Bilal Alarlı Prezident təqüdünə layiq görülmüşdür

Müstəqil.Az xəbər verir ki, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Bilal Alarlı (Hüseynov Bilal Hüseynağa oğlu) Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Bilal Alarlı 34 elmi, bədii və publisistik kitabın müəllifidir. Bölgədə “Nöqtələr” ədəbi qrupunu yaratmış və uzun müddət bu qrupa başçılıq etmişdir. O, “Nöqtələr” ədəbi toplusunun 8 buraxılışını həyata keçirmişdir. Bundan başqa, Bilal Alarlının təşəbbüsü ilə “Muğan Folklor və Yaradıcılıq Mərkəzi” yaradılmış və bu seriya ilə xeyli kitab nəşr olunmuşdur.
Bilal Alarlı həmçinin bölgə məktəblilərinin şeir və hekayələrindən ibarət “Yaradıcı uşaqlar” toplusunun tərtibçisi və redaktorudur. Yaradıcı uşaqlarla bağlı belə layihə Respublikada ilk dəfə Bilal Alarlının təşəbbüsü ilə reallaşmışdır. O, şəxsi vəsaiti ilə işlədiyi ADPU Cəlilabad Filialında təhsil alan tələbələrin yaradıcılıq nümunələrindən ibarət iki elmi-poetik toplu çap etdirmişdir.
İki yüzə yaxın kitabın redaktoru olan Bilal Alarlı yaşadığı Cəlilabad bölgəsinin tarixi, etnoqrafiyası və folkloru ilə bağlı kitablar nəşr etdirmiş, məqalələr yazmışdır. Onun bir neçə kitabını AMEA Folklor İnstitutu çap etmişdir.
Bilal Alarlının hekayə, şeir və poemaları ədəbi orqanlarda işıq üzü görmüşdür.
Müstəqil.Az-ın yaradıcı kollektivi və çoxsaylı oxucuları adından Bilal Alarlını yeni uğuruna görə təbrik edirik. Ona yeni-yeni yaradıcılıq nümunələrini ərsəyə gətirməyi arzu edirik.
Müstəqil.Az
Share: