“Yeni Klinikanın rəhbəri gələndən sonra mənim işimdə maneələr yaradaraq sıxışdırmağa başlamışdı. Hədə-qorxu gəlirdi. Axırda da dedi ki, “ya 10 000 manat verib qalarsan, ya da işdən çıxarılacaqsan””.
Bu şikayətlə “Qafqazinfo”ya vaxtilə “Yeni Klinika”da texnik vəzifəsində çalışmış, adının yayımlanmasını istəməyən şəxs müraciət edib.
O iddia edir ki, Cavid Paşayev müəssisəyə rəhbər təyin olduqdan sonra köhnə işçiləri işindən azad edərək öz tanışlarını gətirib: “Müəssisədə insan hüquqları qorunmur, işçilər qarşılarına şərt qoyularaq işdən çıxarılır. 4 il ərzində müəssisədə can qoyub işləyən işçini öz prinsiplərinə görə işdən azad edirlər. May ayında həyat yoldaşım və mən işdən çıxdıq. Daha doğrusu, buna məcbur qaldıq. Mən əvvəl ərizəni yazmadım və üstümə böhtan atdılar. Faktlarla sübut etdim ki, böhtan əsassızdır. Mənə dedilər ki, “ya özün ərizəni yaz, ya da səni “maddə” ilə çıxaracağıq”. Hansı maddə ilə olacağını da demədilər.
Mənim hazırda çalışdığım yerdəki işimə də mane olurlar. Zəng edib rəhbərliyə məni pisləyirlər. Amma hazırda işlədiyim müəssisənin rəhbəri məndən çox razıdır”.
Şikayətçinin ad-soyadını təqdim edərək məsələ ilə bağlı “Yeni Klinika”ya sorğu ünvanladıq. Klinikanın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri İlham Məmmədov müraciətimizə belə cavab verdi: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsinin Radiologiya şöbəsində rentgen texnik vəzifəsində çalışmış şəxsin şikayətinin əsassız olduğunu bildiririk.
Belə ki, onun tərəfindən 2023-cü il yanvarın 1-dən aprelin 15-dək 9708,29 manat (doqquz min yeddi yüz səkkiz manat, iyirmi doqquz qəpik) dəyərində dərman vasitələri mənimsənildiyinə görə onun barəsində cinayət işi başladılması üçün Nizami Rayon Prokurorluğuna müraciət edilib. Dövlət əmlakının mənimsənilməsi barədə prokurorluq orqanına müraciət daxil olduqdan sonra o və həyat yoldaşının əmək müqavilələrinə heç bir təsir olmadan öz ərizələri ilə (təşəbbüsləri) xitam verilib. Hazırda Nizami Rayon Prokurorluğunda bu şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırma aparılır.
Qeyd etmək istəyirik ki, Yeni Klinikada fəaliyyət göstərən bütün personal və müraciət edən vətəndaşların hüquqlarının qorunması müvafiq qanunvericiliklə tənzimlənir”.
Xatırladaq ki, Cavid Paşayev ötən ilin iyulundan “Yeni klinika”nın baş həkim təyin olunub. O, eyni zamanda tibb müəssisəsinin direktoru vəzifəsinin də icra edir.
Lamiyə Məmmədova