“Bir mən duyum təkcə səni…”- Qabil Dərdli

Müstəqil.Az şair Qabil Dərdlinin yeni şeirlərini təqdim edir:
QULAĞIMA DE SÖZÜMÜ.
 
Qulağıma de sözünü
Pıçıltıyla, yavaşcadan
Eşitməsin bir kimsə də
İstər sirli, istər adi,
Mən eşidim sözünü tək,
Bir mən duyum təkcə səni.
 
Qulağıma söz de mənim,
Lap astadan, lap yaxından.
Eşitməsəm də eybi yox.
Dönüb baxsam bir üzünə
Anlayaram baxışından,
Gözlərinin qırışından,
Dodağının duruşundan…
 
Qulağıma de söz mənim,
Yanağından yanağıma
Ötürülər bir həzz mənim.
Nəfəsinin istisindən
Anlayacam hər kəlməni…
 
Qulağıma söz de mənim,
Mərhəm olsun nəfəsintək.
Qısqanıram sözlərini
Mənim olsun, qoy mənim, tək…
 
 
SƏNƏ QƏDƏR, SƏNİNLƏ…
Bir çiçəkdim öz tağımda,
üç yarpağım, bir tikanım.
Necə olur bir çiçək?
Digərləri kimi, ətirli, gözəl, baxımlı…
Olduğu yeri bəzər
özü istəməsə də…
Bir bülbüldüm öz bağımda,
bir budaqda gizli yuvam.
Necə olur bir bülbül?
Digərləri kimi, balaca, həssas, ürkək…
Yaşadığı bağı bürüyər
onun səsi,
qəlbləri yandıran hicran nəğməsi…
Bir gənc idim otağımda,
bir ürəyim, gözəlliyim, qürurum.
Necə olur bir gənc sevənə qədər?..
Mən də eləcəydim,
bax, SƏNə qədər…
Səninlə o çiçək gözəlləşdi daha da,
öz ətrinə bələdi olduğu yeri.
Vüsal nəğməsi oxudu o bülbül,
çıxıb yuvasından.
Necə olur sevən bir gənc?
Arzularını, xəyallarını
gerçəkləşdirmək üçün
verir birinə qəlbini,
tutur əlindən…
Mən də eləyəm SƏNinlə.
Xoşbəxtliyə gedən yolda SƏNlə əl-ələ…
SƏNdən sonra…
İstəmirəm SƏNdən sonrasını,
hər şey sənli-mənli, bizli, olsun istərəm…
Çox xoşbəxtəm indi,
buraxma əlimi..,
buraxma heç vaxt…
 
 
 
GETMƏ HƏLƏ…
 
Getmə hələ , bir az da qal,
Deməmişəm son sözümü…
Hələ əksin tərk etməyib,
Seyr edir bir-bir gözümü…
Getmə hələ, qal bir az da…
Uzat bir az bu yuxunu.
Ətrin hələ burnumdadır,
Dur, aparma bu qoxunu…
Getmə, hələ əllərinin
İzi qalıb əllərimdə.
Saçlarının burumları
Naxış salıb əllərimdə…
Getmə, hələ bədənimin
Dayanmayıb, vıjıltısı.
Göyün yeddinci qatından
Gəlir eşqin qıyıltısı…
Axı hələ keçməyibdir
Dizlərimin titrəməsi,
Getmə, hələ qulağımda
Pıçıldaşır sənin səsin…
Getmə hələ, hələ getmə…
Müstəqil.Az
Share: