(essevari düşüncələr)
Əlimiz çatmayan ən şirin şey xəyallarımızdır – uşaqlıq çağlarında da, gəncliyimizdə də, elə indi də. Bəlkə əlimiz çatmadığından belə şirindir?
Esmira Məhiqızının gerçək nağılındakılar elə bil bizim kənddə olub. Bu Esmira xanımın təxəyyülünün uğurudur. Doğrudan da Oğuz ellərinin insanları, obaları, evləri, dükanları bir-birinin eyniymiş. Ona görə də Esmira xanımın kəndinə kəndimiz deyəcəyəm, o kəndin qızlarına da bizim qızlar…
“Hörükləri keçi, donu dəhrəburnu çiçəkli, çəkmələrinin topuğunda pişiklər yatan, güzgülərə dil çıxardan ” bir qız kəndimizin dükanına qaçırdı –
“balaca qardaşlarına
kəndimizin dükanından üstü ayı şəkilli
20 qəpiklik vitaminlər almaq” üçün.
Deyəsən özünə vitamin almağa pulu çatmırdı. “Nənə pensiyasından cəmi bir manat verərdi” – beş vitaminlik. Mənə elə gəlir ki, beş balaca qardaşı vardı keçi hörüklü qızın….
Esmira Məhiqızı
Dükançı Qəfərin zarafatı o qız kimi məni də titrətdi. Belə zarafat olar?
“Lap atan kimisən, səndən yaxşı ata olar.”
Dükançı Qəfər o vaxtdan yerindən oynatmışdı donu dəhrəburnu çiçəkli qızı.
Esmira Məhiqızı duyğularımı, həyəcanlarımı fırtınanın qoynundakı gəmi kimi çalxaladı. Sözün sehri insanı halbahal edərmiş. Onda dükançı Qəfərin sözündən titrəmişdi ürəyi çəkmələrinin topuğunda pişiklər yatan qızın.
“Və bu sözlərdən hürküb güzgülərdə özümə baxardım,
baxıb pıçıldayardım ki,
-balaca qızdan da ata olar?” – düşünərdi güzgülərə dil çıxaran qız.
O vaxtdan bəri balaca qızcığaz bu suala cavab axtarmaqdadır. Elə mən də. Tapa biləcəyikmi?..
“At oynadan, it oynadan, ağaca çıxan, damdan baxan, saxladığı quşları fışqırıqla havaya buraxan” qız ata olmaq istəmirdi. “Onda atası sağ idi”…
O, hələ “balaca sərçə olmaq istəyirdi, gilas ağacının düz təpəsində. Sərçələrə həsəd aparırdı. Alyanaq gilələrə əlləri çatmayanda sərçələr yeyirdi o gilasları” Ona görə də “qollarını açıb uçmağı da vardı. Uçmaq istəyirdi. Gilas yemək istəyindən doğmuşdu sərçə olmaq istəyi” o qızın…
Eh, həyat, qəribə olsan da dözürük, amansızlığın olmayaydı barı. Sevdiklərimizi, qürur duyduqlarımızı bir andaca əlimizdən alırsan, sorğusuz-sualsız. Sevincimizi qıt, kədərimizi bol verməyi heç tərgitmədin… Balaca qızcığaz uçmaq istəyəndə “qanadını qırdın”, atasını əlindən alıb apardın… Bu biganələr səltənətində heç kəs görmədi, görsə də üzünü yana çevirdi, o qızın qanadının qırılmasını. Hərənin öz dünyası, öz qayğısı olan dünyada qanadsız yaşamaq uçmaq istəyənlər üçün fəlakətdir.
“Və… heç kəs görmədi,
mən qanadlarımı atamın tabutuna qoydum…
sonra da, sonra da… mən dönüb balaca qardaşlarıma ata oldum.
elə xəstə anama da ata oldum”.
Dükançı Qəfərin o vaxtkı zarafatı sərçələrin “amin” deyən vaxtınamı düşmüşdü. Bilmirəm. Sərçələr etibarlı, sadiq dostlarıydı axı o qızın, “amin” deməyə dilləri gəlməzdi.
“Sonra anladım ki,
bir qızın ata olması qədər ağrılı heç nə yoxxx, bu həyatda”.
O vaxtdan o qızın
“Qanadlarının yeri ağrıyır,
qanadlarının yeri ağlayır,
elə ağlayır ki…
heç çiynindəki mələklər də kiridə bilmir”…
Deyirlər dərd insanı müdrikləşdirir. Esmira Məhiqızı da müdrikdir. Poetik düşüncələri, müşahidələri və sözü məbədə çevirmək bacarığı ilə. Ona görə də onun söz sənəti qarşısında baş əydim.
Düşüncələrimi qələmə almağıma səbəb Esmira xanımın şeiri ilə yanaşı şair-qazi qardaşımız Rəfail Tağızadənin bir deyimi oldu : “Dərddən, ağrıdan yazandan yazmaq dərdi çəkmiş qədərdi”. Mən də “hörükləri keçi, donu dəhrəburnu çiçəkli, güzgüyə dil çıxarıb” dərdə boyun əyməyən o qızın dərdin azaltmaq istədim….
A.Blokun sözləridir: “Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır”. Esmira Məhiqızı bunu bacarır.
Ata olmaq bu dünyanın ən çətin işidir. Xüsusilə qızın ata olması. Bu mənəvi zülmdür. Tanrım, heç kimə belə zülm vermə!..
22. 02. 2021
Vaqif Osmanov
Müstəqil.Az