
Sevil Azadqızı
SƏNSİZ ÇOX DARIXIRAM
Budur, yenə dənizin sahilində tək-tənha,
Fikirli dayanmışam, sıxır məni iztirab,
Dərdlə doludur sinəm, başımda yad fikirlər,
Yorub məni şübhələr, canımda qalmayıb tab.
Ulduzları səmada qaranlıq udur, tək-tək,
Sanki, ürəyim deyir, şübhələrdən gəl əl çək.
Qırçın dalğalar kimi ram olmur niyə ürək?
Bu qədər dərd içində gəl indi rahatlıq tap.
Gör neçə illər ötüb, bitmir bu ağrı-acı,
Nədən qəhətə çıxdı dərdimizin əlacı?
Kaş ödənə biləydi bu eşqin ehtiyacı,
Daha bir də oxunmaz bizim eşq adlı kitab…
Dalğalara göz dikib uzaqlara baxıram,
Sıxır yoxluğun yaman, sənsiz çox darıxıram,
Hardasan de, hardasan, şimşək kimi çaxıram,
Yoxluğuna əl açıb sənə edirəm xitab.
SÖZÜN ZİRVƏSİNDƏ, SÖZ BAŞINDAYAM
Başım çox görübdür haqsız qeylü-qal,
Bəzən budağımdan tökülmüşəm kal,
Fəsillər çəkibdir saçıma sığal,
Yaz, yay, payız ötüb, day qışındayam.
Mən nələr çəkmişəm inanmaz çoxu,
Kiminə nağılam, kiminə yuxu,
Hər yerdə mən varam, bacarsan oxu,
Bomboz qayasında, sal daşındayam.
Ələyib ömrümü, fələk aparıb,
Döyüb şaxta-boran, külək aparıb,
Dünya dilə tutub, kələk aparıb,
İxtiyar çağımdır, haqq yaşındayam.
Hələ atəşim var, səngiməyib köz,
Ey ruhum, zamanın nəbzini tut, döz,
Aldığım, verdiyim nəfəsimdir söz,
Sözün zirvəsində, söz başındayam.
KÖK SALAN ACI
Yenə rüzgar əsir, yağır yağışlar,
Dəyir pəncərəmə, çəkir naxışlar.
Üstümə dağ kimi gəlir baxışlar,
Bilmirəm bəs nədən yoxdur əlacı?!
Səngimir köksümdə kök salan acı.
Bir ovuc torpaqdır, bir qətrə sudur,
Yaradan yaradır, torpaqsa udur.
Bəlkə də bilmirəm, həqiqət budur,
Yalan təsəlliyə var ehtiyacı,
Səngimir köksümdə kök salan acı.
Bizə qənim oldu, kimə dedik can,
Zülmətə çevrildi gözümüzdə dan.
Nə gördük, nə daddıq bu gen dünyadan?
Çatmadıq vüsala, almadıq bacı,
Səngimir köksümdə kök salan acı.
Yaşadıq bu ömrü biz bilə-bilə,
Dərdimiz sığışmaz aya, nə ilə.
Dilbilməz əlindən çəkdik biz çilə,
Tale bəxş etmədi gözəllik tacı,
Səngimir köksümdə kök salan acı.
XOŞ ARZULAR
Esq adında bir dünya qur,
Çicək açsın qoy arzular.
Yerin, göyün qanadında,
Könül açan fəsillər var.
Səmalardan ulduzlara,
Gecələrdən gündüzlərə,
Yol eyləyən o gözlərə,
Nə dərd qonsun, nə qəm-qubar.
Azadlığı bayraq eylə öz əlində,
Xoş rüzgarın əli gəzsin qoy telində.
Nə qəlbində, nə dilində,
Ruhum, çəkmə heç ahu-zar.
Sevgi bəslə o ətirli qucağında,
Fəsillərin hər anında, hər çağında.
Bülbül ötən qəlb oxşayan eşq bağında,
Yurd salmasın heç zaman sar.
QIŞA BƏNZƏR HƏYATIM
Bu necə taledi, bu necə bəxtdir?
Bənzədi həyatım bir qış ömrünə…
Günümü don vurdu, ayımı sazaq,
Bənzədi həyatım bir qış ömrünə…
Vədəsiz günlərim bir- bir ötüşdü,
Qara tellərimə sazaq, qar düşdü.
Elə bil arzular məzara köçdü,
Bənzədi həyatım bir qış ömrünə…
Çevrildim qul oldum acı gerçəyə,
Oxşadım don vuran solmuş çiçəyə.
Büzüşüb kolunda ölmüş ləçəyə,
Bənzədi həyatım bir qış ömrünə…
Bilmirəm qismətim gözümdən qaçdı,
Sevinən diləklər üzümdən qaçdı.
Taqətim azaldı dizimdən qaçdı,
Bənzədi həyatım bir qış ömrünə…
Gün oldum, güllərə dola bilmədim,
Sevgimin ətrini ala bilmədim.
İnan ayrı oldum, qala bilmədim,
Bənzədi həyatım bir qış ömrünə…
Sevgi süfrəsinə qonaq gözlədim,
Həsrət baxışlarla onu izlədim.
Acı göz yaşımı qəlbdə gizlədim,
Bənzədi həyatım bir qış ömrünə…
Saçımın sığalı əlində qaldı,
Yağan o qar-yağış telimdə qaldı.
Heyif, vaxtsız sevgim dilində qaldı,
Bənzədi həyatım bir qış ömrünə…
İKİ BEŞİM
(Ad günümə özəl)
Ey əzizlər, doğma kəslər,
Bağça saldım, açdı güllər,
Hardan hara qovdu illər,
Ömür payım, zərdə şeşim,
Xoş gəlibdir iki beşim,
Xoş gəlibdir əlli beşim.
Vermədim günumü zaya,
Tanrım salıb özü saya,
Yol gəlmişəm doya-doya,
Həm dünənim, həm kecmişim,
Xoş gəlibdir iki beşim,
Xoş gəlibdir əlli beşim.
Od oldum, cevrildim közə,
Haqqla dayandım üz-üzə,
Konlümü vermişəm sözə,
Gül açıb sözlə gərdişim,
Xoş gəlibdir iki beşim,
Xoş gəlibdir əlli beşim.
Çatıb ömrün bəlli çağı,
Yaxın etmişəm uzağı,
Namərdə olmuşam yağı,
Qeylü-qalla yoxdur işim,
Xoş gəlibdir iki beşim,
Xoş gəlibdir əlli beşim.
YAMAN KÖVRƏLMİŞƏM
Yaman kövrəlmişəm, yaman dolmuşam,
Bir dəli ağlamaq dolub içimə,
Hicran saçlarımı darayır bir-bir,
Kədər sığal çəkir ömür köçümə.
Nədir mənsiz məni belə tərk edən?
İllərə qovuşub kölgətək gedən,
Sığmıram ruhuma bilmirəm nədən?
Dar gəlir bu dünya ölçü-biçimə .
Günüm aya dönür, aylarım ilə,
Aldadıb uşaqtək çəkirlər dilə,
Ay Sevil, bacarsan bir az səbr elə,
Sirat körpüsündən gəl hələ keçmə.
SÖZ
Hər şair xəyalpərəst,
Hər şair kövrək olmur,
Düşüncələr müxtəlif,
Hər söz də fikrə dolmur.
Söz haqdan
gələn səda,
Hər şey sözdür dünyada,
Çiçək kimidir o da,
Xoş sözün ətri solmur.
Söz var gətirir təlaş,
Söz də var kəsdirir baş,
Sözlə bitir hər savaş,
Hər söz tarixdə qalmır.
Gözəldir sözün düzü,
Sapa düzmə hər sözü,
Söz var qızardar üzü,
Hər söz göyə ucalmır…
GƏLİR
Mən də bu dünyada qərib kimiyəm,
Üstümə yüz yerdən havalı gəlir.
Bir haqq söz deyirəm mini şiniyir,
Tutub top-tüfəngə, davalı gəlir.
Meydanda alçıdır boyun əyənlər,
Məzlumun haqqını basıb yeyənlər,
Çoxalıb yalandan qardaş deyənlər,
Xeyri yana dursun, zavalı gəlir.
Görmək öyrədirlər fitrətdən kora,
Nadanlar əlindən gəlmişəm zara,
Sözü düz deyəni çəkirlər dara,
Əyri adamların iğvalı gəlir.
ADAMLAR
Min rəngə girirlər, min bir sifətə,
Üzü astarından baha adamlar.
Allaha tapınan azalıb indi,
Beyət eyləyirlər Şaha adamlar.
Baxan yox naləyə, aha, amana,
Ümid qalmayıbdır daha gümana.
Satırlar yaxşını hər gün yamana,
Qiymət qoymayırlar daha adamlar.
Oğrudan, quldurdan çəkinir hamı,
Düzün qəddin əyir elin eyhamı.
Zəhərə dönübdür dünyanın tamı,
Yaman at oynadır “o, ha” adamlar.
YANDIRAR
Dəyərsizə versən dəyər,
Özün öyər, mənəm deyər.
Verdiyi dərd qəddin əyər,
Sözü yandırar, yandırar.
Taxtdan endirər tamahın,
Dilindən səngiməz ahın.
Köksünü dağlar günahın,
Közü yandırar, yandırar.
Sevən eşqinə and içər,
Min gözəldən birin seçər.
Həsrət köksün dəlib keçər,
İzi yandırar, yandırar.
Bəxtdən gileyliyəm, taledən küskün…
Bəxtdən gileyliyəm, taledən küskün…
Qismətmi gecikdi, bəxtmi yubandı?
Divanə ruhuma yoxsa divandı?
Allah bu ömürdü, ya nərdivandı?!
Qalxıram əzabla üzüyuxarı…
Qismətmi gecikdi, bəxtmi yubandı?
Divanə duyğular gecmi oyandı?
Yoxsa, taleyimin yuvası yandı?
Qaranlıq yollarda azdırdı məni…
Qalxdığım nərdivan bitmir, tükənmir,
Taleyim yollarda yorubdur məni.
İstədim ömrümə bir sığal çəksin,
Desin unutmadım mən hələ səni…
İNTİZAR ÖLSÜN
Gecəni, gündüzu qatıb sevincə,
Üzündən-gözündən gülüş tökülsün.
Danış şirin-şirin, din incə-incə,
Gül açsın üzümdə, çicəklər gülsün.
Köhnə xatirələr dil açsın bir-bir,
Qalmasın ortada heç bir köhnə sirr,
Bas sinən üstünə xoş sözlə dindir,
Sevinc göz yaşları sevinci bölsün.
Ovut, can evində duyğular coşsun,
Mizrab telə dəysin, nəğmələr qoşsun,
Həsrət sona yetsin, hicran sovuşsun,
Daşdan-daşa dəyib intizar ölsün.
ADAM OLAR
Qeyrət gərək qanda ola,
Onda adam, adam olar.
Ruh bədəndə, canda ola,
Onda adam, adam olar.
Hər acıya sinə gərə,
Yıxıla, dura min kərə,
Dəstək ola xeyir- şərə,
Onda adam, adam olar.
El üçün alışa, yana,
Haqq ilə girə meydana,
İşarədən mətləb qana,
Onda adam, adam olar.
Dözə, dura hər bir dərdə,
Qalxa, enə pərdə-pərdə,
Qənim kəsilə namərdə,
Onda adam, adam olar.
ÜNVANLI ŞEİR
Gəl mənə qulaq as, aranı qatma,
Çörək kəsdiyini ucuza satma,
Əlin çatmayana sözlə daş atma,
Bir gün atacaqlar atdığın daşı.
Üzə de sözünü olsa da acı,
Tapılar dərdinin onda əlacı,
Haqq sözdən hamının var ehtiyacı,
Sonunda utanma, dik saxla başı…
Salıbdır toruna ağıldan bəslər,
Aldanma başında turp əkər tərslər,
Çoxalıb çeşməni lillədən kəslər,
Oynama hər sözə, gəl olma naşı.
Uduzan çox olub bəhəs-bəhəsə,
İnanma yağlı söz deyən heç kəsə,
Sonra geç olacaq, deyirəm kəsə,
Verməz bir nəticə gözünün yaşı…