-ci əsrdə kimsə kiminsə babasını öldürüb, ailələr bir-birinə düşmən olub. Bu ədavət gəlib çıxıb 21-ci əsrə, 2022-ci ilə. Və budur öldürmək sırası olan nəslin oğlan uşağı 18-ci əsrdəki səviyyəsiz babasına görə kimisə öldürməlidir. Əgər öldürməsə anasını ona südünü, atası da haqqını halal etməyəcək. Belə ailələr hələ də durur. Belə ailələr doludur.

Bu ana südü söhbəti də lap boğaza yığdı bizi. Adamın əmdiyi bir-iki litr südü burnundan elə gətirirlər ki, əmdiyinə peşman olursan. Təklif edirəm ki, “ana südü”nün müqəddəsliyini azaltmaq üçün aidiyyəti qurumlar fəaliyyətə başlasınlar, marketlərdə filtrə olunmuş ana südləri satılsın, adiləşsin, beləcə canımız, bəlkə, “ana südü” haqqından qurtuldu.

Görürsüz, bunların atası onların atasını yabalayıb. Sonra onlar bunları qətlə yetirib. Hələ bu proses davam edəcək. 100% əvvəllər də babalar arasında problem olubmuş. Çünki adam durduq yerdə niyə kiməsə yaba soxsun. Keçmişdən gələn bir ədavət varmış.

İbtidai icma quruluşudur elə bil. Tayfa, icma, qəbilə təfəkkürlü adamlardır. Bu məsələlərə bir az amansızcasına yanaşıram. Elə bu cür adamların axırı belə də bitməli idi. Nə gözləyirsiz ki? Özümüzdən Amerika kəşf etmək lazım deyil. Yaba təfəkkürlü adamlar ya qazamata, ya da məzara girməlidir. Parazitlər özlərini məhv edir. Dəyişməyə açıq olmayan təfəkkür, inkişafa müsbət qarşılıq verə bilməyən beyin elə ya qazamata düşməlidir, ya da qəbirə daxil olmalıdır.

Bu hadisənin fonunda cəmiyyətə baxıram. Söz-sözü gətirmişkən bunu da deyim. Dünən bahalı restoranların birində, üzr istəyirəm, tualetə girmişdim. Tualetlər dolu olduğu üçün, pisuardan istifadə etdim. Pisuar da, yəqin, bilirsiz nədir. Ayaq üstə olan şeylərdən. Nəsə, bu anda tualetləri təmizləyən yaşlı bir qadın içəri daxil olub, məni pisuarda təbii ehtiyacımı ödəyən yerdə gördü. Arxam ona tərəf idi. Daş atıb başını tutdu, başladı ki, sən tərbiyəsizsən, sən əxlaqsızsan-filan. Elə bilir ki, pisauara təbii ehtiyacını ödəmək tərbiyəsizlikdir. Gördüm həddini aşır, ağzına gələni danışır. Ona heç nə demədim. Administratoru çağırıb şikayətimi dedim və bu qadının işdən qovulmasını tələb elədim. İnandırım sizi, elə mənim yanımda işdən rədd elədilər. Administrator mənə dedi ki, bu artıq neçənci dəfədir belə edir. Müştərilər cana yığılıblar bu arvadın əlindən.

Bəli, belə olmalıdır. Başının içində beyin yox, kubik gəzdirirsənsə, sənə hər yer cəhənnəm olacaq. Yaşlı-başlı arvadsan, həyatda nələri görüb, nələri yaşamısan, son dayanacağın bu tualet olub. Nə istəyirsən bu camaatdan? Əl çək, imkan ver işimizi görək. Camaatın yanında təbii ehtiyacımı ödəmirəm ki, ayaqyolunda pisuarda ödəyirəm. Belə adamları nə qədər cəmiyyətdən təcrid etsək, bir o qədər bizim xeyrimizədir. Təsəvvür edin, qadın pisuardan istifadə eləməyə pis baxır. İndi bu nə övlad böyüdəcək, nə nəvə tərbiyə edəcək, cəmiyyətə nə fayda verəcək? Həyat onu tualetə salıb, amma o yenə də öz murdar əməllərindən əl çəkmək istəmir.

Bir-birini yabalayan, babalarının, atalarının ədavətinə görə bir-birini öldürən, asan, kəsən adamlar nə qədər ki, var olacaqlar sağlam cəmiyyət, sağlam düşüncədən söhbət gedə bilməz. Bu yazıları da yazmağın ona görə əhəmiyyəti var ki, bəlkə, hansısa gənc 19-cu əsrdə yaşayan babasına görə hansısa ailədən qisas almağı fikirləşirsə, necəsə bu yazını oxuyub, bəlkə, öz hərəkətinin mənasızlığını başa düşdü.

Başınızı çox ağrıtmaq istəmirəm. Həftəsonudur. Yaxşı olar ki, yataqdan durub, günə başlayasız. Bu şeiri də həyatda özünə yer tapa bilməyən oxucularıma ithaf edirəm.

Səhər sahilə enirəm.

Saatdan asılı olaraq dalğalar qabarır və çəkilir.

və mən əzab çəkib deyirəm:

– Necə də yazığam

Neynim necə edim?

Dənizsə

öz qəşəng səsi ilə deyir:

“Bağışlayın. Əlimdə işim var”.

Mary Olivery

Share: