Müstəqil.Az şair Şəhriyar İbrahimovun yeni şeirlərini təqdim edir:
Ayaq izin yetim qoyub bu mürgülü yolları,
Gözlərimin giləsində neçə payız yağışı..
Səmalara yetişmədi duamızın qolları,
Heç unuda bilmədim ki,
Sevgi qoxan o sehirli,o şeirli baxışı…
İsidərmi gün işığı,dağ-dağ olan ürəyi?!
Bir ömürlük ağır yükdü,həsrətinin azı da..
Xatirəmdə ləpələnir gözlərini süzməyin,
Vüsal yoxdu bəlkə elə-
Eşqimizin qismətinə düşən bu kor yazıda…
Çiskin-çiskin gözdən axır könüllərin leysanı.
Bircə qutu ümid yox ki,alışdırım təzədən.
Gəl sevindir gözü yola səpələnən insanı.
döy qapımı de ki,de ki-
Davam edək bu sevgiyə qaldığımız yerindən..
Bəs hardasan üzümdəki intizarın memarı?
Hələ vallah gözümdədir süzə-süzə yerişin..
Bax! səninçün hər gün evə gətirirəm yolları.
Axı olur,eşitmişəm-
Mütləq olur qayıdışı,əlvidasız gedişin…
Gəl qucaqla payız vuran sevgini,
Yarım qalan arzuları bitir, get !
Xəyalımdan gülüşünün rəngini,
Bir də qara gözlərini götür, get !
Get deyirəm..taleyimə hönkürüb,
Ağ günümü apar qara saçında.
Saçlarının qoxusunu mən büküb.
Həbs edərəm barmağımın ucunda..
Get.. qəlbinin alışdığı ocağa!
Səndən heçnə istəmirəm…sağlığın..
Divarları qəm qoxuyan otağa,
Bundan sonra nə qalacaq…yoxluğun…
Get..Sənsiz də dəf edərəm payızı..
Biraz qəlbi döyəcləyər həsrətin..
Şeirlərim topa tutar kağızı,
Qələm qusar sətir-sətir nifrətin…
Yavaş yavaş unudaram bəlkə də..
Yavaş yavaş alışaram təkliyə..
Təsəllini axtararam içkidə,
Yavaş-yavaş az baxaram şəklinə..
Üfürərəm sənsizliyin həsrətin,
Səfil-səfil dolanaram gecələr.
Qaçıraram yuxusunu zülmətin,
Yorğun düşər ayağımda küçələr..
Eh…inanma…sənsizliyə dözüm yox,
Sən də getsən quruyarmı göz yaşım..
Bilirəmki unutmağa gücüm yox,
Gözlərinə əsir düşüb yaddaşım..
Kim dağıdar gözümdəki buludu?
Kimdi mənim gülməyimə xiridar?
Dil tökərəm..qürurumu unudub,
Bilsəm əgər qalmağına ümid var…
Yol uzaqdı səadətə,birdənəm..
Ürək eşqin zümzüməsin unutmur.
Sobaların daha canı cəhənnəm,
Buz bağlamış xatirəni ovutmur…
Könül daha fəsil-fəsil soyuyur,
Ürəyimin eyvanına qış düşür.
Baxışımda neçə bulud uyuyur,
Gülüşümün sahilinə yaş düşür..
Payız ömrün qürub çağı başlayır.
Üfüqlərdən əl yelləmir daha yaz.
Dərd qəlbimi uşaq kimi daşlayır,
Saçlarıma boran düşür,qarbəyaz..
Xatirələr soyuq olur birdənəm,
Yollarımı qucaqlayır intizar.
Gecələri qonaq gəlir kədər-qəm,
Bədənimə sığal çəkir ağrılar..
Bax beləyəm canım gözüm,bax belə,
Nə desən de :”payız adam” “qış adam”
Gözümdəki yağmur ilə,nəm ilə,
Bəlkə qışla, payız ilə yaşıdam..