Bilirsən də, mən darıxan adamam

Bilirsən də, mən darıxan adamam

Bu gün şair Cəlil Cavanşirin doğum günüdür. Kulis.az bu münasibətlə onun “Mən darıxan adamam” şeirini təqdim edir.

***

Bilirsən də,

mən darıxan adamam

bilirsən də,

çox içirəm gecələr

bir də hava tutuldumu…

zülümdü!

sonra hamı yaddan çıxır

yada düşür bir nəfər…

allah haqqı darıxıram

qurban olum qayıt gəl…

bir az saat əqrəbləri,

bir az gecə vicdansız

qıvrılıram,

sıxılıram

ürəyim səksəkədə

niyə belə daşürəksən,

niyə belə amansız?

qayıtsaydın,

sabahacan sevişərdik

bəlkə də…

allah haqqı, darıxıram,

qurban olum, qayıt gəl…

indi elə tənhayam ki,

indi elə təkəm ki,

biri çağırsa adımı,

diksinərəm səsindən

lənət olsun bu gecəyə

mən elə sərxoşam ki

gəlsən, bir də viski al gəl,

beləəə…

lap yekəsindən

allah haqqı, darıxıram

qurban olum, qayıt gəl…

gecə hələ yarı deyil

siqaretim qurtarıb…

kimə deyim “siqaret ver”

axı mənim kimim var?

bilirəm ki, gələcəksən

siqareti unutma

bircə qutu bəs eliyər

təki çıxım sabaha

sabah özüm də alaram…

vicdan haqqı pulum var

allah haqqı gicləyirəm

qurban olum qayıt gəl…

Share: