***
Sən mənim ömrümə doğan günəşsən,
Tapıram mən səndən öz kəlamımı.
İçimdə ocaqtək yanan atəşsən,
Alıram odundan söz ilhamımı.
Hər ürək çırpıntım səni səsləyir,
Ulduzlu gecəmin yanan gözüsən.
Ruhum varlığına hörmət bəsləyir,
Sevincli dünyamın qəmsiz üzüsən.
Ürəyim səninlə boşalıb dolur,
Keçən günlərimdə düşürsən yada.
Səndən misralarım xatirə qalır,
Sevgindir yaşadır məni dünyada.
DÜNYANIN DƏRDİNİ ÇƏKƏN ŞAİRƏM
Bu ömrümün dərdi birdir,
Həyat mənə sirli yerdir,
Şər-böhtandan uzaq olum,
Allah,mənə xeyir verdir.
Həyat məni güldürmədi,
Dünya məni öldürmədi,
Yağış yudu göz yaşımı,
Dərd dərdimi sildirmədi.
Dolaylanıb oldum duman,
Bir köz tutub oldum şaman,
Əzab çəkdi ağrılarım,
Dünya mənə oldu yalan.
Dağlar məni sınadılar,
Ellər məni qınadılar.
Bir ah göynətdi qəlbimi,
Ümidlərim qanadılar.
Cavid Bədəlov
Müstəqil.Az