Sabir Yusifoğlunun 60 yaşına
Sabirin səhər- səhər oxuduğum bir şeiri yazdırdı bu yazını…
Nə uzun yol imiş, Allah,
Qələmdən ağ vərəqəcən.
Tikanlar didir qəlbimi
Bircə sözü dərənəcən.
Bilmirəm, bu nə sirri- xudadır, nə qədər Sabir adında yaradıcılığına bələd olduğum, oxuduğum və tanıdığım qələm adamı varsa, hamısının ruhunda bir dərvişlik, divanəlik, zatı- pakında bir halalıq gördüm ,sözlə halal ünsiyyət, ŞAİRLİK gördüm.Ta M.Ə.Sabirdən üzü bu yana; Sabir Sarvan, Sabir Bəşirov, Sabir Adil, Sabir Yusifoğlu…
Sabir Yusifoğlunu 1988- ci ildə “Dəniz” ədəbi məclisinin məşğələlərində gördüm və tanıdım.Necə tanıdımsa, eləcə də gördüm.Sabir sözün gerçək mənasında ŞAİRdir.O, nədən yazır yazsın, hansı mövzuya toxunur, toxunsun, ilhamını zorlamır, sözə əziyyət vermir, söz ovuna çıxmır, qafiyəpərdazlıq eləmir.İlham hara çəkirsə, o səmtə gedir.Ürəklədi onun işi, nə yazırsa ürəyiylə yazır.
Gülün,çiçəyin ətrini
Küləkdən alırıq daha.
Ürəkdən yaşamaq olmur,
Ürəkdən ölürük daha.
Bütün ürək adamları, duyğu insanları bu dünyanın malına – mülkünə, alına-yaşılına deyil, sirrlərinə vaqif olur, mənasına vurulur ürəkdən.Yaşayanda da, öləndə də ürəkdən ölür…
Bütün şairlər kimi çöldə nə qədər dostu- tanışı olsa da, içdə o qədər təkdir, tənhadır.
Sən mənə çox fikir vermə,
Bir az köhnəlmiş kişiyəm.
Ağlına belə gəlməyən
Dərdlə yüklənmiş kişiyəm.
…Bir günüm bir ömrə yetər,
Bu ömür də bir gün bitər.
Dünyada Allahdan betər
Təkəm,təklənmiş kişiyəm.
“Gözlərindən duyanı”, “simsarı, həyanı” yoxdur.
Anam bilməz,bacım bilməz,
Bir həkim, münəccim bilməz.
Qaraçıya açım – bilməz,
Ürəyimin ağrısını.
Sabir külli- kainatın fövqündə durub bəşəri ideyalarla uğraşır.Onun işi çətindi, çünki o xırda, məhəlli söhbətlərdən, kibrinin, kininin içində batıb- boğulan məhəlli düşüncəli cılız “şair”lərdən fərqli düşünür, görür və yazır.
Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağını keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.
Bilmirəm, bəlkə dərdin aşinası, qəmin simsarı olanların alnına alayı cür yazı yazır yaradan.İnsan o zaman dünyanı və Allahı tam dərk edib, onun necə güclü , özünün isə o mərtəbədən baxanda çox kiçik, toz zərrəsi olduğunu anlayır ki, ölüm qarşısında çarəsiz, əliyalın qalır.Sabir o məqamı yaşayıb, o ağrıların içində buğda dənəsi kimi qovrulub,o dərkə varan yolu keçən şairdir.Hər misrasında bir hönkürtü duyursan.Gah bu dünyanın naqolay işlərinə gülə- gülə ağlayır, gah da ağlaya- ağlaya gülür. Bəzən dizlərinə çırpdığını da görürsən və onunla birgə sən də dizlərinə çırpırsan.Şairlik budur məncə…
Atdınız- gəmidən artıq yük kimi,
Elə bildiniz ki, batıb gedəcəm.
Sizə səsim çatar,əlim uzanmaz,
Bir saman çöpündən tutub gedəcəm.
Unutdum təklikdən darıxmağı da,
O küncə, bu küncə vurnuxmağı da.
Aldadıb dərd adlı bir axmağı da,
Görsəm ki, vaxt- vədə çatıb gedəcəm…
Dərddən bu cür intiqam almaq, dərdi bu şəkildə yandırıb yaxmaq, şairlikdir, ŞAİR işidir…
Gözəl şeir insan ağlının dünyaya heyrətinin məhsuludur.O, heyrət bitəndə şeir də bitir.İstedadlı insanlarda özünəəminlik,özünəinam olur həmişə.Çünki o yazdıqlarına inanır və inadırır…
Sənə yaxın olmağın da
Uzağı buymuş ,öyrəndim
Dünyanın hər üzü gözəl,
Içini gördüm,iyrəndim.
Hər bir şairin özünün tapındığı həqiqətlər var.Sabir də bütün şairlər kimi öz həqiqətlərinə inanır.Bu dünyada HAQQA söykənib mərifətdən həqiqətə doğru yol alıb.Qələm onun üçün müqəddəsdir, söz onun üçün ilahi nemətdir.Bəlkə də dünyəvi neməti tükənsə dözər, dayanar, amma ilahi neməti, SÖZÜ tükənsə dözməz,tab eləməz.
Sözü işlətmədim, bala
Mən sözə qulluq elədim.
Dayanıb Allahım ilə
Üz- üzə qulluq elədim.
Qapısına necə getsən
eləcə də yola salar.
Söz ilə oynama, bala
Söz də səni ələ salar.
Sabirin Vətən sevgisi də, ilahi sevdası da elə Sabiranədir.Özünəxas, özünəməxsus.Xarakteri kimi….
Büdrədim,yıxıldım yenə,
Qalxıb sarıldım Vətənə.
Sevib vuruldum Vətənə,
Vurulub çıxdım qırağa.
Bu da Sabirin “adamlar” haqqında qənaəti:
Şirin- şirin söhbətləşir
Sözü olmayan adamlar.
Biri- birini
Görməyə
Gözü olmayan adamlar.
…Özü özüyçün darıxar,
Baxıb güzgüyə karıxar.
Evdən hansı üznən çıxar
Özü olmayan adamlar?
Fərqli yazır, hər şeydə- çiçəkdə, güldə, daşda, ağacda, yarpaqda, otda məna axtarır,kəpənəklə,qarışqayla dərdləşib, onları danışdırır, dindirir və onlarla poetik dildə danışır….
Dən boydadı yer kürəsi gözündə,
Qarışqayıq hamımız yer üzündə.
Çiynindəki bu dünyadan bezəndə,
Dartıb qəbrə endirərsən,qarışqa.
Sabir yaddaşımıza heca- heca, misra- misra hopan şairlərdəndir.
Getdim,dalımca gələrsən,
Nə çəkdiyimi bilərsən.
Birdən aldanıb eləsən,
Bax ha… sözə baxan yoxdu.
Bilmirəm, Sabirlər bəlkə Allahla adaş olduqları üçün bu dünyada daha çox sınağa çəkilir, daha çox təklənirlər.Talelərində bir natamamlıq, narahatçılıq, nigarançılıq olur.Tanrıyla adaş olan insanların yolu daşlı- kəsəkli, ürəyi qırıq olur.Sabirin də ürəyi qırıqdı…Vətən torpağının bütövlüyü uğrunda gedən savaşda o da ruhunun bir parçası, canından ayrılan canını,qardaşının itkisiylə sınağa çəkildi…Bütün ağrılara sinə gərən adamı bu ağrı, nagahan atılan daş parçasından sınan güzgü kimi cilik- cilik etdi…
Ana, qolların qırılsın,
qucaqla gələn oğlunu.
Son nəfəsdə qızlarının
üzünə gülən oğlunu.
Ömrünü ölüm uzadıb,
saralan gülün uzadıb,
yuxuma əlin uzadıb
gözümü silən oğlunu.
Sabirin bütün ürək ,hiss, duyğu adamları kimi bəzən yaşadığı həyata, əhatəsində dolaşan ikiüzlü “dostlara”,hətta yaradanın özünə də asi olduğu vaxtları olur…Amma hansı ovqatda olur,olsun,onun üçün vətən,bayraq,turan sevdası anlamı dəyişmir…
Bu divar durub neyləsin,
Bircə belini əyməsin.
Vətənə soyuq dəyməsin
Çiynimi verdim divara.
Onunçün ŞƏHİD də VƏTƏNDİ, ŞƏHİD balası da VƏTƏN əmanətidi:
…Qan ətrini duyan varmı
Bu yazın yağışlarından?!
Deyəsən, heç Allah da
Gözünü yayındıra bilmir
Şəhid balasının baxışlarından!..
Bu gün onun dünyayla tanışlıq günüdür. Bilmirəm bu tanışlıq dostluğa çevrilə bildimi,yoxsa,yox,amma bircə onu bilirəm dünyayla dost olmaq,faniyə aldanmaq, şair işi deyil…Həm də hər gəliş bir bayramdır, deyirlər.Dünyayla tanışlıq günün mübarək,SABİR.
Onu elə özünün poetik dilində,təbirincə təbrik etməyi qərara aldıq.
Yenə mesaj göndəribsən
nəyinsə sonudur demək.
Ad günümü unutmuşdum,
hə, ayın onudur demək…
*
Ölmək istəyən dostları
Yaşadan dostlar yaşasın.
Öz ürəkləri istəyən
Yaşacan dostlar yaşasın.
…Yan keçsin dərdlər,qurşunlar
Dünya durduqca dursunlar
Başacan dostlar yaşasın!..
Gülnarə Cəmaləddin
AYB Sumqayıt bölməsinin sədri