LƏNKƏRAN ƏDƏBİ MÜHİTİ DEDİKDƏ İLK YADA DÜŞƏNLƏRDƏN BİRİ ODUR-VAQİF HÜSEYNOV. Bu gün onun 85 yaşı tamam olur. Cəmi 49 il ömür sürən şair, yaddaşlarda, xatirələrdə həmişə cavan , qara , qıvrım saçlı , zarafatcıl, yaraşıqlı, qorxmaz qalan şairimiz, Allah sizə rəhmət etsin! ” Fəqət orda nəhəng vardır” , “Lənkəran qızları ceyran balası” , “Lənkəran deyəndə qabarır sinəm”…və s.şeirləriniz heç vaxt yaddaşlardan silinməyəcək.
Gözümü yumanda səni görürəm,
Gözümü açanda özümü, gülüm.
Səninlə əbədi qovuşmaq üçün,
Əbədi yumardım gözümü, gülüm!
V. Hüseynov
LƏNKƏRANDA bir şair vardı…
Bir şair vardı Lənkəranda…Daim narahat,üsyankar…Şeirləri ilə alov püskürən…Eyni zamanda ,duzlu,məzəli zarafatları ilə qəlblərə yol tapan…
1983-cü ilin payız ayları idi.Lənkəranda həmişəki payız yağışı yağırdı.Mən də ayağıma ağ rəngli məktəbli qolfisi geyinmişdim.15 yaşım vardı.Sən demə ,yağış suları corabıma sıçramış və ləkələr salmışdır.O vaxt qohumlarımızdan biri Lənkəran radio qovşağında diktor işləyirdi.Mən onun yanına gedəndə bir kişi ilə rastlaşdım və salam verdim.Kişi bədahətən şeir dedi. Heyif ki,şeir yadımda deyil,amma məzmunu belə idi ki,özün gözəl,corabın çirkli,bir-birinə uyğun gəlmir.Güldük…Qohumum dedi:
-Tanış ol,şair Vaqif Hüseynov.
Sonralar radio qovşağında tez-tez görərdim onu.Həmin anı yada salıb gülərdi.Orda işləyən qızlar çox istərdi onu.Adama elə gələrdi ki,heç dərdi-səri yoxdur.Birdən ölüm xəbəri gədi.1985-ci ildə…heç 50 yaşı yox idi…Lənkəran pedaqoji texnikumunda tədbir keçirildi və mən onun “Atam yaşındayam mən” poemasından bir parça əzbər dedim…
VAQİF HÜSEYNOV
Hüseynov Vaqif İbrahim oğlu 17 may 1936-cı ildə Lənkəranda anadan olub. 1953-cü ildə şəhər 3 saylı orta məktəbini bitirib.1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.”Leninçi “(indiki “Lənkəran”)qəzetində şöbə müdiri, Masallda “Çağırış”qəzetində şöbə müdiri,məsul katib,redaktor olub.Ədəbi yaradıcılığa məktəb illərində başlayıb.”Göylər” adlı ilk şeiri 1958-ci ildə”Azərbaycan gəncləri” qəzetində dərc olunub.İlk illərdə dövri mətbuatda Vaqif İbrahimi adı ilə çıxış edib.”Yuxuda zarafat” adlı pyesi Lənkəran Dram teatrında tamaşaya qoyulub.”Şərəf nişanı” ordeninə,2medala ,respublika Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb.1967-77-ci illərdə Masallı rayon sovetinin deputatı olub.Yaşadığı binaya xatirə lövhəsi vurulub.Adına Lənkəranda küçə var.Anadan olmasının 50,60,65,70 illik yubileyləri Lənkəranda geniş qeyd olunub. Əfsuslar olsun ki, 80 illik yubileyi qeyd olunmayıb.Bu il artıq 85 illik yubileyidir.
Sonralar tale elə gətirdi ki,onun qızı Xalidə xanımla universitetdə bir qrupda oxuduq,dostlaşdıq. Atasına layiq qızdır Xalidə Vaqifqızı.Universiteti fərqlənmə diplomu ilə bitirdi. 1996-cı ildə şairin 60 illik yubileyi şəhər 1 saylı orta məktəbdə və o zaman “Hirkan “adlanan özəl universitetdə keçirildi. Mən həm aparıcı,həm də Xalıdə ilə birlikdə təşkilatçı idim.
Bir şair vardı Lənkəranda…Daim narahat,üsyankar,şeirləri ilə alov püskürən…Eyni zamanda duzlu,məzəli zarafatları ilə qəlblərə yol tapan…
Ceyran Həsənova
Müstəqil.Az