Beynəlxalq Valyuta Fondu ABŞ-ın qərarını saymadan İranla əməkdaşlığa davam edəcək

Adı ABŞ-ın sanksiyalar siyahısında olmasına baxmayaraq, Beynəlxalq Valyuta Fondu (BVF) İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyflə əməkdaşlığı davam etdirəcək.

Bu barədə BVF-nin xarici əlaqələr bölməsi, İran Mərkəzi Bankının Vaşinqtonun Seyfə qarşı sanksiyalarına Fondun münasibətini öyrənmək üçün göndərdiyi sorğuya cavabında bildirib.

“İran Beynəlxalq Valyuta Fondunun üzvüdür və bütün digər üzvlərimizlə olduğu kimi, Fondun müqaviləsinin müddəalarına uyğun olaraq, BVF rəhbər şəxs Seyf və Mərkəzi Bankla əməkdaşlığı davam etdirəcək” – deyə BVF-nin xarici əlaqələr bölməsinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, mayın 8-də ABŞ birtərəfli qaydada İranla nüvə sazişindən çıxdığını elan edib. Ardınca isə Vaşiqnton İrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəklərini bildirib.

Ötən həftə isə ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısına daha 4 nəfər və 1 bankın adını salıb. Onlar İran silahlı qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu və Livandakı “Hizbullah” silahlı qruplaşmasına milyonlarla dollar ötürməkdə günahlandırılır. Həmin 4 nəfərdən biri İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyfdir. (azvision.az)

Share: