Müstəqil.Az şair Saqif Qaratorpağın yeni şeirini təqdim edir:
Tutub gecənin əlindən
Sabaha qonaq gedirik.
Səhərə bir üzü qara,
Bir üzü də ağ gedirik.
Yoxsa etdiyim günahdı,
Qarşıma çıxan nəs adam.
Bir gün özündən bezəndə
Hayana getsin bəs adam?
Dənizdən doğan günəşdi
İçimdə közərən ümid.
Yolumu gözləyir bəlkə
Sahildə dolaşan o it…
Qum üstünə şəkil çəkən
Beş yaşlı uşağam hələ.
Mən çoxdan ölmüşdüm axı,
Görən niyə sağam hələ…
Heyif,bax belə yaşadım,
Çıxdım bir dənin içindən.
Hər gün yenidən doğulur
Ömür kəfənin içindən.
Çətindi çoşan dənizə
Bir gecəlik sahil olmaq.
Dənizi yuxu apardı,
Təkcə mənəm indi oyaq…
Müstəqil.Az