Əslində, Şuşadakı Qlobal Media Forumu məndən ötrü başlayan kimi də bitdi.
Prezident İlham Əliyevin forum başlayan kimi məğrur görkəm alaraq zaldakılara və onların vasitəsilə bütün dünyaya müraciətlə dediyi “Hörmətli qonaqlar, xanımlar və cənablar, Qarabağa, Şuşaya xoş gəlmisiniz” cümləsindən və bunun ardından gələn pauzadan sonra…
Qısa pauzadan dodaqlarım altında özüm eşidəcək səsdə türklər demiş, “dakka bir, qol bir” dedim. Sonrakı eşitdiyim bütün sözlər paltar zivədən asılan kimi, o ilk cümlədən asılıb qaldı.
İlham Əliyev formatı da dəyişdi. “Kimin sualı var, buyursun” dedilər. Hərə bir yandan buyurdu, müxtəlif ölkələr, müxtəlif adamlar, amma demək olar ki, hamısı deyəsən, keçən il Serbiya və Şimali Makedoniya Prezidentlərinin verdiyi sullar ruhunda: “O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”, “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.
Yəni, cənab Prezident zəhmət olmasa, filan məsələnin haqqında proqnozunuzun nə olduğu deyin…
Mənim də sualım var idi, ona verilən sualların arasında belə bir sual verəcəkdim:
– Cənab Prezident, adətən, kiçik ölkələr qlobal müstəvidə baş verən hadisələrə reaksiyalar bildirmirlər, düşünürlər ki, bu mövzuda danışmaq onlara görə deyil. Ancaq buradakı sualların məzmununu nəzərə alsaq, mən də sizdən başladığı gündən hələ də müəmma kimi davam edən Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi haqqında fikrinizi almaq istəyərdim.
Ancaq nə mənə növbə çatdı, nə də İRNA əməkdaşının düz qulağımın dibində sual vermək istəyəndə, az qala sudurğaya tutulmasının həyəcanı məni də basdı, ona görə də fikrimdən yayındım. Eybi yox, onsuz da orada qardaş qırğını hələ yeni başlayıb və bu tezlilikdə bitənə oxşamır. Ona görə də, növbəti fürsətdə soruşaram deyə düşünürəm.
Forum növbəti günlər öz işçi rejimində davam edir. Xarici və yerli jurnalistlər Şuşanın müxtəlif yerlərinə səfər edirlər. Adamlar tək-tək, topa-topa hərəkət edirlər. Demək olar, tam əksəriyyət əlindəki smartfonu işə salıb, qaşısına çıxan hər şeyi lentə alır. Doğrudan da heç nəyi çəkməmək olmur.
Şuşada fasiləsiz aparılan tikintidən tutmuş, ucaldılan minarələrə qədər, Xarıbülbülün şəkillərindən, mərmi zərbələrindən deşik-deşilk olmuş divarlara, hotellərdə demək olar ki, aramsız olaraq fon musiqisi kimi səsləndirilən Xan Şuşinskinin səsindən tutmuş, betonqarışdıranın səsinə qədər, bütün səslər o qədər avaz olur ki, əlimizdə tutduğumuzun Quran olduğuna yüz faiz əmin oluram.
Yəqin heç kim səsləri Şuşanı başına götürən texnikaların bircə an da dayanmasını istəmir deyə, yaxınlaşıb gurultuya etiraz eləmir.
Türklərin az qala bütün dünyada izlənən “Möhtəşəm yüzyıl” serialında əvvəldən sonacan Sultan Süleymanın əlində nəqqaş brilliant üzük düzəltdiyini yəqin ki, hər kəs görüb.
Sultan Süleyman üçün əlində düzəltdiyi, az qala Osmanlı imperiyası qədər əziz olan, onun məhz bütün həyatını həsr edib naxış vurduğu zinət əşyasını xatırladır adama Şuşadakı görülən işlər. İlham Əliyev sanki, Şuşaya Sultan Süleymanın əlindəki həmin o gövhər kimi yanaşır. Şuşa da bu mənada İlham Əliyevin “əl işi”dir. Dünyada ən qiymətli şeylərin həm də əl işləri olduğunu nəzərə alsaq, Şuşa bu mənada nadir şəhər sayılmalıdır.
Hotelin pəncərəsindən baxıram, Prezident az qala hər addımda dayanıb görülən işlərə baxır, öz “əl işi”nin necə naxışlanmasından əvəzolunmaz zövq alır.
Ancaq onun “əlindəki iş” sonda kiminsə barmağına taxmaq üçün yox, bütün xalqın bağrına basmaq üçündür…
Bayaq hamının çəkhaçəkdə olduğunu dedim. Arada bir əlimi uzadıb mən də nəyisə lentə almaq istəyirəm. Bir tərəfdən də bunu Şuşada olduğumu bilən dostlar istəyirlər.
– Sən Allah, çək at görək necədir?
– Xankəndi necə görsənir?
Cəhdlərimin hamısı uğursuz alınır. Ruhum heç bir smartfon çəkilişinə icazə vermir…
Özüm üçün çəkirəm, hələ özüm doymamışam, qoy hələ doyunca baxım deyir. Gözlərini hətta qırpma deyir. Qoşulub heç kimə, heç hara baxmağa getmə deyir.
Otur elə burdaca, bax hardasansa orda, nə sağa bax, nə sola. Eləcə gözlərini aç, hara istəyirsən bax, hər yerdən eyni enerjini alacaqsan, lap istəyirsən, quru yerdə otur, amma tərpənmə, heç kimə qoşulma.
Namaz qılmıram, yoxsa ruhum mənə hətta, dəstamaz da alma deyərdi. Eləcə olduğun kimi səcdəyə get, pakılığından şübhən olmasın…
Ona tabe oluram, qoy nə istəyir eləsin, dincəlsin təki…
Həmkarlardan kiminləsə təsadüfən rastlaşanda təəccüblə soruşur:
– Bəs hardasan, niyə gözə dəymirsən?
Heç məni düzəməlli cavab da verməyə qoymur. Tanrı ilə başbaşalığın pozulmasından qorxur yəqin…
Avtobuslara minirik. Heyət geri dönür. Təşkilatçılar iştirakçıları bir-bir səsləyib hamının qayıtmaq üçün avtobusa minməsimdən əmin olmağa çalışır:
– Elbrus müəllim, burdasınız?
Cavab vermirəm, heç başımı belə tərpətməyə qoymur…
Avtobuslar yola düşür, yorğun iştirakçılar mürgülüyə-mürgüləyə oturacaqlarda yırğalanır.
Hotelin işçiləri təmizlik işindədir. Üç gündən geriyə qalanları təmiləyir, hotelin ortasında açılan sərgidə nümayiş olunan fotoları yığışdırırlar.
Gəlib müharibə vaxtı raketlə vurulan Gəncədə çəkilən bu fotoya çatanda ruhum hotelin əməkdaşına sakitcə pıçıldayır:
– Toxunma, onlara hələ baxıram…
Elbrus Ərud