Bir çox akademiki mafiya başçısına oxşayan ölkədə…

Bir çox akademiki mafiya başçısına oxşayan ölkədə…

Yazıçı, jurnalist Sərdar Aminin İlbər Ortaylı və Cəlal Şəngörlə bağlı “Azərbaycana ayaq açan oyunbazlıq” adlı yazısına cavabı mobil telefonda yox, elə ortaq media platformamız olan “Qafqazinfo”da vermək qərarına gəldim. Fikrimi Sərdarın adını yuxarıda qeyd etdiyim yazısındakı bəzi cümlələr üzərində dayanaraq əsaslandırmağa çalışacağam:

 

Sərdar yazır: “Necə ki, mollalar çıxışının ayələrə, hədislərə birbaşa bağlı olduğunu göstərmək üçün ayəni ehtiyac oldu-olmadı əvvəl ərəbcə deyir, sonra Azərbaycanca təkrarlayır, Cəlal Şəngör də çıxışlarında bu fənddən istifadə edir, antik alimlərin fikirlərini əvvəlcə latınca deyir, sonra türkcə mənasını açıqlayır”.

Bu sitat və bu cür adqoyma olsun ki, dırnaqarası mollalara yaraşır, amma hocalara qətiyyən. Çünki əsl alimlər orijinaldan gətirdiyi sitatı dil bilgilərini nümayiş etdirmək üçün yox, orijinal fikri mövzunun kontekstinə uyğunlaşdırmaqdan ötrü çəkirlər. Bilənlər bilir ki, əsas fikir (orijinal) tərcümədə izahlı fikirə çevrilir. İstinad olunan fikir tərcümə vasitəsiylə sadə insanlara çatdırılır, sitatı çəkən isə adətən tərcüməyə əsaslanaraq yox, orijinala söykənərək həmin düşüncəni şərh edir. Əksini düşünsək, onda Tolstoyun, Dostoyevskinin əsərlərindəki fransızca parçaları da “özünü göstərmək” kimi qavraya bilərik. Nədənsə bəzi hallarda təkəbbürümüz üzündən biz ağıllı adam görəndə onun zəkasını qiymətləndirmək əvəzinə, biliklərini bizə nümayiş etdirdiyini düşünürük. Məsələn, Cəlal Şəngörün bizim önümüzdə qürrələnməyə nə ehtiyacı  var? Niyə özünü dilimizə qınaq, dişimizə saqqız eləsin ki?

Sərdar yazır ki: “Cəlal Şəngör geoloqdur və qonaq olduğu əksər proqramlara ayıb olmasın deyə öz peşəsi haqqında danışaraq start verir”. İllərini humanitar elmlərə həsr edən Cəlal bəy kimi bir adam, guya 4 il tarix üzrə bakalavr təhsili alsaydı, bu ona əlavə nə qədər elmi qüdrət qazandıra bilərdi ki? Cəlal Şəngör ixtisas sahibi deyil, amma buna görə  onu “həvəskar” adlandırmaq da insafdan deyil. Tarix onsuz da mənbələrdən, arxivlərdən öyrənilir, universitet təhsili vasitəsi iləsə ancaq istiqamət müəyyənləşdirmək olur.  

 

Sərdar qeyd edir ki, İlber Ortaylı: “Orxan Pamuk türkcə bilmir” yazır.

Azərbaycanda belə kəskin iddiaları Kəramət Böyükçöl kimi gənclər edir”. Orxan Pamuk Türkiyə türkcəsinə dərindən vaqif olmaması haqqında yazılan tənqidlər bu günün söhbəti deyil, azı 30 ilin düşüncələridir. İlbər Ortaylının o sözü demək və fikrini əsaslandırmaq üçün kifayət qədər maraqlı dəlilləri də var. Və o dəlillərin (iradların) bir çoxu Orxan Pamukun əsərlərini nəşr edən nəşriyyatlar tərəfindən sonrakı nəşrlərdə nəzərə alınır. Amma başqasının yerinə etiraz etmək, qəbullanmamaq isə bizə qalır. Məsələn, Pamukun “kendimi yaptım” ifadəsi ingiliscə düşünən bir adamın beyninin məhsuldur. Türkiyə türkcəsinə, dilin yaratdığı təfəkkürə aşina adam bilir ki, “kendimi yapmak” erotik frazadır. Kütləvi oxucusu olan yazıçı üçün isə belə iradlar yerindədir. Çünki Orxan Pamukun naşirləri bu cür məsələyə bizdəki kimi “özümüz yazıb özümüz oxuyuruq” rahatlığı ilə yanaşmır. Axı dünyaca məşhur yazarın bir cümləsinin yanlışı yüz dildə zühur edir. Və Türkiyə mühitində bu cür polemikalar var. Təsəvvür eləyin ki, Azərbaycanda kimsə Nobel ala, onun əsəri barədə bu cür bariz tənqid fikir yürütmək olarmı? Ən azı faktlardan əlavə, hür münasibətləri nəzərə alıb bu məqamları kiməsə irad tutmaq, məncə, düzgün deyil.

 

Sərdar bildirir ki:
“Auditoriyanın İlbər Ortaylı və Cəlal Şəngörə olan sevgisi isə elmə deyil, məşhur şəxsə olan sevdadır”. 

Hər bir tamaşaçı sanki müsahibə alan jurnalistdir. Necə ki, jurnalist müsahibi sözün yaxşı mənasında idarə edir, eləcə də, auditoriyadakıların gözləri, hissiyyatı onları – Cəlal və İlber bəyləri idarə edir. Onlar meydangirdilər, auditoriyanı hiss edərək danışırlar, yaxşı bilirlər ki,  həddən artıq ciddi mövzularda harda danışmaq olar, harda yox. O, “bazarı” isə onlar formalaşdırmayıblar. Təəssüf ki, ömrümüzdə ilk dəfə “alim ixrac etmişik”, onlara da ağız büzürük.

 

Bəs İlbər Ortaylının, Cəlal Şəngörün böyüklükləri hardadır? Onlar kitablarına nə üçün “çağıran adlar” qoyurlar?” Məgər onlar ancaq şöhrət, pul dəlisidirlər?

Türkiyədə Osmanlının tarixinə kor-koranə qapılan minlərlə insan var. Məsələn, İlbər Ortaylının “Türklərin qızıl çağı” kitabı təkcə türklərin renessansı barədə deyil, imperiyanın naqis cəhətləri, tarixin üzərində alternativ tarix yaratmaq cəhdi  kimi qiymətlidir. Böyük qələbələdən  xalqlara böyük yalanlar miras qalır. İstanbulun fəthi barədə cild-cild uydurmalar var, çünki əzəmətli qələbədən sonra tarix yazan qələmlər vicdanlara yox, ağızlara baxarlar. İlbər Ortaylının İstanbul və Osmanlı barədəki kitabları məhz ağızlara baxmayan qələmlə yazılmış tarixi mətnlərdir. Bu səviyyədə adamları “Bakıya gələn elm Şeyx Nəsrullahları” kimi qələmə vermək isə insafdan deyil.

Cəlal Şəngör “Dahi diktator” adlı kitab yazıb. Diktator sözünün yanlış, ancaq pozitiv qavramı barədə orda çox ciddi, ayıldıcı fikirlər var. Atatürkü kor-koranə sevənlər üçün əla alternativdir. O kitabda Atatürkün xarici siyasətçilərin nəzərindəki obrazın formalaşdırılması barədə də maraqlı faktlar çoxdur. Alternativ tarix yaradan adamlar xalqı aldadan yox, yalanlardan xilas edənlərdir. Onlara nə cür fırıldaqçı demək olar?

Məsələn, 50 ildir çoxları yazır ki, Türkiyənin böyük şairi Orxan Vəli gecə kanalizasiyaya yıxılıb, başı betona dəyib ölüb. Görkəmli araşdırmaçı Haluk Oral “Bir roman kahramanı” adlı kitabında sənədlərlə sübut edir ki, Orxan Vəli öldüyü gecə dostunun – Fuad Ömər Kəskinoğlunun sevgilisi Müzəffər Gencay ilə içki içirmiş, qəfildən halı pisləşib və ölüb. Bu faktı təhrif edənlər, bir-birindən köçürməyi mənbə yaratmaq sayanlar, Orxan Vəlinin gecə dostunun sevgilisinin evində keçirməsinin dedi-qodusundan narahatlıq duyanlar 50 ildir ki, həqiqəti yazmırlar, hamını yalanla yemləyirlər. Bunu üzə çıxaran Haluk Orala isə populist deyirlər.

Sərdarın yazısındakı sonuncu cümlə isə belədir… “Sovet disiplini ilə sahmana salınmış Azərbaycan elm plastına avantürist xaosun sirayəti xoş mənzərə deyil”.

Azərbaycan elminin əksər sahələri müasir dünyadan o qədər təcrid olunub ki, ona “heç zad eləmək” mümkün deyil. Bir sıra sahələri qulağına pambıq tıxayıb yatmış elmimizi, Cəlal və İlbər bəyin Bakıya enən təyyarələrinin səsi çətin oyadar…

Sərdar humanitariyanın fırıldaqçılığa açıq olduğunu yazır. Bu məqam da iki nəfərin boynuna qoyulası günah deyil. Bu türk, müsəlman, ümumən Yaxın Şərqdə belədir. Çünki Şərqdə əhvalatı, hekayəti olmayan heç nəyin müştərisi yoxdur. Dünyada dronlar çoxdan vardı. Amma “Bayraktar” çıxdı və türk, müsəlman dünyası onu texnoloji eranın Əbabil quşu kimi qəbul etdi. Əksi halda şüuraltı olaraq qəbul edilməsi mümkünsüz idi. 

“Kitabi-Dədə Qorqud”da necədir, ad qazanmaq üçün gərək hansısa igidlik hekayətin ola və o hekayətə uyğun ad alasan. Qərbdə bütün elmlər fəlsəfədən, Şərqdə isə Ədəbiyyatdan qopub. Bu, ümum təfəkkür isə tələb-təklif məsələsidir ki, onun da baiskarı adı çəkilən alimlər yox, çoxdan dünyadan köçünü sürüb getmişlərdir.

 

Nədənsə bizdə turistlərə, xüsusən ərəblərə qarşı elə münasibət var ki, sanki onlar bura gələnə qədər heç yerdə olmayıblar. Amma unutmayaq ki, onların arasında dünyanı dolaşıb, pinqivinlərlə xatirə şəkli çəkdirib, qar uçqunlarından salamat çıxandan sonra “bir Azərbaycanı da görüm” deyənlər az deyil. İlbər və Cəlal bəy də dünyanın ən qeyri-adi auditoriyalarında olublar. Ən azı İlbər bəyin “Səyahətnamə” kitabına baxın. Biz isə onları “bura gəlib özlərini göstərən adamlar” kimi qiymətləndiririk. Guya özlərini göstərməyə başlarına yer qəhətdir. Əlbəttə, bir çox akademiki mafiya başçısına oxşayan ölkədə o cür alimlərin qəbul ediməməsi anlaşılandı…

Bizdə tribunalara ayna qoymaq vərdişi isə heç zaman olmayıb…

Fərid Hüseyn,

Xüsusi olaraq “Qafqazinfo” üçün


Share: