Ötən ilin may ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində baş verən partlayış zamanı xəsarət alanların xilasedilməsində şücaət göstərən “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə Beynəlxalq Dəniz Təşkilatının təşəkkür məktubuna layiq görülüb.
Xatırladaq ki, ötən ilin may ayında baş verən hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib.
Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD” şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər.
Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub. Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir.
“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilmişdi.
Xilasetmə əməliyyatlarında fədakarlıq nümayiş etdirən dənizçilər ötən ilin noyabr ayında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdikləri şücaətə görə “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif edilmişdilər.
Dövlət Dəniz Agenliyinin direktoru Qüdrət Qurbanovun göstərişi ilə Kapitan Elbrus İsmayılovun rəhbərliyi altında dənizçilərin xilasetmə əməliyyatlarında göstərdiyi şücaət barədə məlumatlar Beynəlxalq Dəniz Təşkilatına təqdim olunmuşdu.
Beynəlxalq Dəniz Təşkilatının Şurasının qərarına əsasən “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə təşəkkür məktubuna layiq görülüb.
Bununla əlaqədar olaraq, Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanova məktub ünvanlayaraq kapitan Elbrus İsmayılovun şücaəti ilə bağlı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirərək ona öz adından səmimi təbriklərinin çatdırılmasını xahiş edib.
Azərbaycan dənizçisinin göstərdiyi peşəkarlığın və cəsarətin Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında formalaşdırılmış müvafiq komissiya tərəfindən müzakirə olunması, eləcə də təşəkkür məktubuna layiq görülən dənizçilər sırasında yer alması hər birimiz üçün qürurverici haldır.