Dörd fəslin ilkinə yenə hamiləydi ana təbiət…Göyün qanadlarından asılmış boz durna lələkləri uçub, uçub gəlmişdi dumanlı dağların yol ayrıcına…
Çiçək ömürlərin yarpaq-yarpaq ləçəkləndiyi yerlər dərindən nəfəs alırdı…
Çinar oğulların çinar qəddinin göylərə uçaldığı çinar ömrünə dönmüşdü gözləri vüsal ağlayan yurd yerləri…
Yanağında çökək olan nurüzlü iğidin səsi çökmüşdü pöhrə ağacların tumurcuqlarına…Küləyin xəfif xışıltısı bu möcüzəni dalğa-dalğa dağların, düzlərin arasına yayırdı…
Dərələr, təpələr qırmızı rəngin göyərtdiyi bənövşəyi çiçək rəngindəydi…
Kiminsə əllərindən qopmuşdu o çiçəklər, kiminsə ayağından güc almışdı.
Hələ o muncuq kimi gözlərin qarasına, alasına, göyünə, qonuruna bürünmüşdü vəfa çiçəyi, olmuşdu yaramızın şəfa çiçəyi…
Bu gün gül dənizində onun yeri bambaşqadı…Göylərin ruhu var o çiçəyin üstündə…Ruhumuzun bələdçisi, qəlbimizin sərhədçisi oldu qısa müddətdə…
Baxıram gözlərimin dərinliyinə…bir ayaq, bir əl sevdiyinə doğru iməkləyir… Bağrında bir çiçək bənzəyir baş tacına…Güllələr gül yerində gül açmış…
Ayaq-ayaq, əl-əl, göz-göz, ürək-ürək danışır kəlmələr…Darıxır ürəklərinizi əmanət etdikləriniz…Sonsuzluqdu bu həsrət, ən ülvi sevgiyə qurban gedən sevgilərin geri dönüşü olmur…
Döyülür bu gün müqəddəs qapılar. Açılır nur dolu üzlərə… Göz yaşları sevinir bu qayıdışdan…
Qapıları şəhid oğulların sayı qədər şəhid olmuş analarımız açır Xarıbülbül çiçəyinə…