Bir azca sevincsən, bir azca kədər, Bir də Allah bilir nəsən, bir azca – Vasif SÜLEYMANın şeirləri

Bir azca sevincsən, bir azca kədər, Bir də Allah bilir nəsən, bir azca – Vasif SÜLEYMANın şeirləri
HƏRƏDƏ BİR AZCA SƏN AXTARIRAM
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.
.
Nə vardı canımda eşqin adına,
Nə var, halalındır, sənindir, apar.
Bəsimdir, arada düşüm yadına,
Axı kim deyibdir, – axtaran tapar…
.
Tanrı yaratmışdı yaratdığını,
Bir də yaratmağa bəhanə ola.
Yüz yol səcdəsinə dayanmağım var,
Kimdəsə balaca nişanən ola.
.
Hər yanı zülmətdir, irəli, geri,
Axı nə gəzirəm, qaranlıq boyu…
Ağrıma-acıma yaşanan ömrü,
Çəkib aparıram viranlıq boyu.
.
Onda nə göydəydim, nə də ki yerdə,
Səni itirəndə sənə yetirdim.
Elə bilirdim ki, tapacam bir də,
Səni axtarırdım, ömrü itirdim.
.
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.
25 YAŞIN ŞEİRİ VƏ ŞƏKLİ
Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm… Unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut dünyanın.
.
Elə ki, üzünə yolları bağlı,
Dərdi sevincindən əzəl görünür.
Qəribə şey imiş insanın ağlı,
Sevdiyi hamıdan gözəl görünür.
.
Alnımı yandırar qəlbimin təri,
Gözümün yaşını əyləyə billəm.
Ürəyim göynəyir səndən ötəri,
Məndən uzaqdasan neyləyə billəm…
.
Canım, sevgi hara, unutmaq hara,
Həsrəti gözümə sıxıram indii.
Məni qısqandığın gözəl qızlara,
Çiynimin üstündən baxıram indi.
.
Nə dərd çək, nə həsrət, nə də ki ağla,
Neçə ki, səninəm… Unut dünyanı.
Sən gəl, ürəyini buz kimi saxla,
Bircə gözəli var vur-tut dünyanın.
NƏYİMƏ LAZIMSAN MƏNİM, AY ŞEİR
O qız heç nə görmür tacdan savayı,
Nəyimə lazımsan mənim, ay şeir
Ömürdə sonuncu ana bənzəyir,
Sadağa verdiyim cana bənzəyir.
Narın göz yaşınnan sıxıram onu,
Di gəl, ağ vərəqdə qana bənzəyir –
“Nəyimə lazımsan mənim, ay şeir…”
.
Daşıdın varımı-yoxumu, neynim,
Apardın ruhumun çoxunu, neynim.
Bir qızın eşqinə yazırdım səni,
O da yazdığımı oxumur, neynim –
“Nəyimə lazımsan mənim, ay şeir…”
.
Dərdi gəlişindən tanıyıram mən,
Bəxtə düşən bəxti qınayıram mən.
Son dəfə, son dəfə şairliyimi,
Sonuncu şeirdə sınayıram mən –
“Nəyimə lazımsan mənim, ay şeir…”
BİR AZCA
Göyçək tellərini oxşamaq hədər,
Yel olub üstündən əsəm bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də Allah bilir nəsən, bir azca.
.
Bizə qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necəsən, səndən də küsəm bir azca…
.
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən…
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə desən, bir azca.
Share: