Bir gecədə doğuş zamanı 2 uşaq niyə öldü? -SƏBƏBLƏR

Bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə saatlarında baş vermiş uşaq ölümlərinin ilkin səbəbləri açıqlanıb.

Doğuş şöbəsinin müdiri Rəna Rəsulova Publika.az-a bildirib ki, hər iki qadın xəstəxanaya vaxtında müraciət etsəydi, bəlkə də, belə hal yaşanmazdı:

“Rəvanə Yusifova ölü döllə xəstəxanaya daxil olub. Həmin vaxt qan təzyiqi 190 olub. Uşağın göbək ciyəsi tam çürümüşdü. Rəvanə Yusifovaya hamiləliyi boyunca bütün antenatal qulluq Bakı şəhərində olub. Yalnız doğuşun rayonda olmasını istəyib və doğuşun planlaşdırılması üçün gəlib. Qadın hamiləliyin 41-42-ci həftələrində olub. Bu gecikmiş uşaq hesab edilir. Xəstəxanaya doğuş planlaşdırılması üçün 15 gün əvvəl müraciət edəndə ona doğuş vaxtının mayın 5-də təyin olunub. Qadın özü də təsdiq edir ki, doğuş vaxtının gecikdiyini bilsə də, həkimə müraciət etməyib. Bu müddət ərzində uşaq ana bətnində ölüb. Uşağın göbək ciyəsinin rəngi yaşıl idi, dölyanı maye isə qalmamışdı”.

Digər qadın Saniyə Əhmədova isə doğuşun birinci mərhələsində gecə saat 00:10-da qəbul olub, 05:00-da isə uşaq dünyaya gəlib.

“Doğuş vaxtı göbək ciyəsinin həqiqi düyünü 3 dəfə uşağın boğazına sıx dolanmışdı. Doğuş zamanı uşağın başı çıxmaq istəyəndə boynuna dolanan göbək ciyəsi buna imkan verməyib. Nəticədə uşaqda tənəffüs, ürək döyüntüləri olmayıb, çox ağır vəziyyətdə dünyaya gəlib. Neonatoloq yarım saat ərzində uşağı həyata qaytarmaq üçün çalışıb. Lakin bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Bu hallar tibdə mümkündür, bütün bunlar hamısı ananın gözü qarşısında baş verib. Uşağın həmin vəziyyətini qadının bacısı, valideynləri də görüb. Uşağın ölümünə də səbəb düyünlü göbək ciyəsinin onun boğazına dolanmasıdır. Hamiləliyin 38-39-cu həftəsində idi, vaxtında müraciət edilsəydi, uşağın həyatını əməliyyatla xilas etmək mümkün olardı. Lakin xəstəxanaya müraciət edəndə artıq doğuşun birinci mərhələsində idi. Uşağın ürək döyüntüləri də normal idi. Qanaxma, uşağın ürək döyüntüləri pisləşəndə, baş irəliləməyəndə şübhə yarandığından Ultrasəs müayinəsi edirik. Lakin bu doğuşda dediyim problemlərin heç biri müşahidə edilməyib. Ona görə də ultrasəs müayinəsinə ehtiyac duyulmayıb. İlk doğuş üçün 5 saat ağrı olub ki, bu da normal hesab edilir. Saniyə Əhmədovaya antenatal qulluq bizim xəstəxanada olub. Lakin hamiləliyi boyunca iki dəfə həkim qəbuluna gəlib. Hər dəfə bir bəhanə gətirib. Bütün bunlara baxmayaraq qadının yaxınları ölümün həkim səhvi olduğunu düşünür. Səhər saatlarında dava olub, həkimləri təhqir ediblər, ətrafı sındırıb dağıdıblar. Bu barədə həm polisə, həm də prokurorluğa məlumat verilib”, – deyə həkim bildirib.

R.Rəsulova bildirib ki, hər iki qadının birinci hamiləliyi olub.

“Hər iki uşaq tibbi ekspertizaya götürülüb, ölümlərin nəticələri yaxın zamanda açıqlanacaq”.

 

Share: