“Beynəlxalq sertifikat sahibkarın gəlir qarantıdır” — Elmar Cəmilov

“Beynəlxalq sertifikat sahibkarın gəlir qarantıdır” — Elmar Cəmilov

Son illər ölkəmizdə qida təhlükəsizliyi və kənd təsərrüfatının dinamik inkişafı üçün bir sıra qanun layihələri qəbul edilib, qlobal layihələr, tədbirlər həyata keçirilib. Təchizat zəncirinin uzanması, istehsal olunan məhsulların təhlükəsizliyi, sertifikatlaşması, idxal-ixrac üçün qarşıya qoyulan tələblər və digər bu kimi vacib məqamlara diqqət əvvəlki illərə nisbətən daha da artıb.

“Qafqazinfo” aktual mövzu ilə əlaqədar Qida Təhlükəsizliyi və Keyfiyyəti idarəetmə sistemləri üzrə Baş auditor, “Food CERT” MMC-nin direktoru Elmar Cəmilovun geniş müsahibəsini təqdim edir:

– Bildiyiniz kimi, cənab prezidentin müvafiq sərəncamı ilə ölkəmizdə qida təhlükəsizliyi haqqında qanun qəbul edilmiş, müvafiq qanunda yeniliklərin, beynəlxalq standartların tətbiqi və digər tələblərin sahibkarlara nə kimi faydaları vardır?

– Müvafiq qanunun qəbul edilməsi, qida təhlükəsizliyi, təchizat zənciri, maraqlı tərəflər arasında yeni bir başlanğıc, yeni mərhələnin əsasını qoydu, çünki qeyd etdiyimiz hər bir proses rəhbərinə qanunun müəyyən etdiyi tələblər vardır. Mən hesab edirəm ki, tələblərin olmasının sahibkarın iş prosesinin daha dayanıqlı və mövcud qanunvericiliyə, beynəlxalq standartların tələblərinə əsasən qurmasına yaxud yenilənməsinə xidmət edəcəkdir. HACCP standartının tətbiqi, idxal-ixrac proseslərinə olan tələblər, markalanma, izləniləbilirlik sistemi, saxlanılma, daşıma tələbləri – bütün bunların hamısı dünyada tətbiq edilən beynəlxalq qida və keyfiyyət standartlarında öz əksini tapır. Azərbaycan dünyada öz iqtisadi gücü, neft və qeyri-neft sektorunda ixrac payı ilə tanınan ölkədir. ISO və digər standartlar üzrə sertifikatlaşdırma işləri artıq bütün dünyada tələb rolunu almış, iri ixrac layihələrinin əvəzedilməz tələbi olmuşdur. Təbii ki, Azərbaycan sahibkarına bir çox faydaları var, belə ki, təchizatçılar qarşısında etibarlı tərəfdaş olmasına, istehsal proseslərində yeniliyi tətbiq etməsi və riskləri minimum endirməsi, məhsulların ixrac potensialının yüksəlməsinə, gəlirlərin artmasında çox böyük əhəmiyyəti vardır. Burada əsas üstünlüklərdən biri müştəri məmnuniyyəti və əminliyidir ki, məhsul müştəriyə mesaj çatdırır ki, məhsul ISO yaxud digər standart tətbiq olunan müəssisədə istehsal olunmuşdur.

– Qida təhlükəsizliyindən bəhs etmişkən proseslərin təməl rolunu ifadə edən kənd təsərrüfatı sektorunda hansı yeniliklər, tendensiyalar mövcuddur?

– Bildiyiniz kimi, 1 neçə ay öncə ölkəmizdə kənd təsərrüfatı forumu keçirildi. Forumda kənd təsərrüfatının indiki vəziyyəti və gələcəyə baxış mövzularında aktual müzakirələr aparıldı. Azərbaycan kənd təsərrüfatında yeni perspektivlərin həyata keçirildiyi dövrdədir. Onu qeyd etmək lazımdır, kənd təsərrüfatı üstü açıq bir istehsalatdır. Biz burda riskləri nəzərə almalıyıq. Torpağın keyfiyyətindən, suvarma sistemləri, kənd təsərrüfatı texnikalarının istifadəsi, tətbiq olunan beynəlxalq standartlar – bütün bunlar vacib açar nöqtələrdir. Mən bunu şirkət rəhbərləri ilə görüşdə, olduğum tədbirlərdə də vurğulayıram ki, sahibkarımızın, fermerimizin daha çox məlumatlılığa ehtiyacı var, çünki qeyd etdiyimiz hər bir vacib məqamlarda yeni tendensiyalar, texnologiyalar tətbiq edilir ki, bu da fermere hər baxımdan böyük səmərə verə bilər. Burada toxum növlərindən düzgün istifadə, gübrə və başqa aqrokimyəvi preparatların düzgün seçilməsi və istifadəsi vacib məqamlardandır ki, bu isə məhsulun bioloji təhlükəsizliyinə təsir edir. Yeni tendensiyalardan biri də kənd təsərrüfatlarında GLOBALG.A.P – Düzgün kənd təsərrüfatı təcrübələrini, beynəlxalq kənd təsərrüfatı standartını tətbiqinin təşviq edilməsi və buna hazır olmaqla əlaqədardır. Bu beynəlxalq forumda da adı qeyd edilən standartın tətbiqinin vacib olduğu bir daha vurğulanmışdır. Kənd təsərrüfatında bu standartın tətbiq olunması, yeni və xarici bazarlar tapmaqda böyük əhəmiyyətə malikdir.

– Bildiyimiz kimi, sizin şirkətiniz bir neçə müddət öncə ISO 17021 standartının tələblərinə əsasən Azərbaycan Akkreditasiya Mərkəzindən akkreditasiya edilmişdir. Bunun nə kimi üstün cəhətləri var?

– Hər bir məhsul və xidmətin standartı olduğu kimi, sertifikatlaşma xidməti göstərən şirkət üçün ciddi tələblər vardır. Burda şirkətin fəaliyyətinə, personalına, proseslərin aparılmasına tələblər var ki, bu isə öz növbəsində həyata keçiriləcək işlərə keyfiyyətli təsir edir. Sertifikatlaşma orqanı seçildikdə, sahibkarlarımız bu məqama diqqət etməlidirlər. Bu həmçinin, layihənin professional və siğortalı şəkildə yerinə yetirilməsi, sahibkar qarşısında inam və etibar, əminlik yaradır.

– Ümumiyyətlə nəzərə alsaq, ölkəmizdə qeyd etdiyiniz beynəlxalq idarəetmə yaxud avropa standartları üzrə istehsal, markalanma, ixrac proseslərində ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

– Beynəlxalq ISO təşkilatının ən son rəsmi hesabatına nəzər salsaq görə bilərik, müxtəlif standartların tətbiqində Azərbaycanda ildən-ilə artır, bu istiqamətdə ciddi artım var. Bu inkişaf kimi qiymətləndirmək mümkündür. İxrac prosesində mənşə, firosanitar, keyfiyyəti təsdiq edən sənəd və sertifikatlarla birgə məhsulun beynəlxalq standartların tələblərinə cavab verməsi də üstünlük hesab olunur. Həmçinin ixrac olunacaq ölkənin tələb şərtlərinə uyğun olmasında sahibkarlarımız diqqətli olmalıdır, çünki tələblər ixrac olunacaq ölkə və regiondan asılı olaraq, dəyişə bilər. Əgər istehsalçı markalanma prosesində istehlakçıya hər hansı mesaj verirsə, bundan marketinq aləti kimi istifadə etməməli, qeyd etdiyinin əsasını, sübütunu 100% təmin etməlidir.

– Sizin şirkətiniz hansı xidmətləri sahibkarlara təklif edir və bunun faydası hansı formadadır?

– “Food CERT” şirkəti Azərbaycan sahibkarının dostu kimi tanınır. Bizim əsas məqsədimiz, sahibkarlıq məmnuniyyətini təmin etmək, onların istehsal fəaliyyətlərinə töhfə vermək, beynəlxalq standartların qurulmasına dəstək verməkdir. Fəaliyyət sahəsindən asılı olmayaraq istənilən xidmət yaxud məhsulun müvafiq standartlara uyğunluğu təsdiq edilməlidir. Bizim şirkətimiz 13 ildən çox təcrübəmizlə 7 il bu sektorda uğurla fəaliyyət göstərir, iqtisadiyyatın toplam 30 dan çox sektoru üzrə, müxtəlif idarəetmə sistemlərinin sertifikatlaşdırılması, uyğunluğun qiymətləndirilməsi (CE markalanma), audit, texniki inspeksiya, təlim xidməti bir çox innovativ həllər təklif edir. Yaşam dünyamız hər gün dəyişir, yeniliklərlə ayaqlaşmaq, müştəri etibarını qazanmaq və qoruyub saxlamaq bu günün aktual məsələlərindəndir, çünki müştəri gözündə daha böyümək üçün müəyyən imkanlar var, sahibkar bu imkanları uğurla tətbiq etsələr, nəinki müəssisələrində nəinki dayanıqlığı təmin edə hətta, ölkə xaricində də bizneslərini böyüdə bilmə imkanları artmış olar.

– Gələcək hansı planlarınız var?

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeni inkişaf mərhələsində olduğunu görürük. Cənab prezidentimiz və Birinci vitse-prezidentimiz tərəfindən abadlıq və yenidən qurma işləri yüksək səviyyədə aparılır, yeni sənaye məhəllələrin, parkların əsası qoyulur, sahibkarlarımıza yeni şəraitlər, imkanlar yaradılır. “Food CERT” şirkəti qürur hissi ilə, bu layihələrdə yaxından iştirak etmək, öz dəstəyini göstərməyi planlaşdırır.


Share: