Qabaqcadan deyim ki, yazıda ona vermək istədiyim şərti adla razılaşmadı. Məlum məsələdir ki, ona bu yazıya görə söz gəlməsini istəmirəm. Həm də yaşı çoxdur. Bu gün sabah 80-ni arxada qoyacaq.
– Yox, – dedi. Bu adla doğulmuşam, yaşadığım, keçdiyim yol bu adla olub, bu günümü də ömrümdən, taleyimdən silə bilmərəm ki. Adım qoy olduğu kimi qalsın.
Həyat hekayətinin bir parçasını bizimlə bölüşən bu adam qocaman pedaqoqdur. Cəlilabad rayonunun Cəfərli kəndində doğulub, yaşa dolub. İxtisasca ədəbiyyat müəllimi olan Böyükxan Nağıyev uzun müddət məktəb direktoru işləyib. Hazırda isə ömrünün dustaq həyatını yaşayır. 6 saylı CÇM-in sakinidir. Artıq 3 il olar ki, arzuları da baxışları kimi dəmir torlu hasarı o tərəfə adlaya bilmir. Qəfəsdədir. Vurnuxur. Bu da bir taledir… “İnsan taleyi” layihəmizin budəfəki qonağı ilə müəssisənin görüş yerində həmsöhbət oldum.
Görüşümüz aprel ayının əvvəlində baş tutdu. Cəza müəssisəsində nələrin necə baş verməsi haqda başqa bir yazıda ətraflı bəhs edəcəyim üçün qısaca onu demək yerinə düşər ki, görüş otağına çatana qədər bir nəfərə 30 manat pul çıxdı. Onu da deyim ki, Böyükxan müəllimin görüşünə gedən biz iki nəfər idik. Bir dustağın yanına 4-5 adamın gəldiyini nəzərə alsaq…
Müəllim giriş qapısına yaxın olan bir stulda oturmuşdu. Narahat halda içəri girən adamların düz gözünün içinə baxırdı. “Görəsən görüş alan kimdir?” sualı narahat baxışlardan aydın oxunurdu.
Narkotik satışı – ədəbiyyat müəllimi, direktor…
Yaxınlaşıb ərklə salam verdim: – Necəsən?..
Hündürboy olması elə oturuşundan bilinir. Ayağa durub, əl uzatdı. Oturmaq üçün yer göstərib, yaxşı olduğunu dedi. İçimdən bu fikri keçirdim: “Ay ağsaqqal, axı necə yaxşı ola bilərsən, bu yaşda, burada, özü də o maddə ilə?”
Bir azdan şair Aqşin Yenisey də gələcək. O, sonuncu “filtrizasiya” otağındadır. İlk olaraq mən girmişdim. Qısaca onu dedim ki, sənin də pulunu verdim. Doğrusu, xərclərin hamısını o özü çəkmişdi. Axı məni də görüşə təkid edib o aparmışdı:
– Sənin təcrübən var, kişi mənimlə görüş istəyib, hekayələri var, kitab dərc etdirmək istəyir, – demişdi.
Çay sifariş veririk. Böyükxan müəllimin əlyazmalarına nəzər salıram. Və onunla həbsi haqda söhbət etmək istədiyimi bildirirəm. Razılaşır.
– Artıq 3 ilə yaxındır ki, həbs olunmusunuz. Nə fikirləşirsiniz?
– Çox şey. Burda hər şey və hər kəs haqda fikirləşməyə vaxt var.
– Müəllim işləmisiniz.
– Hə, ədəbiyyat müəllimiyəm. Məktəb direktoru idim.
– Gələcək nəslin təlim-tərbiyəsində, onların vətənə, ailəyə, insanlığa layiq böyüməsində tövsiyələriniz olub.
Böyükxan müəllimin səsi batıq gəlir. Çox uzaqlardan eşidilir elə bil. Həm də üzündəki günahkar ifadənin inikası var bu səsdə:
– Bəli, olub. Bilirəm nə deyəcəksən.
– Hər halda, hər şey haqda fikirləşəndə onu da fikirləşdiniz ki, gərək bu yaşda bu əməllə cinayətə cəlb edilməyəydiniz.
– Çox ağır mövzudur. Elə bütün yaşlarda yaxşı hal deyil. Özümü çox pis hiss edirəm.
– Necə oldu? Axı siz kifayət qədər nüfuz sahibi olmusunuz. Direktor işləmisiniz, dolanışığınız yaxşı olub. Narkotik satışına baş qoşdunuz.
– Bu, çox uzun söhbətdir.
– Eybi yox, vaxtımız var…
– Düzdür, məni narkotik maddələrin satışına görə tutublar, amma bu, heç də elə deyildi.
– Demək, narkotik olmayıb.
– Yox, olub, özü də külli miqdarda. Amma… yaxşısı budur, başdan danışım.
Onun zibilinə düşdüm
Xeyli fikrə getdi, uzaqlara boylandı sanki. Elə bil, baxışları onu ardınca cəza evindən götürüb, əlindən tutub 3 il qabağa, Cəlilabadın Cəfərli kəndinə apardı. Çay içdi. Mövzuya girməzdən öncə səhhətindən şikayət etdi. 12 il həbs cəzası almasını, apelyasiya şikayətinə görə cəzanın 3 ilinin azalması, prokurorun protest verməsini, işin Ali Məhkəmədə olmasını dilə gətirdi və siqaret yandırdı:
– İranla sərhədlər açılanda çox sevindik. O tərəfdə qohumlarımız vardı. Sovetlər dönəmində də məktublaşardıq. Müstəqillik əldə olunduqdan sonra görüşmək imkanı da yarandı. Getdik, tapdıq, bir-birimizə sarıldıq. Onlar da gəldi-getdi. Qohumlardan Nurəddin adlı birisi vardı. Müğənni idi. Tez-tez bu taya keçirdi, toylarda oxuyurdu. Bizdə qalardı. Mən onun zibilinə düşdüm.
Susdu. Əvvəlcə mənə, sonra Aqşin tərəfə döndü, sonra yenə də fikrə getdi. Sanki ürəyində götür-qoy edirdi.
Bir çanta tiryək, 6000 dollar, “armudu stəkan”
– Nurəddin nə etdi ki?
– Bir dəfə səhərə yaxın Nurəddindən mənə zəng gəldi. Dedi ki, sərhədi keçmişdim, gördüm tutacaqlar, qayıtdım geri. Sənədlərim düz deyilmiş. Qaçaq gəlibmiş. Dedi ki, bəs, filan yerə bir bağlama qoymuşam onu götür apar evə. Gəlib götürəcəklər. Dediyi yerə xəlvət getdim. Gördüm bir məktəbli çantasıdır. Ağır idi. Fikirləşdim ki, yəqin mənə bal gətirib, axı həmişə oradan bal götürərdim. Açıb baxanda isə gördüm ki, 5 ədəd qalın kağıza bükülüb kip bağlanmış kərpic halında bir şeydir. Bu vaxta qədər görmədiyim bir şey idi. Nə isə gətirib qoydum evə. Zəng edib nə olduğunu soruşdum. Dedi ki, tiryəkdir. Gizlə. Gəlib aparacaqlar.
– Bəs ona demədiniz ki, gəlin malınıza yiyə durun? Axı cinayətə şəriklik edirdiniz.
– Dedim, nə olsun, gələ bilmirdi. Ona bu taya keçməyə qadağa qoyulmuşdu. Təxminən 6 ay saxladım. Günlərin birində zəng vurub dedi ki, bəs, Zaqataladan Saşa adlı bir nəfər gəlib əmanəti aparacaq. Səhəri mənə zəng gəldi. Zaqataladan gəldiyini dedi. “Armudu stəkan”da görüşdüm. (Cəlilabadın girəcəyində çayxanadır. – F.B.) Gördüm ki, qarabəniz bir adamdır. Belə Saşa olmaz. Ona dedim ki, Saşa haradadır. Dedi ki, işi çox idi, məni göndərdi. Nə isə bir az söhbət etdikdən sonra qərara aldım ki, bağlamanı ona verəm. Çayxanada gözləməsini xahiş edib, kəndə qayıtdım, götürüb geri gəldim. Mənə dedi ki, bir taksi tutaq məni Zaqatalaya aparsın, ya da özün apar, yol xərci kimi 6000 dollar verəcəyini də əlavə etdi. Yaxşı pul idi, həm də başqasına etibar etmədim. Yola düşdük. Zaqatalada gözləməyimi istədi, Saşa ilə görüşüb gələcəkdi. Nə isə, bir azdan qayıtdı, 1500 dollar verdi, Saşa isə yox idi. Mənə dedi ki, o səninlə görüşmək istəyir. Bir-iki saat gözləməli olacaqsan. Razılaşmadım, qayıtdım geriyə. Bir müddət sonra televiziyada gördüm ki, həmin adam həbs olunub. Narkotik maddəni məndən aldığını söylədi. Dedi ki, Şəkidə tanış olmuşuq. Guya mən ora noxud aparmışam və bu zaman təklif etmişəm
– Niyə Şəki?
– Sonradan bildim ki, sərhəd pozucusu kimi əlavə maddənin salınmasını istəmirmiş. Səhəri günü sahə müvəkkili gəlib məni polis bölməsinə apardı. Getdim. Soruşdular ki, belə şey olub, dedim, hə, düz deyir. Amma Şəkidə yox, burada görüşmüşük. Sonra hadisəni olduğu kimi danışdım.
– Bəs Nurəddin necə oldu?
– Nurəddin İrandadır. Onun haqda da danışdım. Amma inanmadılar. Qabaqcadan əlbir olmusunuz, – dedilər.
Bilmirəm axırım necə olacaq
– Deyəsən nəyi isə düz demirsiniz axı. Anlaqlı şəkildə necə və niyə bu boyda bir cinayətin altına girdiniz? Görünür, marağınız olub.
– Yox, mən qohumluq, dostluq itirən adam deyiləm.
– Heç olmasa, Nurəddinə demişdinizmi ki, mən məktəb direktoruyam, ahıl adamam, məni bu işə qatma.
– Demişdim. Ona çox dedim ki, gəl, zibilinə sahib çıx, amma nə etmək olar. O, and aman etdi ki, gəlib götürəcəklər, pulu ilə də işin olmasın, özləri çatdıracaqlar.
– Bəs Saşa necə oldu?
– Saşa MTN-ə işləyirmiş. Malı Zaqatalaya aparan kimi xəbər edib. Onlar məni ləngidib həbs etmək istəyiblər. Amma mən duyuq düşüb, qayıtdım. İstəmirdim məni görsünlər.
– Kifayət qədər hörmət sahibi olan bir adamın, sizin bu məsələdə adınızın hallanması və həbsiniz sizcə tanıyanlar tərəfindən necə xatırlanacaq, fikirləşdinizmi?
– Mən bilmirəm, kim nə fikirləşir. Amma aydındır ki, nə deyə bilərlər. Əsas odur ki, bu, məni çox narahat edir. 70-dən çox yaşım var, 12 il də həbs cəzası. Stenokordiya və başqa xəstəliklərim var. Bilmirəm axırım necə olacaq, bu cəza müddətini çəkməyə gücüm çatacaqmı?..
– Demək peşmansınız.
– Əlbəttə.
– Daha çox nədən və kimdən ötrü darıxırsınız?
– Mənim yaşım çoxdur. Darıxsam da, tələssəm də günlər sürətini artırmaz. Hələ çox illər burada olacağam. Uşaqlarım təhsillidir, yerbəyer olunublar. İşləri var. Tez-tez gəlirlər, görürəm. Amma doğurdan da darıxıram.
İlahi, gözlərin kədəri bu qədər dəqiq oxuna bilməzdi. Ahıl bir adamın bəbəklərindən sanki ovuc-ovuc kədər yağır hər yerə. Hündür boyuna, yaşına baxmayaraq, şax qamətinə rəğmən, bu gözlər nə qədər aciz və sahibini ələ verənmiş.
– Atam qoz ağacı əkmişdi həyətimizdə. Mən onların yerini dəyişdim. Yaxşı inkişaf edən, bar verən ağaclar idi. Kölgəsində oturardım həmişə. Bax o ağaclar yuxuma girir, darıxıram o ağaclar, o ağacların kölgəsi üçün…
Faiq Balabəyli