Müstəqil.Az tanınmış yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru, İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin başqanı Aygün Həsənoğlu ilə müsahibəni təqdim edir:
– Aygün xanım, neçə ildir Türkiyədə yaşayırsınız?
– Altı ildir.
– Nəyə görə Türkiyəyə getdiniz?
-Yaşım 44-ə çatmışdı. İllərlə müharibəni gözləmişdim ki, müharibə olacaq, vuruşub borcumu ödəyəcəyəm. Müharibə olmadı, mən də yaşlandım. Bakıda şəxsi evim yox idi, 9 dəfə yer dəyişmişdim. Nə ədəbi, nə də təbliğati əsərlərimə dəstək vardı. Ən yaxşı halda ideyaları özününküləşdirib həyata keçirirdilər. Maaşım kirayə ev tutmağa imkan vermədi.
Hazırda İstanbulda həyat yoldaşımla birlikdə yaşayıram. Yaradıcılıqla məşğulam. Müntəzəm olaraq, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı konfranslar verirəm.
– Nəyə nail oldunuz, yaxud sizin sayənizdə nələri edə bildik?
–Azərbaycanda müəyyən işlər görə bilmişdim. Məsələn, 300 əsir-girovun xatirələrini təkbaşına hazırlamışam. Erməni cinayətlərini məhkəmə materialı səviyyəsində ortaya qoymuşam, ideya və layihə müəllifi olduğum “Erməni terroru” fotoalbomu 9 dildə çap olunub, dünyada yayılıb. Azərbaycanda Qarabağ həqiqətlərinin yayılması istiqamətində bu albomun böyük rolu oldu. Mətbuatda 100-ə qədər məqaləm çap olunub. 9 kitabım nəşr edilib və daha 10 kitabım nəşrə hazırdır. Girov alınıb geri verilməyən uşaqlar haqqında ssenarim və layihəm əsasında “Girov uşaqlar” sənədli filmi çəkilib. “Erməni sindromu” kitabım xeyli kitabın, məqalənin və verilişin hazırlanmasında rol oynayıb. Müharibənin içində müharibədən yazmışam. Qarabağ müharibəsini ilk dəfə səhnəyə gətirən dramaturqam.
Çalışmalarım sayəsində, işlədiyim Dövlət Komissiyası erməni vandalizmi mövzusunu Avropa Şurasına çıxardı. İlk dəfə Xocalı soyqırımının Ankara Keçiören bələdiyyəsi tərəfindən tanınmasına nail olmaqla Xocalı soyqırımının rəsmi tanınması hərəkatının başlanmasına təkan verdim. Bütün bunları heç bir mükafat, təqaüd, dəstək almadan etdim. Lakin Bakıda ev şəraitim olmadığına görə tək seçimim ola biləcək Türkiyəni seçdim.
Hazırda İstanbulda Azərbaycan məktəbinin tikilməsi üçün çalışırıq. Türkiyədə minlərlə azərbaycanlı uşaq təhsildən kənarda qalıb. Hətta 17-18 yaşında olub oxumaq-yazmaq bilməyənlər var. Azərbaycanlı uşaqlarla bağlı məsələnin Türkiyə parlamentinə çıxarılması üçün gündəmə alınmasına nail olmuşam. İstanbulda Kəmalə Cabbarova, Elşən İmanovla birlikdə İstanbul Azərbaycan Teatrı qurduq. Hazırda üçüncü tamaşa üzərində işləyirik.
–Türkiyə böyük ölkədir, qarışıqlıqdır. Necə baş çıxarırsınız? Çətin deyil ki?
-Mən hər zaman hər şəraitdən baş çıxara bilirəm. İndiyədək həyatımda heç nə asan olmayıb. Ona görə də çətinlik anlayışı mənim üçün yoxdur. Çətinlikdən qorxursansa, gedib məhəbbət romanları yazacaqsan, başqa işlərlə məşğul olacaqsan.
– Uzun müddət Azərbaycanda teatrda işləmisiniz, bir çox tamaşanız da oynanılıb. Amma deyəsən haqsızlıqla da üzləşmisiniz.
–İlk əsərim dövlət teatrında səhnəyə çıxanda 25 yaşım vardı. Sonra da əsərlərim oynanıldı. Amma nə Mədəniyyət və Turizm Nazirliyindən, nə də AYB-dən dəstək gördüm. AYB-yə daxil olanda artıq 5 əsəri dövlət və xalq teatrlarında səhnələşdirilmiş dramaturq idim. Buna baxmayaraq, AYB məni görməzliyə vurdu. Hətta AYB sədri Anar müəllim “Mənə qarşı bu münasibətin arxasında nə və kim dayanır” sualıma “Corc Buş!” deyə cavab vermişdi. Ondan sonra bir daha AYB tədbirlərinə getmədim və AYB üzvlüyündən və heç bir zaman iclası olmayan İdarə Heyətindən öz ərizəmlə çıxdım. AYB elə adama təqaüd vermişdi ki, 40 yaşında əl boyda bir kitab çap etdirib, içərisinə də 9 yaşında yazdığı şeirləri salıb…
-Elə tamaşalarınız var ki, səhnələşdirilməsini gözləmişik və gözlənti olaraq qalıb. Məsələn, Xocalı faciəsi ilə bağlı əsəriniz.
–Xocalı soyqırımını 3 pyes və 1 kinossenaridə, bir neçə hekayədə əks etdirməyə çalışmışam. Bu yaxınlarda 1992-ci ilin martında yazdığım pyesi oxudum. Doğrudur, pafos çoxdur, amma ümumi süjet xətti bu gün üçün də aktualdır, sabah üçün də aktual olacaq. “Adsız qadın” və “Çiçəklər açılanda” monopyeslərimi Şuşa teatrının aktyoru, xalq artisti Şükufə Musayeva oynamışdı. Ona heç bir maddi kömək göstərə bilmədim. Rejissorlar da yaxın durmadılar. Ümumiyyətlə, hamı o zaman bu mövzudan qaçırdı, ürəklərinin davam gətirə bilməyəcəyini deyirdi. Amma necə olur ki, mənim ürəyim davam gətirmişdi, Şükufə xanımın ürəyi davam gətirmişdi?!Bu gün də Kəmalə Cabbarovanın, Elçin İmanovun ürəyi davam gətirir… Demək, böyük işlər böyük ürəklərlə görülər! Kəmalə Cabbarova Azərbaycanda çox çalışdı, lakin dəstək almadı.
–Niyə dəstək verən olmadı?
-Yuxarıdan təlimat olmasa, heç kimin heç nə vecinə deyil. İstər vətənpərvərlik, dövlətçilik, istər Qarabağ-Xocalı mövzusu, istər hər hansı dahiyanə bir əsər olsun! Xocalı haqqında tamaşanın – dövlətimizdən heç bir vəsait almadan Kəmalə Cabbarovanın gərgin mübarizəsi və hər kəsi səfərbər etməsi nəticəsində Türkiyədə hazırlanmış bu tamaşanın Azərbaycanda göstərilməsi üçün kirayə haqqı istəyənlər, yuxarıdan tapşırıq gözləyənlər var.
-Aygün xanım, Türkiyədə haqsızlıqlarla qarşılaşmadınız ki?
– Əlbəttə, belə şeylər olub. Məsələn, universitetdə mərkəz rəhbəri deyir ki, Aygün xanım, mən sizi assistent kimi necə işə ala bilərəm, axı sizin kitabınız məndən çoxdur. Yaxud Avsam Vəqfi mənim türk dünyası mükafatı layihəmi indi müntəzəm paylayır. Amma mən tamam başqa şey demişdim, bunlar isə diplom paylayırlar. Ona görə də müdaxilə etmədim. Türkiyədə haqsızlıq olanda haqqını müdafiə edib hüquqlarını qoruya, üstəlik yüksək məbləğdə təzminat ala bilirsən. Sizə deyim ki, Türkiyədə görüləsi çox iş var. Televiziyada müntəzəm görünən bir Sevil Nuriyevadır, onun da arxasınca danışırlar. İş adamı Mübariz Mənsimovla bağlı yazılar da ürək ağrıdır. Mübariz Mənsimov mənə heç bir dəstək verməyib, müraciət də etdik, onunla görüşdürmədilər. Amma o, dünyada 5 gəmi şirkətindən birinə sahib olan azərbaycanlıdır, qədrini bilməli və qorumalıyıq. Bu gün dünya dənizlərində “Mübariz İbrahimov” gəmisi üzürsə, bununla qürur duymalıyıq. Bir sözlə, bir-birimizi sevməliyik ki, Allah da bizi sevsin.
–Dəfələrlə şahidi olmuşuq ki,türkün əzəli düşməni olan erməniyə qarşı ayrı-ayrı türk dövlətləri xoş münasibət sərgiləyirlər. Bunun harası dostluq oldu bəs?
-Erməni bizim düşmənimizdir, torpağımızı alıb. Onlar Türkiyədə qan tökdülər, layiqincə cavablarını aldılar. Türkiyə türkləri belə məsələləri silahla həll edir, düşmənçilik haqqında təbliğatla yox. Hər kəs öz dövlət mənafeyinə görə hərəkət edir. Məsələn, Türkiyədə ermənilər kütləvi informasiya vasitələrində və parlamentlərdə geniş yer tutublar. Bütün partiyalarda erməni millət vəkilləri var. Bizimkilərin isə Türkiyədə heç bir gücü yoxdur. Etiraf edək ki, biz gücümüzü özümüzlə mübarizəyə yönəldirik, onlar məqsədlərinə. İstanbulda iki Azərbaycan dərnəyi var, ikisi də iqdırlıdır, lakin biri o birinin tədbirinə getmir.
Azərbaycan Türkiyədən hərbi dəstək istəsə, Türkiyə bunu göndərər. Digər türk dövlətlərinə gəlincə, onların hələ Rusiya təsirində olduğunu unutmayaq. Qazaxıstan kifayət qədər fəallıq göstərir.
-Əsir və itkin düşmüşlərlə bağlı çox böyük bir layihəni gerçəkləşdirdiniz. Erməni vandalizminintanınmasında əziyyət çəkdiniz. Basqı, təhdid olmadı ki?
-Emailimə təhdidlər gəldi. Bir neçə dəfə güclü virus göndərdilər. İki dəfə kompüterimdəki yazılar silindi. Bu mənada əziyyət çəkdim. Amma mənə ən pis təsir edən söz bu idi: “Səni elə sizinkilər məhv edəcək”. Söyüş və təhqirlər vardı, heç biri bu cümlə qədər təsir etməmişdi. Həqiqətən də özümüzünkülərin həqarət və maneələri işimə daha çox mane oldu. Məsələn, “Erməni sindromu” kitabım 2005-ci ildə hazır olsa da, çap edilmədi.
Yaradıcılığa gəlincə isə,mənim ədəbi gəncliyim müharibə və terrorun od-alovu içinə düşdü. Bir-birinin arxasınca tamaşalarım səhnəyə qoyulanda bu gün AYB-də vəzifədə oturanların və ədəbi mühitdə olanların çoxu yox idi.
Hazırda Qarabağ mövzusu ilə bağlı işlərim davam edir. İstanbulda terror və soyqırımlar muzeyi açacağam. Bu muzeyde 3D görüntülü Xocalı muzeyi də olacaq. Burada dövlət səviyyəsində sərgilər təşkil edəcəyəm.
– Ədəbi yaradıcılıq nə yerdədir?
– Nizami Gəncəvinin 3 əsərini Türkiyə türkcəsinə uyğunlaşdırdım. İndi “İsgəndərnamə” üzərində işləyirəm. Nədənsə bizimkilər tərəfindən buna bir qısqanclıq var. Qurban Səidin “Altunsaç” əsərinin həm teatr, həm də kinossenari variantını hazırlamışam. Onun çəkilişi üçün danışıqlar aparıram. Uşaqlar üçün 10 seriyalı cizgi filmi ssenarisi yazmışam, bu günlərdə TRT-yə təqdim ediləcək. “Mələklərin qətli!” və “İçimizdəki O” adlı kinossenarilərimin çəkilməsi üçün də danışıqlar aparırıq. Eyniadlı romanları da çapa hazırlayıram. Uşaqlar üçün “Hər kəsin öz nəğməsi”, “Şahlıq dərisi” adlı romanları bitirdim, nəşriyyata təqdim etdim. İndi nağıllarımı təqdim edəcəyəm. İstanbul Azərbaycan Teatrında “Adsız qadın” pyesim göstərilir. Hazırda rejissorluğu təcrübədən keçirmək istəyirəm. Əslində, burada film çəkməyi təklif etdilər, mən də qəbul etdim.
– Türkiyədə azərbaycanlıların problemləri çoxdurmu?
– Son 10 ildə Türkiyəyə 400 mindən artıq azərbaycanlı gəlib. Böyük problemlərlə qarşı-qarşıya qalanlar var. Pasport, oturma izni vaxtı keçənlərin övladları məktəb görməyiblər. Çünki sənədləri yoxdur. Bundan başqa, elə indi də elələri var ki, ailə ilə gəlib yerləşir, amma 7 aydır oturma izni məsələsini həll etməyib. İndi hər birinə görə 1500 manat cərimə ödəyəcək. Xüsusilə, müəllim və sənət adamları üçün iş tapmaq çətindir. Çalışıram ki, dərnəyimizin ətrafına toplayım, özümüz öz işimizi yaradaq. Şərqiyyə Məmmədova da bir kiçik məktəb açıb, uşaqlarımıza ilk təhsili verir. İxtiyar Abdal bu məsələdə böyük fəaliyyət göstərir. Azərbaycan Kültür Evi də bu mövzu ilə əlaqədar məktublar yazıb. İstanbul Türkiyə Azərbaycan Dərnəyi də bu sahədə ciddi işlər görür.Türkiyə baş nazirinə problemin çatdırılmasına nail olmuşam. İnşallah, Azərbaycan dövlətinin də köməkliyi ilə bu problemi birlikdə həll edərik.